Təəssüflər olsun ki, Bakıda keçirilən bütün mötəbər beynəlxalq tədbirlər zamanı ermənilərə xidmət edən ayrı-ayrı qruplar tərəfindən ölkəmizi nüfuzdan salmaq cəhdlərinin, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparıldığının növbəti dəfə şahidi oluruq. Bu dəfə Futbol üzrə Avropa Çempionatının 4 oyununa ev sahibliyi edəcək Azərbaycan yenə də saxta iddialarla qarşı-qarşıyadır.
Belə ki, “Matç TV" telekanalının şərhçisi, jurnalist Nobel Arustamyanın UEFA tərəfindən qitə birinciliyinə akkreditasiya almaması Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovadan tutmuş digərlərinə qədər şərh edilməkdədir. Rusiyanın məşhur “Matç” telekanalında onlarla futbol şərhçisi olmasına baxmayaraq, rəhbərliyin Azərbaycanın icazəsi olmadan müntəzəm olaraq bir vaxtlar erməni silahlı işğalı altında olan ərazilərimizə, o cümlədən Xankəndinə səfərlər etmiş müxbirini Bakıya göndərmək istəyinin arxasında məqsədyönlü şəkildə Azərbaycana qarşı təxribat dayandığı heç kim üçün sirr deyil.
Bütün dünya yaxşı bilir ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda milli-etnik zəmində heç bir şəxsə qarşı ayrı-seçkilik hallarına rast gəlinmir. İndi Rusiyada bəzi ermənipərəst qüvvələr Nobel Arustamyanın Bakıya gəlişinə qadağa qoyulmasını guya onun erməni olması ilə bağlasa da, əslində, onlar da çox yaxşı bilirlər ki, Ermənistanda bir nəfər belə azərbaycanlı yaşamadığı halda, Azərbaycanda minlərlə erməni yaşayır və Azərbaycanın bu addımının şərhçinin etnik mənsubiyyəti ilə heç bir əlaqəsi yoxdur.
Dünyada separatçılıqla üzləşən bütün dövlətlər tərəfindən işğal altında olan və ya “tanınmayan ərazilərə” gediş-gəlişlə bağlı rəsmi mövqe ondan ibarətdir ki, icazəsiz səfər edənlər “qara siyahı”ya salınır. İndi müxtəlif dairələr tərəfindən məsələsi süni şəkildə şişirdilən N. Arustamyan əvvəlcədən səfərlərin qanunsuz olduğunu bilməsinə baxmayaraq, bir vaxtlar işğal altında olan Azərbaycan torpaqlarına dəfələrlə səfər edib. Bu azmış kimi o, işğal altında olan torpaqlarımızda təxribatlarla məşğul olub. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirdiyinə görə XİN onu “qara siyahıya” salıb.
“Matç TV”-nin rəhbərliyinin bilərəkdən Avropa çempionatının Bakıda keçiriləcəyi oyunlara qanunsuz olaraq Qarabağa səfərlər etmiş erməni əsilli N. Arustamyanı göndərmək istəyinin arxasında isə Azərbaycana qarşı çirkin niyyətlər dayanır. Anası erməni olan və Azərbaycana nifrətini heç vaxt gizlətməyən Tina Kandelaki Rusiya mediasında olan digər erməni həmkarları ilə birlikdə mütəmadi olaraq etnik zəmində ayrı-seçkilik salan bəyanatlar verir, irqçi çağırışlar edir.
Hər kəsin yaxşı yadındadır ki, siyasətə heç bir aidiyyəti olmayan Tina Kandelaki 44 günlük müharibə zamanı dəfələrlə Azərbaycana və Türkiyəyə qarşı irqçi, şovinist bəyanatlar səsləndirib. O, Rusiyadakı digər erməni jurnalistlərlə birlikdə Azərbaycanın guya Şuşadakı kilsəyə raket atmasından bəhs edib və Azərbaycanın addımlarını İŞİD-in Suriyadakı terror aktlarına bənzədib. İdman şərhçisi olmasına və telekanal rəhbəri kimi Rusiya mediasını təmsil etməsinə baxmayaraq, İkinci Qarabağ müharibəsi zamanı erməni təbliğatının “aparıcı maşını” rolunda çıxış etməsi, onun Marqaritta Simonyan, Semyon Baqdasarovun daxil olduğu etnik media şəbəkəsinin məqsədlərinə xidmət etməsindən xəbər verir.
Telekanalında kifayət qədər təcrübəli və tanınmış, icazəsiz olaraq işğal altındakı Azərbaycan torpaqlarına səfər etməmiş futbol şərhçiləri ola-ola, Kandelakinin məhz Arustamyanı Bakıya göndərmək istəməsi açıq təxribatdır. Niyə məhz Arustamyan? Aydındır ki, Arustamyan ətrafında qurulan oyun birmənalı şəkildə Azərbaycanı nüfuzdan salmaq üçün yuxarıda adı çəkilən erməni şəbəkəsinin hazırladığı ssenarinin tərkib hissəsidir.
Bu o Nobel Arustamyandır ki, 2014-cü ildə işğal altında olan Dağlıq Qarabağda keçirilən qondarma futbol turnirində iştirak etmişdi. 2014-cü ilin mayında Hadrutda separatçılar tərəfindən işğal altındakı rayonları təmsil edən 8 erməni komandasının və Rusiyadan olan “NTV +”, Radio sport” komandasının iştirakı ilə futbol turniri baş tutmuşdu. N. Arustamyan həmin turnirdə Rusiya komandasının futbolçusu qismində iştirak edib, turnirin finalında isə qalib gələn erməni komandasına mükafatlar verib.
N. Arustamyan dəfələrlə işğal altındakı Azərbaycan torpaqlarına səfəri zamanı öz sosial şəbəkəsində separatçılara dəstək verib, ən son sentyabrın sonunda İkinci Qarabağ müharibəsi zamanı anti-Azərbaycan yazısı ilə çıxış edib.
İndi sual olunur. Bütün bunları bil-bilə, belə bir şəxsi Futbol üzrə Avropa Çempionatının Azərbaycandakı oyunlarına göndərmək cəhdinin arxasında nə dayanır? Buna Rusiyadakı erməni jurnalist şəbəkəsinin təxribatından başqa nə ad vermək olar?
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov