ABŞ Prezidenti Donald Trampın göstərişi ilə yanvarın 3-də Venesuelada keçirilən genişmiqyaslı əməliyyat Prezidenti Nikolas Maduronun saxlanılıb ABŞ-a aparılması ilə nəticələndi. Bunun ardınca ABŞ Baş prokurorluğu açıqlama verdi ki, Maduro narkoterrorizm, kokain ixracı, silah saxlanması və s. oxşar cinayətlərdə ittiham olunur.
Dünyanı şoka salan bu hadisə beynəlxalq miqyasda müxtəlif reaksiyalara səbəb olub və regionda təhlükəsizlik, eləcə də humanitar vəziyyətlə bağlı müzakirələri gündəmə gətirib. ABŞ tərəfi ittihamlara məhkəmə müstəvisində baxılacağını bəyan edib.
Trampın qərarı impulsiv deyil, Vaşinqtonun uzunmüddətli yanaşmasının nəticəsidir
Mövzu ilə bağlı APA-ya açıqlama verən amerikalı politoloq İrina Tsukerman bildirib ki, Prezident Donald Trampın Venesuela ilə bağlı qərarı ani impulsdan daha çox, Vaşinqtonun bu ölkəyə uzunmüddətli baxışının nəticəsidir.

Onun sözlərinə görə, ABŞ Administrasiyaları uzun illərdir, Nikolas Maduro hakimiyyətini cinayətkar, iqtisadi baxımdan dağıdıcı və region üçün təhlükə yaradan sistem kimi təqdim edib: “Sanksiyalar və diplomatik təzyiqlər real dəyişiklik yaratmadı. Trampın bu addımı dalana dirənmiş vəziyyətə qarşı səbirsizliyin və ABŞ-ın regiondakı təsir imkanlarını yenidən bərpa etmək istəyinin göstəricisidir. Qərarın məhz bu formada icrası ciddi mübahisələr doğurur və Venesuelanın suverenliyi baxımından təhlükəli presedent yaratma riski var. Bu addım siyasi dəyişikliklərin daxili proseslər yolu ilə baş verməsi prinsipini zəiflədə və gələcəkdə oxşar müdaxilələr üçün hüquqi əsas kimi istifadə oluna bilər”.
Politoloqun fikrincə, Maduronun hakimiyyətdən kənarlaşdırılması Venesuelanın dərin struktur problemlərini avtomatik şəkildə aradan qaldırmır: “Böhranın kökü institusional çöküşdə, iqtisadi dağınıqlıqda və cəmiyyətin dərin parçalanmasındadır. Əsas sual keçid dövrünün necə və kim tərəfindən idarə olunacağıdır. Bir çox venesuelalı üçün Maduronun hakimiyyətdən getməsi qorxu və repressiya üzərində qurulmuş idarəetmənin sonu kimi qəbul olunur. Onun hakimiyyəti korrupsiya, saxta seçkilər və kütləvi miqrasiya ilə yadda qalıb. Bu baxımdan cəmiyyətdə yaranan rahatlama hissi təbiidir”.
Xanım Tsukerman əlavə edib ki, Trampın Venesuela ilə bağlı qərarını nə birmənalı uğur, nə də açıq avantüra kimi qiymətləndirmək olar.

“Bu addımın real nəticəsi Venesuelanın gələcəkdə daha sabit, legitim və funksional dövlətə çevrilib-çevrilməyəcəyindən asılı olacaq”, - deyə İ. Tsukerman əlavə edib.
Venesuelada son hadisələr fonunda ölkə daxilində siyasi idarəetmə və təhlükəsizlik məsələləri üzrə fövqəladə mexanizmlər işə salınıb. Rəsmi qurumlar ictimai sabitliyin qorunması və mümkün risklərin qiymətləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Paralel olaraq, beynəlxalq səviyyədə də prosesin gedişi diqqətlə izlənilir.
“Ölkə hələ də baş verənləri dərk etməyə çalışır”
Venesuelalı politoloq Rikardo Vaz APA-ya açıqlamasında qeyd edib ki, ölkə hələ baş verənləri dərk etməyə çalışır, ziyanın dəqiq miqyası bəlli olmasa da, vəziyyət tədricən sabitləşir və insanlar normal həyata qayıdır.

“Ölkə hələ də baş verənləri emal etməyə çalışır. Yanvarın 3-ü gecə baş verən bombardman nəticəsində dəyən ziyan və insan tələfatı ilə bağlı hələlik dəqiq qiymətləndirmə aparılmayıb. Hazırda ölkənin hər yerində vəziyyət nisbətən sakitdir, bəzi mağazalar fəaliyyətini bərpa edib, insanlar küçələrə çıxmağa başlayıb”, deyə o, vurğulayıb.
Ekspertin sözlərinə görə, hökumət artıq Müdafiə Şurasını toplayıb və fövqəladə vəziyyət rejimi çərçivəsində fəaliyyətini davam etdirir: “Hazırda ölkəyə rəhbərlik edən vitse-prezident Delsi Rodrigez prezident Nikolas Maduronun azad olunmasını tələb edib və Venesuelanın heç bir imperiyaya tabe olmayacağını bildirib”.
Politoloq qeyd edib ki, Venesuela hakimiyyəti yaxın günlərdə ölkədə müəyyən sabitliyi bərpa etməyə və yeni hücumlar təhlükəsinə qarşı hansı addımlar atılacağını müəyyənləşdirməyə çalışacaq.
“Bununla belə, ABŞ-ın dəstəklədiyi müxalif qüvvələrin hakimiyyəti ələ keçirməsi riski real olaraq qalır. Xüsusilə Donald Trampın müxalifət lideri Maria Korina Maçadonu açıq şəkildə dəstəkləmədiyini bildirməsi ölkədaxili siyasi proseslərə ciddi təsir göstərə bilər,” - deyə Rikardo Vaz vurğulayıb.