• TƏHLİL

    17:46 1 may 2020

DTX-nın əməliyyatlarına rəğbətin sirri: Prezidentin məmur özbaşınalığına qarşı mübarizə ilə bağlı əzmini xalq dəstəkləyir - TƏHLİL

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Biləsuvar rayonunda keçirdiyi sonuncu əməliyyat da media və sosial şəbəkələrdə geniş rezonansa səbəb olub.

Əməliyyat Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin maddi yardıma ehtiyacı olan şəxslərə ayrılmış sosial yardımı mənimsəməsi, sahibkarlardan rüşvət toplaması, işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün əməkhaqqı kartlarına köçürülən məbləğin mənimsənilməsi, rayonda təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyinə və s hallar barədə daxil olmuş məlumatlar əsasında keçirilib.

İcra başçısı xidməti otağında növbəti dəfə rüşvət alandan sonra məhkəmənin qərarı əsasında keçirilmiş baxış zamanı həmin pul vəsaitləri, aparılan araşdırmalarla bağlı iş üzrə əhəmiyyət kəsb edən müxtəlif sənədlər və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, xalq arasında şərti olaraq “qara maskalılar əməliyyatı” kimi adlandırdığı bu əməliyyatlar son bir neçə ayda Neftçala, Yevlax, Ağstafa, İsmayıllı rayonlarında da keçirilib. Hətta bir çox sosial media iştirakçıları tərəfindən DTX-nin əməliyyat keçirilərkən xüsusi formada olan əməkdaşları “xilaskar mələk” adlandırılıb və fotoları paylaşılıb.

Prezident İlham Əliyevin dəfələrlə ictimaiyyət qarşısında etdiyi xəbərdarlıqlara baxmayaraq, yerlərdə bəzi məmurların qanundankənar əməlləri sosial narazılıq yaradır. Bu baxımdan, “qara maskalı”ların keçirdiyi əməliyyatlar böyük əksəriyyət tərəfindən alqışla qarşılanır və prezident Əliyevin sözü ilə əməlinin üst-üstə düşməsinin bird aha təsdiqi olur. Prezident bir neçə dəfə məmurlara qanunsuz əməllərə son qoymağı, heç kimə qanun qarşısında güzəşt tanınmayacağı ilə bağlı xəbərdarlıq edib və bu cür əməllərdən çəkinməyənlərin cəzalandırılacağını bildirib.

Biləsuvarda həyata keçirilən son əməliyyat da sosial şəbəkələrdə və mətbuatda ən çox müzakirə olunan məsələyə çevrildi. Sosial şəbəkələrdəki reaksiyalardan hiss olunur ki, hadisə cəmiyyətə “müsbət inpulslar” ötürüb. Eyni zamanda hələ də "qara maskalılar"ı öz şəhərində, rayonunda gözləyənlər də var.

Ümumiyyətlə, DTX rəhbərliyindəki son kadr dəyişikliyindən sonra bu strukturun işində ciddi canlanma və dönüş hiss edilir.

Dövlətin milli təhlükəsizliyinin qorunmasının əsas mərkəzlərindən olan bu qurumun “MTN əməliyyatı”ndan sonra itirilmiş nüfuzunun çox ciddi əməliyyatlarla geri qayıtması müşahidə olunur.

Xüsusi vurğulamağa ehtiyac var ki, son dövrlərdə DTX-nin heç bir əməliyyatında “şübhəli şəxsin əldən qaçırılması”, və ya hər hansı insidentin baş verməsi müşahidə edilməyib. Xüsusilə hər kəsin bir-birini tanıdığı rayon yerlərində bu cür əməliyyatların dəqiqliklə, heç bir faktın məhv edilməsinə, hər hansı şahidin və ya şübhəlinin qaçmasına imkan vermədən keçirilə bilməsi peşəkarlıq tələb edir.

Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluq, məmur özbaşınalığı, məmurların qeyri-təvazökar davranışlarına qarşı sərt mövqeyini ictimaiyyət qarşısında açıq səsləndirir. Çəkinmədən demək olar ki, icra orqanlarındakı qanunsuzluqlar barədə ən sərt tənqidi mövqeni elə prezident özü vurğulayır və bu halların aradan qaldırılması üçün həm hüquq-mühafizə və xüsusi xidmət orqanlarının, həm də medianın, digər ictimai nəzarət institutlarının öz funksiyalarını yerinə yetirməsinin vacibliyini dəfələrlə vurğulayır.

Ona görə də xalq DTX-nin keçirdiyi əməliyyatların məhz prezident İlham Əliyevin qarşıya qoyduğu tapşırıqlar əsasında olduğunu, prezidentin ölkədəki qanunsuzluqların aradan qaldırılması ilə bağlı siyasi iradəsinin hüquqi inikası olduğunu yaxşı bilir…

“Qara maskalı”ların əməliyyatlarına olan rəğbət də məhz Prezident İlham Əliyevin rüşvətxorluğa, məmur özbaşınalığına qarşı mübarizənin aparılması ilə bağlı siyasi iradəsinin xalq tərəfindən dəstəklənməsinin göstəricisidir.

APA Analitics

ONA

Teqlər:

SON XƏBƏRLƏR