Bu günə olan rəsmi məlumata görə, Azərbaycanda 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 23 nəfərin vəziyyəti ağır, 31 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 53 300 test aparılıb.
Hazırda əksəri Bakı olmaqla, ölkənin müxtəlif bölgələrindəki 22 xəstəxanada koronavirus infeksiyasına yoluxanlar müalicə alırlar. Bu xəstəxanalar seçilərkən, müasir avadanlıqlar, xüsusilə infeksiyanın müalicəsi ilə effektli məşğul olan laborator və texniki təchiz olunanlara üstünlük verilib. Cəmi bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi “Yeni Klinika” da pandemiya bitənə qədər koronavirusdan əziyyət çəkənlərin müalicəsi ilə məşğul olacaq. Ümumiyyətlə, son bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibb müəssisələri istifadəyə verilib və orada koronavirus xəstələri müalicə alırlar.
Hazırda koronavirusa yoluxma statistikasına görə, gözlənildiyi kimi paytaxt Bakı liderlik edir. Koronavirusinfo.az saytındakı statistikaya görə, yoluxanların 149 nəfəri Bakı qeydiyyatındadır. Onlardan 27 nəfər Yasamal, hər birində 23 nəfər isə Nəsimi və Binəqədi rayonlarının payına düşür. Ümumilikdə, yoluxanların 95 nəfəri xarici ölkə vətəndaşıdır. Azərbaycanın rayonlarından isə ən çox Lənkəran (18), Cəlilabad (15), Salyanda (12), Abşeron (11) yoluxma qeydə alınıb. Ümumilikdə, ölkənin bütün bölgələrini əhatə edən 26 rayonda və Bakıda infeksiyaya yoluxma halları aşkarlanıb.
Hazırda ölkənin bütün bölgələrində koronavirusa yoluxan xəstələrin müalicəsi üçün xəstəxanalar fəaliyyət göstərir.
Karantin nədir və necə keçir?
Hazırda ölkə üzrə 4000 nəfərə qədər şəxs karantin rejimində saxlanılır. Onların əksəriyyəti xarici ölkələrdən təxliyə edilənlərdir.
Ölkədə 5 istiqamətdə - Astara, Biləsuvar (İran), Samur (Rusiya), Sınıq körpü, Mazımçay (Gürcüstan) istiqamətində qəbul-çeşidləmə məntəqələri qurulub. Bu məntəqələrin fəaliyyət istiqaməti ölkəyə sərhəd-keçid qapılarından daxil olan şəxsləri tibbi müayinədən keçirməkdir. Adından da göründüyü kimi, bu məntəqələr qəbul prosesini həyata keçirir, xəstəlik simptomları aşkarlananları dərhal xəstəxanaya, digərlərini isə qısa müddət ərzində karantin zonalarına göndərir. Və ölkəyə giriş sərhəd-keçid qapılarından olduğu üçün bu məntəqələr də sərhəd qapılarının olduğu bölgələrdə qurulur.
Koronavirus infeksiyasının yoluxmasını sürətləndirən səbəblərdən biri onun “daşınmasıdır”. Hazırda bu infeksiya ilə mübarizənin ən uğurlu yolu əhatə dairəsini mümkün qədər qapatmaqdır. Ona görə də Azərbaycan haqlı strategiya seçərək, sərhəd-keçid qapılarının yaxınlığında müasir xəstəxanalar qurdu və karantin zonaları yaratdı. Bu, bütün ölkə boyu baş verdi.
Karantin zonası üçün əksəri Bakı olmaqla ölkənin bütün bölgələrindəki 4-5 ulduzlu otellər, pansionlar və bəzi rayon xəstəxanaları, dövlət qurumlarının istirahət mərkəzləri ayrılıb. Bu günə qədər Bakıdan başqa, ölkənin şimal, qərb və cənub zonasındakı otel və pansionatlar karantin zonası kimi fəaliyyət göstərir.
Karantində olan şəxslərdən dərhal və daha sonra təkrar testlər götürülür, onlara gündəlik yemək verilir, həmçinin qaldıqları ərazinin təmizliyi təmin edilir.
Karantin - sadəcə, şübhəli zonadan gəlmiş şəxslərin xəstəliyin inkubasiya dövrünü keçirmələri üçün təcrid edilməsidir. Karantinə alınmış hər bir şəxs xəstə deyil, onda 14-28 gün müddətində xəstəlik əlamətinin özünü göstərmə ehtimalı olduğu üçün karantindədir. Azərbaycanda koronavirusa görə təcrid edilənlərin sayı 4000 nəfərdir, onlardan cəmi 822 nəfəri virus daşıyıcısıdır.
İlk test nəticəsi müsbət çıxmış heç bir şəxs karantin zonasında saxlanılmır. Təkrar test nəticəsi müsbət çıxmış şəxslər də dərhal karantin zonasından xəstəxanada müalicə rejiminə keçirilir. Otel, pansionat, istirahət mərkəzi kimi obyektlərdə yerləşdirilmiş və karantin müddətini burda başa vuran şəxslər bu infeksiyaya yoluxmayıblar. Ona görə də bu şəxslər onların qaldıqları ərazinin əhalisi üçün heç bir təhlükə törətmirlər!
Koronavirus bütün dünya üçün baş ağrısına çevrilib. Ölkəmiz də bu xəstəliyə qarşı mübarizə aparır və dəfələrlə vurğulandığı kimi, qələbə qazanmaq üçün birliyimizi qorumalıyıq. Azərbaycan dövləti hər bir vətəndaşının həyatı uğrunda mübarizə aparır. Əminik ki, bir xalq olaraq, bu sınaqdan da üzüağ çıxacağıq. Həm də milli birliyimizi və həmrəyliyimizi daha da gücləndirərək…
APA Analitics