• TƏHLİL

    12:42 4 aprel 2019

"Fəxr edirəm ki, belə qardaşlarım var" - QÜRURUN FOTOSU

Bu yazı ilk sətrindən başlamır. Son iki günün çox paylaşılan görüntüsü və bu yazı üçün də əsas foto olaraq seçilmiş fotodan başlayır...

* * *

Dövlət Qarabağ qazisinin, şəhid ailəsinin, həyatını, sağlamlığını, ailəsinin, evinin içindəki dayaq nöqtəsini bu Vətən uğrunda itirən vətəndaşının yanında olanda möhtəşəmdir. Çünki canını Vətənə sipər edən adamlar həmişə, çətin anında "Dövlətim var, Dövlətim yanımdadır" deyə bilməli, deməlidir. Başqalarından bir az daha çox ərklə, bir az daha ucadan.

Bax, bu foto qazinin, qəhrəmanın "Dövlətim yanımdadır" sözünü ərklə deməsinin real görüntüsüdür. Çünki Dövlətin zirvəsinin əli Qazinin, qəhrəmanın omuzundadır! Bu foto təkcə mərhəmətin, qayğının yox, həm də güvənin, hörmətin, ehtiramın ifadəsidir.

Birinci vitse-prezident Mehriban Əliyevanın dünən Qarabağ qaziləri ilə görüşündəki qısa çıxışında da mərhəmət və qayğı ilə yanaşı, qürur və güvən də ifadə olunmuşdu: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var.

Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq".

Bir ölkə qazisinə qayğı ilə yanaşı sayğı göstərəndə savaşı qazanar. Qəhrəmanını sərvəti hesab edən Dövlətin iradəsi ilə biz Qarabağı mütləq işğaldan azad edəcəyik, mütləq qələbə günü olacaq!

* * *

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir müddət əvvəl şəhid ailələri ilə görüşmüşdülər. O görüşün cəmiyyətdə yüksək qarşılandığı, elə bəzi dövlət qurumlarını da silkələdiyi hələ unudulmayıb.

Prezident İlham Əliyevin imzaladığı son sərəncamlarla şəhid vərəsələrinin, Qarabağ müharibəsi iştirakçılarının və müharibə əlillərinin müavinətləri dəfələrlə artırıldı.

Mehriban xanımın çıxışında bir cümlə də diqqətimi çəkdi: "Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam”.

Birinci vitse-prezident Qarabağ qazisinə, onun irili-xırdalı bütün problemlərinə Dövlətin münasibətini ifadə elədi, həssaslıq dərəcəsini göstərdi. Bu, hər kəsə mesajdı: hökumətdəkilərə, mediaya, cəmiyyətə...

* * *

Əslində, dövlətin vətəndaşına münasibəti onun müəyyən zümrələrə münasibəti ilə ölçülür. Bir dövlətin vətəndaşına münasibəti əsgərə, şəhid ailəsinə, müharibə qəhrəmanına, himayəyə ehtiyacı olan körpəyə, ziyalıya olan münasibəti ilə müəyyən olunur. Mehriban Əliyeva illərdir ki, bu sahədə bir ənənə yaradır.

Özünün də dünənki görüşdə qeyd etdiyi kimi, şəhid ailələrinin, Qarabağ qazilərinin ən çətin məqamlarında üz tutduqları əsas ünvanlardan biri Heydər Əliyev Fondudur. Elə bu günlərdə milyonuna minlər qatan bir iş adamının evsiz qoyduğu şəhid ailəsini dərhal evlə təmin etməyi geniş müzakirə olundu. Qarabağ qazilərinin, müharibə əlillərinin xaricdəki müalicələri əksərən Birinci xanımın dəstəyi ilə xaricdə həyata keçirilir.

* * *

Biz Lent.az saytında valideyn himayəsindən məhrum olmuş uşaqlar, daha doğrusu, bu günün uğurlu gəncləri ilə silsilə müsahibələr yayırdıq. 20-25 il əvvəlin internat uşaqlarının dəhşət dolu, indi də yuxularına haram qatan ağrılı xatirələrini dinləyəndə adamın qanı donur. Onların hamısı söhbətində deyirdi ki, hələ sovet dövründən bəri internatlarda davam edən o kabus artıq bitib. Mehriban xanım internatlardakı vəziyyətlə maraqlanıb, duruma əl qoyandan sonra vampir internat müdirləri, uşaq döyən "tərbiyəçilər" kütləvi şəkildə işdən uzaqlaşdırılıb. Heç vaxt mediada geniş işıqlandırılmasa da, Mehriban xanımın yüzlərlə internat gəncini evləndirdiyini, onlarla gəncin toyunda iştirak etdiyini bilirəm.

Ziyalılar, qayğıya ehtiyacı olan sənət adamları, himayəsiz qalmış muğam sənəti, qorunmalı olan tarixi abidələr... Bəlkə bir neçə səhifədə sadalana biləcək qədər işlər görülüb.

Bunlar, sadəcə, gündəlik, rutin işlər deyil. Bu zümrələrə diqqət, bunlarla bağlı daimi, epizodik olmayan işlərin görülməsi dövlətin vətəndaşa münasibətidir, dövlətin ənənələridir. Mehriban xanım bu gün dövlət-vətəndaş münasibətlərində bəzi məqamlarda o ənənəni davam etdirir, bəzi məqamlarda ənənə yaradır. Və bu addımlar vətəndaşa Dövləti daha da sevdirir. Yeri gəlmişkən, son zamanlar ölkədə aparılan islahatlarda da Prezidentin ən böyük dəstəkçisi, bu açıq, hətta sevimli xəttin tərəfdarlarından biri də Mehriban xanımdır. O xətt ki, onun sayəsində vətəndaş Dövlətin zirvəsinin əlini öz çiynində görür. Xalqa söykənən əl isə heç titrəməz, heç titrəməsin!

Vüsalə Mahirqızı

Vüsalə

Teqlər:

SON XƏBƏRLƏR