Ermənistanın “mina terroru” davam edir. Bu gün Şuşanın Daşaltı kəndində 2 mülki şəxs minanın partlaması nəticəsində həlak olub.
Hadisə ilə bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaydığı açıqlamada diqqət çəkən məqamlar var. Açıqlamada bildirilir ki, ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib. Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip sürprizlər bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
Görünən budur ki, düşmən Azərbaycana qarşı gizli müharibəni davam etdirir.
Bu tip “sürpriz-minalar”dan, adətən, diversiya, terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
Ermənistan Azərbaycanın işğaldan azad olunan digər ərazilərinin mina sahələrinin xəritələrini ötən həftə Bakıya təqdim edib. Lakin bu xəritələrin qeyri-dəqiq olduğunu, Ermənistanın özünü dürüst aparmadığını bugünkü hadisə bir daha təsdiqləyir.
ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov Ermənistanın təqdim etdiyi mina xəritələri ilə bağlı elə dünən verdiyi açıqlamada bildirmişdi ki, mina sahələrinin formulyarlarında, adətən, ərazinin koordinatları, basdırılmış minaların növləri, sayı, ara məsafələri, basdırılma və gizlətmə qaydalarına dair məlumatlar qeyd olunur: “Lakin bildirmək istərdim ki, təqdim edilmiş formulyarlarla ilkin tanışlıq onların etibarsız, yararsız və qeyri-dəqiq olması təəssüratını yaradır. Məlum olduğu kimi, Ermənistan tərəfi müvafiq beynəlxalq məhkəmə işləri çərçivəsində məsuliyyətdən yayınmaq məqsədi ilə bütün mina sahələrini əhatə edən formulyarların verildiyi iddiası ilə çıxış edir. Ancaq Ermənistan tərəfindən təqdim edilmiş formulyarların işğaldan azad edilmiş bütün əraziləri tam şəkildə əhatə etməsi ilə bağlı da ciddi narahatlığımız mövcuddur”.
Göründüyü kimi, ANAMA rəhbərinin narahatlığı əbəs deyilmiş, Ermənistanın “mina terroru” nəticəsində bu gün daha iki günahsız mülki şəxs həlak oldu.
Bundan əvvəl Ermənistanın Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə təqdim etdiyi mina sahələri üzrə məlumatlarının dəqiqliyinin də 25% təşkil etdiyi açıqlanmışdı. Belə görünür ki, Ermənistan qeyri-səmimi, düşmən davranışını davam etdirir.
İrəvan bu fəaliyyəti ilə beynəlxalq hüququ da hörmət etmir. Ermənistan "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 10 oktyabr 1980-ci il "Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında" Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur. BMT-nin 1999-cu ildə qəbul etdiyi "Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında" Konvensiyanın müddəaları da Ermənistan tərəfindən pozulur. Sözügedən konvensiyaya əsasən, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi, piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürür.
Vurğulayaq ki, 30 il ərzində Ermənistanın hərbi-siyasi rəhbərliyi bütün qanunlara hörmətsizlik nümayiş etdirib. İşğal olunmuş ərazilərdə minalar elə quraşdırılıb ki, (altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina), hadisə zamanı minaya düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu kombinasiyanın məqsədi, həm də daha çox insan öldürmək üçün partlayışın dalğasını maksimum böyütməkdir.
Ermənistan işğal etdiyi ərazilərdə hərbi təyinatı olmayan əraziləri də minalayıb, bircə bu faktın özü Ermənistanın terrorçu xislətindən xəbər verir.
Problem həm də ondadır ki, Ermənistan indiyə kimi Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Azərbaycan qələbə qazanıb, ərazi bütövlüyünü bərpa edib, lakin İrəvan sülh sazişini imzalamaqdan müxtəlif bəhanələrlə imtina edir. Kapitulyasiya aktına imza ataraq biabırçı məğlubiyyətlə barışmalı olan Ermənistan indi də mina xəritələri məsələsində təxribatlara əl atır.
İstər işğal zamanı, istərsə də 44 günlük Vətən müharibəsindən sonra işğalçılar belə təxribatlardan əl çəkməyiblər. Əslində, faşist düşüncəsində olan düşməndən başqa nə isə gözləmək də sadəlövhlük olardı. Digər tərəfdən, Ermənistanın terrorçu xislətinə yaxşı bələd olduğumuzdan qarşı tərəfdən hansısa xəritə bizə təqdim edilsə belə, buna inanmaq, etibar eləmək mümkün deyil. Çünki 90-cı illərdə xeyli minalanmış sahə vardı, atəşkəs dövründə isə ermənilər bu işin miqyasını daha da genişləndirdi. İndi təqdim edilən xəritələrin nə qədər real olması, onların işlənməsi zamanı bu sənədləri hazırlayanların nə qədər professional olması da şübhə altındadır. Bu, yeni siyasət deyil. Ermənistanda bütün hakimiyyətlər dövründə Xocalıdan tutmuş Gəncənin və Bərdənin bombalanmasına qədər - daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb. Ümumiyyətlə, Ermənistanın milli ideologiyası Türkiyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə - məsələn, meşələrdə tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması - bütün bunlar Ermənistanın dövlət səviyyəsində “mina terroru” həyata keçirdiyini bir daha sübut edir.
Lakin Ermənistan tərəfinin bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz ərazilərini minalardan təmizləyəcək, işğaldan azad edilmiş torpaqları təhlükəsiz, yararlı hala gətirə biləcək.
Bununla belə, Azərbaycan öz ərazilərinin minalardan təmizlənməsi işində haqlı olaraq beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyir. Baxmayaraq ki, Azərbaycan bunun üçün xüsusi Agentlik yaradıb, işğaldan azad edilmiş ərazilərdə Rusiya, Türkiyə kimi dövlətlərin dəstəyi ilə təmizləmə işləri aparır, lakin bu məsələdə beynəlxalq ictimaiyyətin həm siyasi, həm də əməli dəstəyi olmalı, onlar humanitar məsələlərlə bağlı öhdəliklərini yerinə yetirməlidirlər.
Ermənistanın mina məsələsi ilə bağlı addımları onu göstərir ki, düşmənçilik niyyətindən əl çəkməyib, əsas məqsədlərindən biri daha çox mülki şəxsin ölümünə nail olmaq, işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasını maneçilik törətmək, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir.
Lakin Azərbaycan torpaqlarını işğaldan azad etdiyi kimi, onu düşmənin minalarından təmizləməyi də bacaracaq, buna nail olacaq. Ermənistan isə nə qədər gec deyil, terrorçu niyyətindən əl çəkməli, səylərini təhlükəsiz, firavan, sabit region yaratmağa yönəltməlidir.
APA Analytics