Bəşəriyyət xeyli müharibə, epidemiya, fəlakət görüb və bunları atladıb. Hər bir epidemiya başlayanda insanlıq bunun əlində aciz qalıb, kütləvi qurbanlar verib, daha sonra isə həmin epidemiyanın müalicəsi çox-çox asanlaşıb. Lakin bu epidemiyalar baş verdiyi vaxtda nəinki sağlamlıq və yaşamaq probleminə çevrilib, həmçinin, bütün institutlaşmış sistemlərə öz təsirini göstərib.
“İspan qripi” hüquqda nəyi dəyişdi?
Epidemiya hətta müharibənin sonlandırılmasına, yeni dünya yaranmasına səbəb olub. XX əsrin əvvəlində “İspan qripi” yayıldı. Bu epidemiya I Dünya Müharibəsini demək olar ki, yarımçıq saxladı, tərəflər sülh müqaviləsi bağladılar. I Dünya Müharibəsinin nəticələri ilə razılaşmayanlar cahanı yenidən bölüşdürmək üçün 19 il sonra II Dünya Müharibəsini başladılar.
Amma “İspan qripi”ndən sonra dünya yeni hüquqi münasibətlərlə davranırdı. İnsanların dövlət, din, siyasi, iqtisadi baxışları dəyişmişdi.
Bəzi cəmiyyətlər idarə olunma yetkisini tamamilə dövlətə verərək, arzuolunmaz və gözlənilməz hallardan qorumaq üçün sol yanaşmaya, digərləri isə azad bazar münasibətlərinə üstünlük verdi. Dünya böyük əksəriyyətlə sol və sağ cinahlara bölündü.
II Dünya müharibəsindən sonra yeni dünya düzəni tamlaşdı. 1945-ci ildə BMT, 1949-cu ildə NATO və Avropa Şurası, 1952-ci ildə Avropa İttifaqı kimi təsisatlar yarandı. Bu beynəlxalq təsisatlara qoşulan ölkələr orda qəbul edilən qərarları parlamentlərində ratifikasiya etməklə ümumi dövlət idarəetmə və oxşar hüquq sistüemləri yaratmağa başladılar.
Dünyada bir sıra fərqli hüquq sistemləri olsa da, insan hüquqlarına, koorperativ hüquqa oxşar baxışlar yarandı.
1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, 1950-ci ildə Romada imzalanmış İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası insan hüquqlarına yeni baxış gətirdi. Və bu konvensiyada qeyd olunana müddəalar üzv ölkələrin Konstitusiyası ilə ziddiyyət təşkil edə bilməzdi. Yaşamaq, azadlıq, ədalətli araşdırma, fikir, vicdan, işgəncələrin, köləliyin qadağan olunması və s haqları özünü ehtiva edirdi. Və bunlara nəzarət etmək üçün üzv ölkələrin üstünlüyünü qəbul etdiyi Avropa Məhkəməsi yarandı.
Koronavirus pandemiyasının gerçəkləri
Məşhur hüquq nəzəriyyəçisi Hobbs qeyd edirdi ki, dövlət hakimiyyəti vahiddir, heç nə ilə məhdudlaşmır, vətəndaş qanunları üzərində dayanır. Nəzəriyyəçiyə görə, “ictimai müqavilə” əsasında insanlar öz azadlıqlarını məhdudlaşdırıb, əsas hüquqlarını qarantiyaya almaq üçün dövlətə verirlər.
Koronavirus pandemiyası dövründə məhz bu cür oldu. Hətta insan hüquqlarını daha çox məhdudlaşdırıb, amma virusa qalib gəlməyi bacaran, prosesi az itki ilə davam etdirən dövlətlərə digər cəmiyyətlərdə təqdir və həsəd yaranıb. İnsanın həyatda qalma və yaşama instinkti, həvəsi yaranışdan etibarən mövcuddur. Bəlkə də buna görə, insan sonradan qazanılmış azadlıqlarını məmnuniyyətlə yaşamaq həvəsinə qurban verir.
Bəzi Avropa ölkələrində hətta bunun şahidi olduq ki, dövlətin zəif müdaxiləsi müsbət nəticəyə kömək etmədiyi üçün adamlar özləri hərəkət, sərbəst yerdəyişmə, toplaşma və s. hüquqlarını məhdudlaşdırırdılar.
