10 dekabr - Zəfər paradının ildönümüdür. 1 il əvvəl Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bakının baş meydanında bu günə qədər bir çox parad olub. Amma Zəfər paradı tarixə qızıl hərflərlə yazıldı. Azərbaycan Ordusu ilk dəfə idi ki, Zəfər paradı keçirirdi.
Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi, döyüşlərdən qalib çıxmış ordunun yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi.
Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində vurğulamışdı ki, “Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır”.
Dövlət başçısı həmin müsahibəsində qeyd edir ki, biz əvvəllər də hərbi paradlar keçirmişdik, lakin bu, Zəfər paradı idi: “Buna görə o, Azərbaycan vətəndaşlarının bütün gələcək nəsilləri üçün rəmzi məna və tarixi əhəmiyyətə malik idi. Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi. Təbii ki, orada hərbi texnikanı nümayiş etdirdik, müharibə iştirakçıları paraddan keçdilər”.
Bu paradın ən önəmli məqamlarından biri heç şübhəsiz Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaların nümayiş etdirilməsi idi. Ermənistanın 27 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadı, ordumuzun hədəfinə çevrilərək metal parçasına döndü.
Xatırladaq ki, savaşdan bir neçə ay öncə Ermənistanın məğlub olaraq vəzifəsindən istefa verən müdafiə naziri David Tonoyan Azərbaycanı işğalla hədələyirdi. Düşmən təbliğatı müharibə başlayacağı təqdirdə erməni tanklarının Bakıya gələcəyindən dəm vururdu. Onlar haqlı idi, erməni tankları Bakıya gəldi, amma məğlub kimi, rəşadətli Azərbaycan Ordusunun hərbi qəniməti kimi...
Qənimət götürülmüş hərbi texnikanın paradda nümayişi müharibədən sonra Ermənistana vurulan növbəti zərbə oldu. Bu mənada Azərbaycan Ordusunun Zəfər paradı həm də dünya erməni faşizminə, Ermənistanın havadarlarına verilən mesaj idi: Bundan sonra Ermənistanın bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə cürəti çatmayacaq.
Azərbaycan 44 günlük müharibə ərzində ədalətli şəkildə müharibə apararaq qalib gəldi. Zəfər paradı dünyaya mesaj verdi - Azərbaycan qalib ölkədir.
Vətən müharibəsində xalqımıza qələbə sevinci yaşadan Azərbaycan Ordusu qarşısında duran ən böyük vəzifəsini layiqincə icra etdi. 44 günlük müharibədəki zəfəri ilə ordumuz yeni tarix yazdı, dövlətçiliyimizi, irsimizi yeni qəhrəmanlıq salnaməsi ilə zənginləşdirdi. Bu qələbə xalqımızın mübariz ruhunun, vətənpərvərliyinin, öz hüquqları uğrunda mübarizə aparmaq əzminin nümunəsinə çevrildi.
Azərbaycan dövləti erməni faşizmi üzərindəki 44 günlük Vətən müharibəsini böyük zəfər, unudulmaz tarixi Qələbə ilə başa vurdu.
Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər qatılaraq nümayiş olundu.
Dövlət başçısı paraddakı çıxışında bildirdi ki, “Bu gün Azadlıq meydanında Zəfər paradı keçirilir. Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir”.
Prezident Əliyev vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub edib, işğala son qoyub. “Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”, - deyə Ali Baş Komandan vurğulayıb.
Azərbaycan Prezidenti Zəfər paradından bütün dünyaya bəyan etdi ki, 44 günlük müharibənin sonunda Ermənistan təslim olub, ağ bayraq qaldırıb, diz çöküb, öz layiqli cəzasını alıb və imdad diləyib: “Biz Ermənistanı döyüş meydanında məhv etdik. Biz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdik. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da qardaşlıq, birlik bağlarımıza əsaslanan çıxışında vurğuladı ki, Türkiyə olaraq Azərbaycanla münasibətlərdə hər zaman ulu öndər Heydər Əliyevin “İki dövlət bir millət” şüarını rəhbər tutublar: “Qazi Mustafa Kamal Atatürkün ifadəsi ilə “Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz” bildik. Qarabağın 30 il işğalda qalmasını qəlbimizdə yara bildik. Bu gün də Qarabağın azad edilməsini birlikdə qeyd edirik.
