Co Bayden ABŞ Prezidenti seçilərkən bir çoxları düşünürdü ki, Ağ evin yeni rəhbəri ölkənin həm daxili, həm də xarici siyasətində müəyyən düzəlişlər edəcək və bu korrektlər Vaşinqtonun Bakı ilə münasibətlərinə də təsirini göstərəcək.
Lakin bunun yanlış düşüncə olmasının ortaya çıxması üçün çox gözləmək lazım gəlmədi.
Azərbaycan Xəzər hövzəsində mühüm oyunçu, Qarabağda həyata keçirilən anti-terror əməliyyatının qalibidir. Birləşmiş Ştatlar üçün bu, amil mühüm idi. Azərbaycan bölgədə sabitliyin qarantı olan bir ölkə kimi xarakterizə edilir və Co Bayden bunu nəzərə almaya bilməzdi.
Bu baxımdan, ABŞ Prezidenti Co Baydenin Novruz Bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlanması rəsmi Bakı ilə Vaşinqtonun əməkdaşlığını bundan sonrakı dövrdə də davam etdirməyə sadiqliyinin göstəricidir.
Co Bayden gözəl anlayır ki, Azərbaycan güclü və qalib dövlətdir, bölgədəki meqalayihələrin ideya müəllifidir, eyni zamanda onların həyata keçirilməsində vacib rol oynayır. Praqmatik maraqlar Bakı ilə əməkdaşlığı vacib edirdi və Baydenin Novruz təbrikini mühüm jest adlandırmaq olar. Əslində, ABŞ-ın milli təhlükəsizlik və strateji maraqları Cənubi Qafqazda Azərbaycanla əməkdaşlığı diktə edir. Prezident Bayden Azərbaycanın mühüm oyunçu olduğunu qəbul edir.
C. Baydenin Demokrat Partiyasının nümayəndəsi olması Bakı ilə münasibətlərə xələl gətirə bilməz. Ehtimal etmək olar ki, münasibətlərinin ciddi inkişaf dövrünə qədəm basırıq.
Xatırladaq ki, “Əsrin müqaviləsi” də demokrat Bil Klinton Administrasiyasının çox mühüm siyasi dəstəyi ilə imzalandı və gerçəkləşdi. O zaman bölgədə vəziyyət olduqca həssas idi. Elə bu gün də təhlükəsizliklə bağlı ümumi narahatlıqlar mövcuddur və regional sabitlik istiqamətində ABŞ Administrasiyasının bundan sonra da Azərbaycanla birgə çalışmaq niyyəti göz önündədir.
Əslində, Prezident İlham Əliyevi təbrik etməklə, təbrik məktubunda mühüm mesajlar verməklə, Co Bayden ermənilərin ümidlərini puç elədi. Erməni lobbisi ehtimal edirdi ki, C. Bayden ABŞ Prezidenti kimi vəzifəsinin icrasına başlayan kimi 44 günlük savaşın nəticələrinə zidd qərarlar qəbul edəcək. Cənab Baydenin məktubunda ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın “firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına” çalışacağını bəyan etməsi reallığın qəbul edilməsi kimi başa düşülə bilər.
Birləşmiş Ştatlar 9 noyabr 2020-ci il bəyanatında əksini tapmış məsələlərin reallaşması arzulayır. Burada daha bir mühüm məqam ondan ibarətdir ki, Co Bayden Azərbaycanın həyata keçirdiyi iqtisadi, siyasi və sosial islahatlara dəstəyini ifadə edir.
ABŞ üçün 370 000 kv/km-lik sahəyə malik Xəzər dənizində həyata keçirilən nəhəng enerji layihələrinin təhlükəsizliyi önəmlidir və yeni Administrasiya bu layihələrin əsas müəlliflərindən olan Bakıya açıq dəstəyini ifadə edir.
Prezident Co Baydenin dövlət başçısı İlham Əliyevə ünvanladığı təbrik məktubu ABŞ-ın yeni Administrasiyasının Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirilməsində maraqlı olduğunu, ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə yüksəldiyini, dostluq və tərəfdaşlıq xarakteri daşıdığını nümayiş etdirir.
Uğurlu balanslaşma siyasəti aparan Bakı dünyanın əsas güc mərkəzlərindən olan Vaşinqtonla da daha sıx əməkdaşlıq müstəvisinə qədəm basır və təqdirəlayiq haldır ki, ABŞ Azərbaycanın önəmini açıq mətnlə ifadə edir. Co Baydenin Prezident Əliyevə yazdığı məktubu onu göstərir ki, qarşıdan gələn dövrdə Azərbaycanla müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişaf etdirilməsi ABŞ üçün prioritetdir. Bakı ilə əməkdaşlığın gücləndirilməsi Vaşinqton üçün Cənubi Qafqaz - Xəzər dənizi regionunda siyasi prioritetlər sırasına daxildir. Bu amil Bakının siyasi çəkisinin nə dərəcədə artdığının bariz nümunəsidir.
ABŞ ikinci Qarabağ müharibəsi və Azərbaycanın tarixi qələbəsi nəticəsində regionda yaranmış yeni reallığı görür və bu reallıqlar çərçivəsində Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına səy göstərəcəyini bəyan edir. Başqa sözlə, Birləşmiş Ştatlar Ermənistana da reallığı qəbul etməyi təklif edir və sabitliyin dayanıqlı olmasını özünün təhlükəsizliyi ilə əlaqələndirir. 44 günlük savaşın qalibi olan Azərbaycan Xəzər dənizi hövzəsində sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin əsas oyunçusudur. Bu baxımdan, Ermənistana gerçək vəziyyətin qəbul edilməsinin vacibliyi çatdırılır. Vurğulayaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsi enerji təhlükəsizliyinə təminat verməklə yanaşı, bütün iştirakçı tərəflərə fayda gətirən layihədir və Vaşinqton bu layihənin dayanıqlı olmasında maraqlıdır.
ABŞ artıq uzun illərdir ki, təhlükəsizlik məsələlərində Azərbaycanla sıx əməkdaşlıq edir. Vaşinqton Bakının bu sahədə etibarından o qədər əmindir ki, Bayden məktubunda “Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq” yazır.
Azərbaycan Əfqanıstandakı əməliyyatlara öz logistika dəstəyini təmin edir. Azərbaycan hərbçiləri NATO hərbçiləri ilə birlikdə bu ölkədə davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə öz töhfələrini verir. Digər tərəfdən, Azərbaycan Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətindəki layihələrin əsas iştirakçısıdır.
Bir sözlə, Bakı bölgənin ən mühüm oyunçuları sırasındadır və Co Bayden kimi təcrübəli və praqmatik siyasətçi bu amili nəzərdən qaçıra bilməzdi.
Təbrik məktubu ilə Co Bayden Azərbaycanın tərəfdaşlığını və Cənubi Qafqaz regionunda liderliyini qəbul etdiyini nümayiş etdirmiş oldu. Ümumi dəyərlərə və məqsədlərə çağırışların davam etdiyi bir vaxtda ABŞ prezidenti Azərbaycan xalqını, Prezident İlham Əliyevi təbrik etməsi Bakıya verilən dəstək kimi də dəyərləndirilə bilər. ABŞ-ın enerji məsələlərində Azərbaycana verdiyi dəstəyin önəmli olduğunu ətraflı şərh etməyə ehtiyac yoxdur. Azərbaycan dünyanın güc mərkəzləri tərəfindən qəbul edilir və Co Baydenin Novruz təbriki bunu bir daha sübuta yetirir. ABŞ liderinin məktubunda “Biz, həmçinin iqtisadiyyatınızın şaxələndirilməsi və Xəzər dənizində enerji imkanlarının inkişafı ilə bağlı səylərinizi dəstəkləyirik. Amerika Birləşmiş Ştatları iqtisadi əməkdaşlıq üçün yeni imkanları nəzərdən keçirmək arzusundadır” deyə qeyd etməsi Vaşinqtonun Azərbaycanla əməkdaşlığın yeni imkanlarını nəzərdən keçirmək niyyətində olduğunun açıq ifadəsidir.
Bir daha aydın olur ki, ABŞ Azərbaycanı güclü, dinamik inkişaf edən, sabitliyə və təhlükəsizliyə mühüm töhfə verən, qlobal müstəvidə önəmli təşəbbüslərlə çıxış edən və yaranan problemlərin həllinə əməli dəstək verən ölkə kimi görür. Azərbaycanın COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsində beynəlxalq səviyyədə sərgilədiyi mövqe, Avrasiyanın enerji təhlükəsizliyinə, regionda və daha geniş coğrafiyada təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələr də ABŞ-ın yeni rəhbərliyinin diqqətindən qaça bilməzdir. Bu baxımdan cənab Baydenin məktubunu Vaşinqton-Bakı münasibətləri və əməkdaşlığının “yol xəritəsi” də hesab etmək olar.
APA Analytics