Pandemiya dövründə bəzi ölkələrdə fövqəladə vəziyyət elan olundu və bu davam edir, karantin, xüsusi karantin rejimi tətbiq edildi, xeyli hüquqlar məhdudlaşdırıldı. Sərbəst toplaşma, yaşayış yeri seçmə, eyni zamanda iş, əmək, təhsil, hərəkət, daşıma və s kimi konstitusion hüquqların məhdudlaşdırılması adamlarda etiraz yaratmadı. Çünki bu epidemiya ilə bağlı vətəndaşların həyatı və təhlükəsizliyinin təmin edilməsinə görə tətbiq olunan məhdudiyyət idi. Və bütün bu yaşananlar insanın dünyaya baxışını dəyişməkdədir.
Postpandemiya dövründə insan hüquqları
“İctimai müqavilə” nəzəriyyəsinə görə, rifaha və inkişafa nail olmaq üçün insan öz hüquqlarının bir qismini dövlətin ixtiyarına verir.
Və inanır ki, belə immuniteti yaranan dövlət onun hüquqlarının pozulmasının qarşısını alacaq, təkbaşına nail ola bilməyəcəyi sosial rifahını təmin edəcək. Yəni, insan bir sıra azadlıqlarını qurban verir, nəticədə istənilən çətin və təhlükəli vəziyyətdə dövlətin onu qoruyacağına inanır.
Koronavirus pandemiyası bir çox gerçəkləri, mövcud münasibətlərdəki qüsurları ortaya çıxardı. Və post pandemiya dövründə yeni münasibətlər sisteminin yaranması üçün düşünməyə əsas verdi.
Məsələn, Avropa ölkələrində tibbi sığorta sistemi qurulub. Lakin pandemiyanın yaratdığı mənzərədə çox sadəcə xəstəxanalarda yer olmadı və sığortalılar da xəstəxanaya qəbul edilə bilmədi. Nəticədə sığorta hüququndan istifadədən məhrum oldular. Sığorta olunanla-sığortaçı arasındakı öhdəlik faktiki yerinə yetirilməmiş qaldı. Hazırda suallardan biri budur: tibbi sığorta ekstremal vəziyyətdə şəxsi xəstəxanada xidmətdən istifadə etməkdən siğortalamırsa, bu sistemə ehtiyac varmı?
Yəqin ki, geniş yayılmış tibbi sığorta sisteminin xüsusilə Qərbi Avropa ölkələrində ortaya çıxardığı problemlər post pandemiya dövründə müzakirə mövzularından biri olacaq.
Ümumiyyətlə, pandemiya sığorta münasibətlərini xüsusilə aktuallaşdırdı. Avropa ölkələrinin çoxunda sığorta şirkətlərinin fövqəladə vəziyyətə hazır olmadığı göründü. Post pandemiya dövründə bu hallar kifayət qədər məhkəmə mübahisəsinə səbəb olacaq.
Eyni zamanda, pandemiya vətəndaşlara hüquq münasibətlərini yenidən gözdən keçirmək barədə düşünmək imkanı verdi. Müqavilələrin peşəkar hüquqşünasların iştirakı və rəyi ilə hazırlanması halları yəqin ki trendə çevriləcək. Xüsusilə, bank-vətəndaş münasibətlərinin rəsmiləşməsi prosesində iki tərəfdən də hüquqşünasın iştirakının vacibliyi pandemiya dövründə ortaya çıxan problemlərlə daha çox anlaşıldı.
Post pandemiya dövründə online bazar münasibətlərinin indiyə qədər müşahidə edilməmiş revanşını görəcəyik. Bütün dünyanın həyata keçirdiyi “evdə qal” kampaniyası distant təhsili, online ticarəti, online idarəetməni aktullaşdırdı və mümkünlüyünü ortaya qoydu. Artıq yeni bazar və əmək münasibətləri yaranır ki, bunun da hüquqi bazasının formalaşması mütləqdir.
Postpandemiya dövründə beynəlxalq münasibətlər
Pandemiya dövründə bir sıra beynəlxalq toplantıların video-konfrans kimi keçirildiyini gördük. Əslində gələcəkdə xərclərin azaldılması, operativliyin təmin edilməsi, vaxta qənaət üçün bu modelin geniş tətbiqetməsinin mümkünlüyü sınaqdan keçirildi.
