• TƏHLİL

    16:57 10 avqust 2019

Dövlət siyasətinin ana xətti: İnsan amili, vətəndaş rifahı - TƏHLİL

2019-cu il Azərbaycan insanın sosial həyatında mühüm hadisələrlə iz buraxacaq, dövlətin tarixinə isə sosial sahədə inqilabi islahatlar ili kimi düşəcək. İlin əvvəlindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə mühüm addımların atılmasına başlanılıb. Prezident İlham Əliyev il başlayandan müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin güclənməsi, xüsusən həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, əlillərin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayıb.

Bu fərman və sərəncamlar əsasında hazırlanan və həyata keçirilən sosial paketlər isə sadə vətəndaşın rifahına birbaşa təsir göstərir, hər kəs artımların şəxsi büdcəsinə təsirini aydın hiss edir.

Dövlətin yürütdüyü sosial siyasət xəttini izlədikdə bu prosesin davamlı olduğunu sezmək heç də çətin deyil. Prezident İlham Əliyevin 2018-ci ilin sonlarında bəyan etdiyi sosial siyasət istiqamətlərinin 2019-cu ilin əvvəlindən ardıcıl şəkildə icra edildiyini müşahidə edirik. Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. 2019-cu ildə 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə - birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artıb və artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da maaşlarında ciddi artımlar baş verib, onlar da artıq sentyabrın 1-dən maaşlarını artımla almağa başlayacaqlar.

öründüyü kimi, bu ilin yanvarından başlayan sosial siyasət islahatları davam edir və ilin sonuna kimi də davam edəcək kimi görünür. Bu prosesin davamlı olduğunu göstərən digər amil odur ki, iyulun 31-də Prezident yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısı bu məsələlərə necə diqqət və həssaslıqla yanaşdığını bir daha ortaya qoydu. Prezidentin müşavirədəki çıxışı və proqram xarakterli tövsiyə və tapşırıqları sosial siyasətin, vətəndaşların rifahının, həyat şəraitinin yaxşılaşdırılmasının dövlət siyasətinin əsas istiqamətlərindən olduğuna bir daha əminlik yaradır. Bu siyasət dövri və ya mövsümi deyil, ardıcıldır, dövlət siyasətinin ana xəttidir, insan amilinə, vətəndaş rifahına hesablanıb.

Bu cür irimiqyaslı sosial paketlərin icrası üçün, dövlət başçısının da müşavirədə qeyd etdiyi kimi, təbii ki, böyük maliyyə vəsaiti tələb olunur. Ölkənin iqtisadi çiçəklənməsi, əhəmiyyətli maliyyə gəlirləri olmadan bu sosial siyasət belə uğur qazana bilməzdi. Azərbaycanda makroiqtisadi sabitlik təmin olunub. Bu ilin altı ayında ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Ölkədə cəmi 2,5 faiz inflyasiya qeydə alınıb. Əhalinin gəlirləri 6,6 faiz artıb. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə plandan əlavə 440 milyon manatdan çox vəsait yığılıb. Büdcə daxilolmaları ilə yanaşı, ölkənin valyuta ehtiyatları da artır. Azərbaycanın valyuta ehtiyatları rekord həddə - 49 milyard dollara çatıb. Bu ilin altı ayında isə valyuta ehtiyatları 4 milyard dollar artıb.

Ölkənin valyuta ehtiyatlarının artmasında təbii ki, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu transmilli layihələrin də ciddi payı var. Qeyri-neft sektorunun tərəqqisinin diqqət mərkəzində olması ilə yanaşı, hazırda ölkənin iqtisadi inkişafında neft-qaz sektorunun əsas rol oynadığı məlumdur. Bu sahədə də çox önəmli addımlar atılıb. Digər layihələrin icrası davam etdirilməklə yanaşı, artıq Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı da çox əhəmiyyətli işlər görülüb. Hazırda Cənub Qaz Dəhlizinin icrası sona yaxınlaşır, artıq sonuncu seqmentin icrası başa çatır. Bu tarixi layihənin - Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması nəticəsində Azərbaycan kifayət qədər ciddi gəlir əldə etməyə başlayacaq.

Paralel olaraq xarici dövlət borcu da əhəmiyyətli dərəcədə azaldılıb. 2019-cu il ərzində xarici borc 4 faiz düşüb, təxminən 19 faiz səviyyəsindədir. Bu isə dünya miqyasında ən yaxşı göstəricilərdən hesab olunur. Diqqət edilməlidir ki, bəzi ölkələrin xarici borcu, əsasən, ümumi daxili məhsula bərabər, bəzən isə artıq olur. Azərbaycanda isə bu rəqəm 19 faizdir. Bu xüsusda manatın məzənnəsinin uzun müddətdir sabit qalması da mühüm amil kimi qeyd olunmalıdır.

Məhz həyata keçirilən düzgün iqtisadi siyasət nəticəsində ölkənin maliyyə ehtiyatları əhəmiyyət dərəcədə artıb, bu isə öz növbəsində, yuxarıda sadalanan sosial paketlərin icrasını mümkün edib.

Dövlət tərəfindən atılan addımlar təbii ki, vətəndaşlar, sadə insanlar tərəfindən rəğbətlə qarşılanır. Onlar son illər dövlətin qayğısını, himayəsini daha artıq hiss etməyə başlayıblar. Sosial problemləri həll olunduqca, rifah halı yüksəldikcə, vətəndaş da dövlətinə daha çox güvənir, ölkəsinin daha da güclənməsinə o da töhfəsini vermək istəyir. Bu güvənc, bu inam isə nəticədə dövlətlə vətəndaş arasında bir doğmalıq, sarsılmaz bağlılıq yaradır.

Dövlətin, dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasət belə deməyə əsas verir ki, dövlət siyasətinin daim ana xəttini təşkil edən, son vaxtlar isə daha da önə çıxan sosial sahəyə diqqət və dəstək davam etdiriləcək. Prezident İlham Əliyev də hər zaman sosial sahəyə diqqətin artırılmasını, insanların həyat şəraitinin yaxşılaşdırılmasına, rifahının yüksəldilməsinə imkan verən sosial layihələrin icrasını önə çəkir, bu layihələrin reallaşa bilməsi üçün ölkənin maliyyə imkanlarının, valyuta ehtiyatlarının, büdcə gəlirlərinin artırılması istiqamətində addımlar atılmasını qarşıya məqsəd kimi qoyur. Məhz dövlətin yürütdüyü iqtisadi siyasətin düzgünlüyü nəticəsində bu gün bu məqsədlərə nail olmaq mümkün olur.

Bundan başqa, həm dövlət başçısının özünün və birinci Vitse-prezident Mehriban Əliyevanın sosial məsələləri diqqətdə saxlaması və həll etməsi, həm də Prezidentin dövlət strukturlarına, məmurlara insanların problemlərinə həssaslıqla yanaşmalarını tapşırması ümumilikdə dövlətin sosial siyasət, insanların rifahının yüksəldilməsi, onların problemlərinin həlli istiqamətində səfərbərliyinin göstəricisi kimi də dəyərləndirilə bilər.

Bütün bunlar deməyə əsas verir ki, bu siyasət ardıcıl və davamlı olacaq, insanların həyat şərtlərinin daha da yaxşılaşmasına xidmət edəcək. Ən əsası odur ki, bunun üçün siyasi iradə və ölkənin kifayət qədər maliyyə imkanı var.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR