• TƏHLİL

    19:10 19 iyun 2024

Ermənistan Fransanın neokolonial siyasətinin mərkəzində - Paris Cənubi Qafqazı qarışdırmaq istəyir - TƏHLİL

Ötən gün Fransa Ermənistanla, əslində isə Cənubi Qafqazda planlaşdırdığı gələcək eskalasiya ilə bağlı 2 mühüm addım atdı.

Bu addımlardan birincisi Ermənistana “CAESAR” özüyeriyən artilleriya sistemlərinin satılması ilə bağlı Fransanın müdafiə naziri Sebastyan Lekornun paylaşımı idi.

Bundan əvvəl, İrəvanı silahla təmin edən zaman rəsmi Paris həmin silahların müdafiə xarakteri daşıdığını, Ermənistanın təhlükəsizliyini möhkəmləndirmək niyyəti ilə atıldığını bildirirdi. Amma bütün parametrlərinə görə, hücum təyinatlı olan “CAESAR” artilleriya qurğusunun tədarükü əslində Fransanın yalanını ortaya qoydu. Bu sazişlə Ermənistanı militarizasiya etməyin növbəti, təhlükəli mərhələsinə qədəm qoyan Paris Cənubi Qafqazda destabilizasiyada maraqlı olduğunu, Ermənistanı silahlandıraraq onun revanşizminə açıq dəstək verdiyini, prosesin baş sponsoru olduğunu ortaya qoydu. Və bu addım, Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı əldə edilən müəyyən irəliləyiş fonunda atıldı.

Fransanın məkrli və qan qoxan Cənubi Qafqaz planları ilə bağlı dünən atılan ikinci addım isə ölkənin 100-ə yaxın tanınmış simasının Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Prezident Emmanuel Makrona müraciət ünvanlaması oldu. Məktubda Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğu iddia olunaraq, Makrondan “Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" xahiş olunurdu. Müraciətin əsas məğzi isə Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırışdan ibarət idi.

Göründüyü kimi, rəsmi Paris Ermənistanı silahlandırmaqla kifayətlənməyib, regionda hərbi mövcudluğunu kontingent göndərməklə möhkəmləndirməyi planlaşdırır. Rəsmi Paris bu niyyətini Ermənistanın guya mövcudluğuna təhdidi aradan qaldırmaq adı və Azərbaycanafob, türk düşməni Paris meri Ann İdalqonun başçılıq etdiyi 100-ə yaxın tanınmış simanın müraciəti əsasında əsaslandırmağa, legitimləşdirməyə çalışır. Əslində isə Ermənistanın militariziasiyadı da, Azərbaycanın bu ölkəyə guya hücum riski ilə bağlı informasiya diversiyası da, indi isə fransız hərbçilərinin Ermənistan göndərilməsi planları vahid mərkəzdən – Makron administrasiyasından idarə olunur.

Dənizaşırı müstəmləkələrində, Afrikada ciddi reputasiya itkisi, yerli xalqların azadlıq mübarizəsi ilə üzləşən Paris bu regionlarda itirdiyini Cənubi Qafqazda əldə edəcəkləri ilə kompensasiya etməyə çalışır. Bunun üçün də regionumuzun ən zəif bəndi, halqası olan Ermənistanı seçib. Rəsmi İrəvan 30 illik müstəqillik dövrü ərzində dövlət anlayışları, institutları tam formalaşdıra bilmədiyi, daim özünə himayədar dövlət axtarıb ona sığınmağı üstün tutduğu, zəif və iradəsiz hakimiyyətin hökm sürməsi səbəbindən yeni müstəmləkə kimi Fransa üçün ideal seçimdir. Eyni zamanda, Rusiya ilə müstəqillik əldə etdiyi zamanda etibarən “ağa-nökər” münasibətlərində olan Ermənistanın hazırda yeni himayədar axtarışında olduğunu da Paris bilir.

Amma rəsmi İrəvan anlamır ki, Fransa ilə bu səpkidə yaxınlıq, onun Cənubi Qafqazda forpostuna çevrilmək, militarizasiya və revanşizmə təşviq edilən siyasəti onun milli maraqlarına tam əksdir. Xüsusən, Azərbaycanla normallaşma prosesində müəyyən irəliləyişlərin olduğu, delimitasiya işləri nəticəsində 12,7 kilometr uzunluğunda sərhəd xəttinin müəyyən edildiyi məqamda Ermənistanın öldürücü silahlar alması və Fransa kontingentinin ölkəyə gətirilməsi ilə bağlı informasiya fonunun hazırlanması regionda sülh üçün geri atılmış addımlardır.

Bu geriləmə təkcə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasında problemlər yaratmayacaq, eyni zamanda rəsmi İrəvanın bərpa etməyə can atdığı Türkiyə ilə normallaşma prosesinə də əks-təsir göstərəcək. Nəticə isə Ermənistanın yenə də regional autsayder, qonşuları ilə münasibətə qura bilmədiyi üçün dalanda qalan ölkə kimi qalmasına zəmin yaradacaq.

Rəsmi Bakı da Ermənistan-Paris xəttində gedən prosesləri diqqətlə izləyir. Ötən gün Azərbaycan Müdafiə Nazirliyinin Ermənistana “CAESAR” özüyeriyən artilleriya sistemləri alması ilə bağlı etdiyi xəbərdarlıq vəziyyətin ciddiliyindən xəbər verir.

“BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa tərəfindən qanlı hərbi təcavüz törətmək təcrübəsi olan Ermənistanın yenidən silahlandırılması və Ermənistan rəhbərliyinin revanşizm siyasətini dəstəkləməsi siyasi məsuliyyətsizlik olmaqla bərabər yeni müharibəyə aparan yoldur. Bəyan edirik ki, Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə və yeni müharibə ocağının yaranmasına görə məsuliyyəti tam şəkildə revanşist siyasət yürüdən Ermənistan rəhbərliyi və Makron diktaturası daşıyacaqdır", - bəyanatda deyilir.

Odur ki, Makron hakimiyyətinin diktəsi ilə aparılan siyasətin davam etdirilməsi halında Ermənistanı Suriyanın taleyi gözləyə bilər. Bundan başqa, Fransanın ölkədə hərbi mövcudluğu Rusiya və İran kimi ciddi regional oyunçuların maraqlarına, geosiyasi ambisiyalarına tamamilə zidd olacaq. Bunun doğuracağı adekvat reaksiya İrəvanın qaldıra bilməyəcəyi yükə çevrilə bilər.

Ona görə, Ermənistan hakimiyyəti Fransanın avantüralarına qoşulmaqla strateji səhv etdiyini, geridönüşü olmayacaq yola qədəm basacağını anlamalıdır. Rəsmi İrəvan anlamalıdır ki, Fransanın addımları Cənubi Qafqaza yalnız yeni müharibə və fəlakət gətirəcək, Ermənistan isə bu fəlakətin mərkəzində, poliqon rolunda olacaq. Ona görə atılan hər bir addımın geosiyasi risklərini hesablamalı, regional problemlərin regiondan kənar oyunçular vasitəsilə həll edilə bilməyəcəyini dərk etməlidir. Bunun üçün də Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə, danışıqlara zərbə vuracaq addımlardan çəkinməli, üçüncü tərəflərin diktəsindən uzaq durmalıdır. Yalnız bu halda Cənubi Qafqaza qalıcı və ədalətli sülh dövrü qədəm basa bilər.

Amma rəsmi İrəvanın Fransa ilə mövcud hərbi-siyasi xətti davam etdirəcəyi təqdirdə Cənubi Qafqazda yeni qanlı münaqişənin başlanması sadəcə zaman məsələsi olacaq və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR