Azərbaycan, Avropa İttifaqı (Aİ) və Ermənistan liderlərinin mayın 14-də Brüsseldə keçirilmiş növbəti üçtərəfli danışıqlarının yekununda Aİ Prezidenti Şarl Mişelin mətbuat üçün bəyanatında bir çox mühüm məqam yer almışdı. Bunlardan ən əsası Azərbaycan və Ermənistanın Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin ərazi bütövlüyünü tanıması, Əliyev və Paşinyanın görüşdə Azərbaycanın 86,6 min kv.km və Ermənistanın 29,8 min kv.km-lik ərazi bütövlüyünə sadiqliyini təsdiq etməsi idi.
Mişelin bəyanatından aydın olurdu ki, Ermənistan və onun lideri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu Avropa İttifaqı platformasında bir daha təsdiqləyir. Çünki Azərbaycan ərazisinin keçmiş SSRİ vaxtında 86.6 min kv.km olduğu bütün dünyaya məlumdur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də bu əraziyə daxildir.
Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bu dəfə başqa platformada təsdiqləyib, özü də öz dilindən verdiyi bəyanatla... Paşinyan Avropa Şurasının İslandiyada keçirilən sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29800 kv-km-lik ərazi bütövlüyünü tanıyır.
Bu, Ermənistan rəhbərliyi səviyyəsində Qarabağın Azərbaycan ərazisi olmasının ilk rəsmi bəyanıdır. Paşinyan bu bəyanatla faktiki olaraq “Qarabağ - Azərbaycandır!” deyir, çünki artıq qeyd etdiyimiz kimi, Azərbaycanın 86,6 min kv.km ərazisinə təbii olaraq Qarabağ da daxildir.
44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əldə etdiyi zəfər artıq siyasi və hüquqi baxımdan təsdiqlənir - Ermənistan rəhbərliyi faktiki olaraq Azərbaycana qarşı ərazi iddialarından imtina edir və Qarabağ da daxil olmaqla ərazi bütövlüyümüzü tanıyır. Ermənistan və onun rəhbərliyi yaranmış yeni reallıqla barışmaqdan başqa çıxış yolu olmadığını anlamağa başlayıb. Bu isə Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir.
Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək məcburiyyətində qalmasından revanşizm ideyaları haqda düşünən qüvvələrə hərbi və siyasi dəstək verərək regionu yeni müharibəyə təhrik edən, özünü “ermənidən çox erməni” kimi aparan Fransa və digər ölkələr də nəticə çıxarmalıdır.
Fransa və regionu qarışdırmaq üçün planlar quran digər ölkələr Paşinyanın həm imzası, həm də bəyanatı ilə Qarabağı Azərbaycan ərazisi hesab etdiyini, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, nəhayət ki, anlamalı və qəbul etməlidir. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyıb, münasibətlərini normallaşdırmaq qərarı veribsə, digərlərinə bu prosesə səmimi şəkildə dəstək vermək düşər. Yoxsa hərəkətləri çox yersiz və gülünc görünür.
APA Analytics