Bu gün dünya mediasında əsas müzakirə mövzularından biri də post pandemiya dövründə insanların avtoritar idarəetməyə meyllənəcəyi ilə bağlıdır. Belə düşünənlərin əsas arqumenti liberal dəyərlərin bu virus qarşısında tab gətirməməsidir.
Pandemiya bəzi hallarda qloballaşmanı sürətləndirsə də, əksərən dünya düzənində “problemi öz sərhədi daxilində həll etməyin vacibliyi və lazımlılığına”na inamı artırdı. Məsələn, “vahid sərhəd” platforması ilə qurulmuş Avropa İttifaqı virusla mübarizədə İtalyanı faktiki tək qoydu. Bu ittifaqda hər ölkə ayrı-ayrılıqda mübarizə taktikası qurdu, yardımlaşma meyllərini müşahidə etmədik. Halbuki Avropa İttifaqının əsasnaməsinə görə, vahid bazarda iqtisadiyyatın daha çox inkişafı, vahid müdafiə platforması olmalı idi. Pandemiya bunların kağız üstündə olduğunu göstərdi.
Avropa İttifaqı nümunəsi digər beynəlxalq təsisatlara da aiddir. Dünya illərdir ki, BMT-nin mexanizminin işləmədiyini, Avrozona Avropa Şurası, Avropa İttifaqı kimi beynəlxalq təşkilat və birliklərin təsir imkanlarının çox zəiflədiyini müzakirə edir. II Dünya Müharibəsindən sonra yaranmış beynəlxalq təsisatlar vasitəsilə idarəetmənin effektsizliyi illərdir ki, ayrı-ayrı dövlət başçıları və ekspertlər tərəfindən səsləndirilir.
Bu prosesin bariz nümunələrindən biri “Brexit”dir. Yeri gəlmişkən, hələ pandemiya başa çatmamış Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlı proses başladı. ABŞ artıq ÜST-ə maliyyə yardımı ayrılması prosesini dayandırdı və Tramp bu qurumla bağlı sərt tənqidi fikirlər söylədi.
Postpandemiya dövründə Azərbaycanda hüquq
Pandemiya Azərbaycanda effektli mübarizə tədbirləri ilə operativ idarəetmənin mövcudluğunu göstərdi. Eyni zamanda əmək müqavilələrinin tənzimlənməsi, bazar, bank və icarə münasibətlərindəki hüquqi problemləri ortaya çıxartdı. Dövlətin yardım və təşviqetməsi xüsusilə özəl sektoru “kölgə iqtisadiyyatın”dan əl çəkib hüquqi bazar münasibətlərinə keçməyə sövq edəcək.
Məsələn, əmək müqaviləsi olmayanların xüsusi karantin dövründə qarşılaşdıqları problemlər gələcək əmək münasibətlərində daha diqqətli və tələbkar olmağa sövq edəcək.
Əmlak bazarında hüquq münasibətləri köklü dəyişəcək, hətta yenidən formalaşacaq. Bank-vətəndaş, borclu və borc verən, alqı-satqı və s tərəflər arasındakı müqavilələr artıq formallıqdan çıxacaq. Tərəflər müqavilələrin peşəkar hüquqşünaslar tərəfindən və praktik hazırlanmasına çalışacaqlar.
Pandemiya göstərdi ki, qanunvericilikdə fors-major hallarda münasibətlərin tənzimlənməsi ilə bağlı müddəaların əlavəsinə ehtiyac var.
Qalib kim olacaq?
Dünyanın yaşadığı iki müharibənin yaratdığı gerçəkliklər və hüquqi münasibətlər “super güc” anlayışını yaratmış və qalibi müəyyən etmişdi. Qərb!
XX əsrdə formalaşmış beynəlxalq hüquq normaları Qərbdən gəlirdi və dünya bunu model kimi qəbul edirdi.
Pandemiyadan sonrakı dövrün qalibi isə bu prosesdən daha az itki ilə, daha təmkinli idarəetmə ilə çıxanlar olacaq. Yəqin ki, tezliklə yeni dünyanın yeni hüquqi münasibətləri, beynəlxalq birlikləri və konvensiyalarının qəbulunun da şahidi olacağıq…
Şamil Paşayev
Hüquqşünas