• TƏHLİL

    14:17 11 mart 2022

Gücümüz birliyimizdir: Putin müharibəni seçdi. Biz Ukraynanın yanındayıq - ABŞ səfiri yazır

İndi Avropa üçün və bütün dünyada azadlıqsevər insanlar üçün təhlükəli məqamdır. Vladimir Putin Ukrayna xalqına qarşı qəddar hücumu ilə qlobal sülhə və demokratiyaya da hücum etmiş oldu. Lakin Ukrayna xalqı dözümlüdür və onların şücaəti dünyanı ruhlandırır. Ukrayna xalqını öz ölkəsini müdafiə etdiyi bir zamanda Birləşmiş Ştatlar dünya üzrə müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə onları dəstəkləməyə davam edəcək.

Cavabımızda birik

Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi, bu işğalın Azərbaycan xalqında nə qədər açıq rezonans doğurduğunu görürəm. Minlərlə Azərbaycan vətəndaşı Ukraynada işləyir və təhsil alır. Buradakı bir çox insanın orada dostları, ailələri var. Bu il Azərbaycan kimi Ukrayna da ABŞ ilə əlaqələrinin 30 illiyini və Sovet İttifaqından müstəqilliyinin 30 illiyini qeyd edir. Bu gün Ukraynanın müstəqilliyi təhlükə altındadır. Ukraynada insan tələfatı, o cümlədən günahsız Azərbaycan vətəndaşlarının – qadınların və uşaqların, gənclərin, hətta yeni doğulmuş körpənin faciəvi vəfatı məni çox kədərləndirir. Azərbaycan hökumətinin və xalqının Ukraynaya yardım üçün humanitar yardım göndərməsi məni ürəkləndirir.

Birləşmiş Ştatlar müttəfiqlərimiz və tərəfdaşlarımız ilə birlikdə Ukraynanın yanında olmaq və Rusiyanı məsuliyyətə cəlb etmək üçün tədbirlər görürlər. Prezident Bayden Rusiyanın iqtisadiyyatına, maliyyə sisteminə və texnologiyaya çıxışına zərər verəcək geniş maliyyə sanksiyaları və sərt ixrac nəzarəti elan etdi.

Eyni zamanda, Prezident Bayden dərhal Ukraynaya özünü müdafiə etmək üçün əlavə 350 milyon dollarlıq təhlükəsizlik yardımı ayrılmasına icazə verdi. Bununla da Amerikanın Ukraynaya son bir ildə ümumi təhlükəsizlik yardımı 1 milyard dolları aşdı. Bu böhran zamanında Ukrayna xalqını dəstəkləmək üçün biz bu yaxınlarda 300 milyon dollara əlavə olaraq 54 milyon dollar humanitar yardım elan etdik.

Eyni zamanda, Birləşmiş Ştatlar qlobal enerji təchizatının təmin edilməsində ümumi marağımızı vurğulamaq üçün əsas neft hasil edən və istehlak edən ölkələrlə əlaqələndirmə işləri aparmışdır. Biz enerji şirkətləri ilə işləyirik ki, qiymətlərin artımı fonunda onların bazara enerji təchizatı imkanlarını artıraq. Biz Azərbaycanın bu sahədə bazar sabitliyini təşviq etmək səylərini yüksək qiymətləndiririk.

Putinin səbəbsiz və əvvəlcədən düşünülmüş müharibəsi

Bu, Vladimir Putinin çoxdan planlaşdırdığı hücum idi. O, 150 mindən çox əsgər və hərbi texnikanı Ukrayna sərhədinə köçürdü, qan ehtiyatlarını hazır vəziyyətə gətirdi və hazırlıq üçün səhra xəstəxanaları tikdi. O, lüzumsuz münaqişələrdən qaçmaq, diplomatiya və dialoqa getmək üçün ABŞ-nin, müttəfiqlərimizin və tərəfdaşlarımızın göstərdiyi hər cür xoş niyyətli səyləri rədd etdi.

Putin öz oyununu bizim əvvəlcədən xəbərdar etdiyimiz şəkildə icra etdi. Biz Rusiyanın etibarlı qüvvələrinin Donbasda atışmaları artırdığını gördük. Biz Rusiya hökumətinin Ukraynaya qarşı kiber əməliyyatlara başladığını gördük. Biz Moskvada səhnələşdirilmiş siyasi tamaşanı gördük və Rusiyanın təcavüzünə bəraət qazandırmaq üçün Ukrayna haqqında absurd və əsassız iddialar eşitdik. Rusiya heç bir dəlil olmamasına baxmayaraq, Ukraynada “soyqırımın” dayandırılmasının zəruriliyi ilə bağlı saxta iddialar irəli sürməklə, hərbi təcavüzünə haqq qazandırmağa davam edir. Rusiya indi fərq qoymadan mülki şəxslərə, xəstəxanalara və məktəblərə qarşı hücumlara əl atır. 2014-cü ildə Ukraynanı, 2008-ci ildə Gürcüstanı işğal edəndə Rusiyanın bu taktikadan istifadə etdiyini görmüşdük.

Biz Rusiyanın planları ilə bağlı kəşfiyyat məlumatlarımızı açıqladıq ki, qarışıqlıq və ört-basdır olmasın. Putin təcavüzkardır. Putin bu müharibəni seçdi. İndi isə onun xalqı prezidentlərinin onlara deyil, müharibəyə sərmayə qoymaq qərarının nəticələrini çəkəcək. Putin bizi parçalaya bilmədi. Putin qürurlu Ukrayna xalqını silə bilməyəcək.

Növbəti bir neçə gün, həftə və ay Ukrayna xalqı üçün inanılmaz dərəcədə çətin olacaq. Putin onları böyük əzaba düçar edir. Ancaq Ukrayna xalqı 30 illik müstəqilliyi dadıb və ölkələrini geriyə aparmağa çalışan heç kəsə qarşı dözümlü olmayacaqlarını dəfələrlə nümayiş etdirib. Biz Ukraynanın yanında qalmağa və qlobal sülhü təhdid edən təcavüzə qarşı durmağa davam edəcəyik.

Putinin Ukraynaya qarşı təcavüzü Rusiyaya həm iqtisadi, həm də strateji baxımdan çox baha başa gələcək. Rus xalqı öz hökumətlərinin bu işğalına görə üzləşməli olacaqları acı nəticələrə deyil, daha yaxşısına layiqdir.

ABŞ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer

Qeyd: APA Rusiyanın Azərbaycandakı səfirinin cavab haqqını tanıyır

ONA

Teqlər:

SON XƏBƏRLƏR