Qələbə paradı Azərbaycanın gücünü bir daha dünyaya göstərdi. 44 günlük müharibədə əldə olunan möhtəşəm qələbə və Zəfər paradı uzun illər ərzində görülmüş işlərin, keçilən yolun nəticəsidir. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm Qələbə haqqında bundan sonra çox danışılacaq”.
İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. Bu müharibədə rəşadətli Azərbaycan Ordusu İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə Ermənistanı döyüş meydanında darmadağın edərək onun işğal siyasətinə son qoydu. Ona görə bu müharibə müasir tariximizin Zəfər salnaməsinə çevrildi. Bu Qələbə Azərbaycanı qaliblər sırasına çıxardı, xalqımızı daha da böyütdü, daha güclü etdi.
Zəfər paradı ilə nəticələnən döyüş əməliyyatları ordu quruculuğunun dövlətin prioritetlərindən biri olduğunu göstərdi. Sözsüz ki, güclü ordu həm də güclü iqtisadiyyat tələb edir. Azərbaycanın hər il genişlənən beynəlxalq enerji layihələri, iqtisadi imkanları hərbi potensialının inkişafına zəmin yaratdı. Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsul ordumuzun potensialını gücləndirdi. Son illər ərzində hərbi zavodların yaradılması, 1200 addan çox hərbi təyinatlı müxtəlif məhsulların istehsalı və ixracı, ordumuzun müxtəlif ölkələrdən alınan müasir silah və texnikalarla təmin edilməsi Azərbaycan dövlətinin uğurlu hərbi strategiyasının bariz nümunəsidir. Bu uğurlu strategiya nəticəsində Azərbaycan Ordusu "Dəmir yumruq" əməliyyatı ilə torpaqlarını erməni işğalından azad etdi. Ölkə Prezidenti 44 gün ərzində Azərbaycanın haqq səsini çatdırmaq üçün bütün beynəlxalq aləmə səsləndi, müxtəlif ölkələrin 30-dan artıq jurnalist və ekspertlərinə verdiyi tutarlı cavablarla onların məkrli baxışlarını alt-üst etdi, informasiya blokadasını yardı. Bütün dünya lider-xalq-ordu vəhdətinin şahidi oldu. Məhz bu birliyin nəticəsində Böyük Qələbəmizə nail olduq.
Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, hərbi birləşmə və hərbi tədris müəssisələrinin şəxsi heyətlərinin, hərbi texnikaların iştirak etdiyi Zəfər paradında ölkə ictimaiyyəti bir daha dövlətimizin hərbi gücünün, ordumuzun döyüş və qələbə əzminin əyani şahidi oldu. Hərbi gücün praktik nümayiş etdirildiyi parad hər bir azərbaycanlının öz ordusunun qüdrətinə olan inamını, qürur və fəxarətini qat-qat artırdı. Eyni zamanda bu hərbi parad düşmənə verilən növbəti mesaj oldu. Prezident İlham Əliyevin dediyi kimi: "Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq”.
Zəfər paradı dosta qürur, düşmənə göz dağı oldu. Xüsusilə müharibə dövründə əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında İlham Əliyevlə birlikdə olması bütün dünyaya xüsusi mesaj idi. Danılmaz faktdır ki, iki dövlət arasındakı bu tarixi yaxınlaşmada, səmimiyyətdə də məhz İlham Əliyev siyasətinin böyük rolu var.
Nəhayət, 44 gün sonra - noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı. Bu, düşmənin kapitulyasiyası, məğlub tərəfin yalvarışı, aman diləməsi, Azərbaycanın isə qəti qələbəsiydi. Sonrakı mərhələdə Azərbaycan diplomatik müstəvidə qələbələr əldə etdi və ölkəmizin uğuru davam edir. Azərbaycan məğlub ölkədən qalib ölkəyə çevrildi. 10 dekabr paradı bunun əyani nümayişi idi.
APA Analytics