• TƏHLİL

    13:20 11 may 2024

Keşiş Baqrat şousu: Revanşistlər Ermənistanda hakimiyyətə gəlmək üçün Konstitusiyanı və qanunları belə tapdalayır - TƏHLİL

Ermənistanda revanşist qüvvələr yenidən aktivləşib. Bu dəfə hakimiyyətə gəlmək üçün Koçaryan-Sarkisyan tandemi Azərbaycanla Ermənistan arasında pozitiv məcrada keçən delimitasiya prosesini bəhanə kimi yararlanır, prosesdə erməni kiləsinin simalarından və resurslarından aktiv istifadə edir.

Hazırda etiraz aksiyalarının rəhbəri və siması rolu Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyana həvalə olunub. O, baş nazir Nikol Paşinyan hökumətini “təslimçilik”də və seçkiqabağı vədlərini yerinə yetirməməkdə ittiham edir.

Azərbaycanla sərhədlərin delimitasiya prosesini dayandırmaq üçün Qalstanyan rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının tərəfdarları Qazaxla həmsərhəd Kirants (Xeyrimli) kəndindən İrəvana bir neçə gün ərzində yürüş ediblər. Yürüş iştirakçıları mayın 9-da İrəvanın Respublika meydanına çatıb və burada mitinq keçiriblər. Meydanda çıxışında Baqrat Qalstanyan ilkin tələbələrdən daha da irəli gedərək aksiyaların əsas keçirilmə səbəbi olan məsələni - baş nazir Nikol Paşinyanın istefasını tələb edib. O, Nikol Paşinyana istefaya getmək üçün bir saat vaxt versə də, istəyi baş tutmayıb. Bundan sonra keşiş bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa, parlamentin müxalifət fraksiyalarını isə Paşinyanın impiçmenti prosedurunu reallaşdırmağa çağırıb.

Baş verənlərdən aydın görünür ki, etiraz prosesinin kulis arxasında qalan təşkilatçısı, “boz kardinal”ı Robert Koçaryan bu dəfə hakimiyyətə gəlmək üçün daha ciddi hazırlaşıb, əvvəlki uğursuzluqlarından nəticə çıxarıb, etiraz texnologiyalarını fərqli ssenari üzrə qurub. Bunu Paşinyanın 2018-ci ilin aprelində kütləvi etirazlar fonunda hakimiyyətə gəlməsi ilə hazırkı aksiyalar arasında oxşar məqamlardan, o cümlədən paytaxta piyada yürüşdən, itaətsizlik aksiyalarından də görmək olar.

Digər yandan, əsas gücün asanlıqla manipulyasiya edilə bilən, siyasi proseslərin alt qatını bilməyən tələbələrə yönəldilməsi, onların aksiyaya aktiv cəlb olunması, Qarabağın erməni sakinlərindən “beşinci kolon” kimi aksiyalarda istifadə olunması ciddi hazırlıq getdiyini göstərir. Etiraz aksiyasına Rusiyanın informasiya resurslarının və siyasi dairələrinin ciddi dəstəyinin müşahidə olunması da müəyyən nüanslardan xəbər verir.

Etiraz taktikasındakı paralellərlə yanaşı, Koçaryanın aksiyaların siması olmaqdan imtina etməsi də budəfəki aksiyalara güc verən amildir. Belə ki, o, Ermənistan vətəndaşlarının keçmiş hakimiyyət üzvlərinə, xüsusən də özünə və Serj Sarkisyana nifrət etdiyini, aksiyaya öndərliklərinin etirazçı kütlənin sayına mənfi təsir edəcəyini yaxşı başa düşür. Prosesləri arxa fondan idarə etmək yolu tutan Koçaryan bu vaxta qədər konsolidasiya ola bilməyən, pərən-pərən düşən müxalif qüvvələri birləşdirəcək, bütün tərəflər üçün məqbul sayılacaq neytral personaya ehtiyac duyub. Məhz buna görə seçimini Paşinyanla gərgin münasibətlərdə olan, proseslərdə öz dini və kommersiya maraqlarını güdən Erməni Apostol Kilsəsindən və onun Tavuş Yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyandan yana edib.

Revanşistlər bunun üçün hətta Ermənistan qanunlarının, o cümlədən Konstitusiyasının 8-ci maddəsinin 1-ci bəndinin pozulmasına belə gedirlər. Din dövlətdən ayrı elan olunsa da, kilsə xadimi siyasi proseslərin başına keçib.

Digər yandan, 52 yaşlı Baqrat Qalstanyanın bioqrafiyası da müəmma və suallarla doludur. O, Böyük Britaniyada Lids və Kanadanın Monreal şəhərlərində teoloji təhsil alıb. Bundan başqa, 10 il Kanadadakı erməni kilsəsinə başçılıq edib. Erməni mediası onun Kanada vətəndaşlığı olduğunu da yazıb və daha sonra Qalstanyan özü bu faktı təsdiq edib.

Bunun davamı kimi isə Koçaryanın adamı kimi bilinən, sabiq xarici işlər naziri Vardan Oskanyanın Baqrat Qalstanyanı baş nazir postuna ən layiqli namizəd adlandırması artıq revanşistlərin öz maraqları naminə hər cür qanunsuzluğa getməyə hazır olduğunu göstərir. Belə ki, Ermənistan vətəndaşı olmayan şəxsin baş nazir olması qanunla qadağandır. Buna baxmayaraq, Oskanyanın belə bir təkliflə çıxış etməsi, keşiş Baqratın isə “xalqın tələbi və II Qareginin göstərişi olacağı təqdirdə” baş nazir postunu tutmağa hazır olduğunu söyləməsi revanşistlərin qanunsuz yolla da olsa, Paşinyanı devirmək niyyətində olduqlarını söyləməyə əsas verir.

Diqqət çəkən məqamlarından biri də Ermənistanın Azərbaycanla razılığını pozmaq istəyənlər sırasında ATƏT-in Minsk Qrupunun keçmiş həmsədr ölkələrinin olmasıdır. Keçmiş həmsədr ölkələr ABŞ, Fransa və Rusiyanın bu prosesdə tutduğu mövqe Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə tam ziddiyyət təşkil edir ki, bu da həmin ölkələrin danışıqlar prosesi zamanı əsl niyyətlərini ortaya qoyur. Buradan aydın olur ki, keçmiş həmsədrlər artıq tarixə qovuşmuş münaqişəsinin ədalətli həllində heç vaxt maraqlı olmayıblar. Bunun ən maraqlı tərəfi isə odur ki, heç bir məsələdə maraqları üst-üstə düşməyən Vaşinqton, Paris və Moskva nədənsə Qarabağ məsələsində eyni - ermənipərəst mövqedən çıxış ediblər və edirlər.

ABŞ ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycanın ünvanına hələ də yersiz ittihamlar səsləndirir, öz torpağını 30 illik işğaldan azad etmiş hərbçilərimizə gülünc sanksiya məsələlərini gündəmə gətirir, Fransa Ermənistanı aktiv şəkildə silahlandırır, Azərbaycan əleyhinə müxtəlif səviyyələrdə siyasi qərarlar qəbul edir, Kremlin ruporu olan jurnalistlər və propaqandistlər isə Azərbaycan və Ermənistan arasında sülh bağlanması ilə heç cür barışmaq istəmir, açıq şəkildə Ermənistan hakimiyyətinin, Paşinyanın devrilməsinə çağırışlar edirlər. Məsələ o yerə çatıb ki, Paşinyan bəzi Rusiya telekanallarının ölkə ərazisində yayımının dayandırılmasına qərar verib. Aydındır ki, Simonyan, Solovyov və digərləri bunu özbaşına etmirlər, Kremldən aldıqları təlimatı yerinə yetirirlər. Keçmiş həmsədr ölkələrin Azərbaycan-Ermənistan nizamlanmasının pozulmasına yönəlmiş addımlarının siyahısını genişləndirmək də olar. Lakin ümumi nəticə odur ki, Koçaryan, onun vasitəsilə ilə erməni kilsəsi Paşinyanı devirmək üçün həm də həmin ölkələrin davranışlarından ilham alır.

Belə görünür ki, Ermənistanda etirazları təşkil edənləri, onların ilhamvericilərini erməni xalqının istəyi və taleyi heç cür maraqlandırmır. Bunu Koçaryanın ortaya atdığı keşiş Baqratın davranışlarından da aydın görmək olur. Mayın 9-da Respublika meydanında çıxış edən Baqrat Azərbaycanla razılaşmaların əleyhinə çıxdı, Paşinyanın istefa verməsini tələb etdi. Lakin o, Azərbaycanla münasibətlərə dair alternativ olaraq nə təklif etdiklərini, planlarının nədən ibarət olduğunu açıqlamadı. Çünki alternativ planları yoxdur. Onlar üçün əsas və yeganə məqsəd nə yolla olur-olsun, hakimiyyətə gəlməkdir.

Qalstanyanın və onun kuratorlarının qarşıda hansı addımlar atacağı maraq doğurur. Paşinyan hökumətinin Azərbaycanla danışıqlarda bəlli “yol xəritəsi” mövcuddur və burada əsas məqam İrəvanın Azərbaycanın ərazi bütövlüyü tanıması, rəsmi Bakının şərtləri ilə sülh müqaviləsinə hazırlıq aparması ilə bağlıdır. Qazaxın 4 kəndinin delimitasiya prosesi çərçivəsində qaytarılması da məhz həmin plan çərçivəsində iki ölkənin delimitasiya komissiyalarının razılığı ilə gerçəkləşib.

Baqrat Qalstanyan və aksiyaların əsas benefisiarı Robert Koçaryan isə bu mövzuda erməni cəmiyyətinə hər hansı həll yolu açıqlamır. Lakin şübhəsizdir ki, kilsə-Koçaryan xətti Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına qarşı çıxarsa, yaxud Azərbaycanla sülh müqaviləsinə Qarabağla bağlı müddəa daxil etməyə cəhd edərsə, revanşistlər iqtidara gələcəyi təqdirdə bunun Ermənistan üçün öldürücü fəsadlarını nəzərə almalıdır. Çünki rəsmi Bakını əldə olunmuş razılaşmaların ləğv edilməsi və danışıqların məcrasının dəyişdirilməsinə əsla imkan verməyəcəyi aydındır.

Bu amilləri nəzərə aldıqda, Ermənistandakı son etirazların nə erməni xalqı, nə də region üçün yaxşı heç nə vəd etmədiyi aydındır. Xüsusən, 36 illik münaqişədən yorulmuş, bezmiş Ermənistan cəmiyyəti, erməni xalqı seçimini düzgün etməli, hər zaman fitnə yuvası olmuş erməni kilsəsinin, Koçaryan-Sarkistan klanı və onların havadarlarının əlində növbəti dəfə alətə çevrilməməlidir.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR