• TƏHLİL

    11:00 17 aprel 2020

Prezidentə məktublar: Azərbaycan vətəndaşı İlham Əliyevə dəstəyini nümayiş etdirir - TƏHLIL

2020-ci ilin aktual mövzusu, bütün ili bizimlə “birgə” olacağı barədə proqnozlar eşitdiyimiz koronavirus pandemiyası faktiki olaraq yeni dünya düzəni yaratmaqdadır.

Son əsrdə dünyanın güc mərkəzi, “bütün çətinlərin asan olduğu” ölkələri pandemiya qarşısında aciz qaldılar, bu ölkələr hər gün minlərlə yoluxma, yüzlərlə ölüm, iqtisadi problemlər, depressiyanın yaratdığı kritik hadisələrlə üz-üzə qalıb.

Bu günə olan göstəricilərə görə, Azərbaycan epidemiyadan sığortalanmasa da, pandemiyanın pik həddindən qorunmağı bacarıb. Beynəlxalq mərkəzlərin təhlillərinə görə, ölkəmiz üçün kritik dönəm aprelin ilk 20 günü idi. Bu dövrün çox əhəmiyyətli hissəsi geridə qalıb və bu müddət ərzində statistik təhlillərə görə, Azərbaycan yoluxmanın sağalmanı üstələdiyi çox az ölkələrdən biridir. Səbəb isə birdir: Azərbaycan dövləti, Prezident İlham Əliyev təhlükəni, onun miqyasını əvvəldən gördü, ilk gündən Nazirlər Kabineti yanında Operativ Qərargah yarandı, sərhədlərdə məhdudlaşmalar tətbiq edildi, məktəblər tətilə göndərildi. Karantin zonaları tez yaradıldı, Azərbaycan çox sürətlə müasir tipli laboratoriyalar qurdu, 22 xəstəxana koronoviruslu xəstələrin müalicəsi üçün ayrıldı. Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə bir neçə müasir xəstəxanada işlər təcili olaraq tamamlandı və xəstəxanalar fəaliyyətə başladı.

Bütün sərhədlərdə qəbul-çeşidləmə məntəqələri yaradıldı, xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi planlı şəkildə həyata keçirildi və dərhal karantinə alınmaq proseduru tələbkarlıqla aparıldı. Metro, kütləvi əyləncə, istirahət və ticarət mərkəzləri bağlandı, ictimai iaşə obyektlərinin fəaliyyətinə fasilə verildi, xüsusi karantin rejimində həyatın davam etməsi üçün texnoloji imkanlar səfərbər edildi.

Azərbaycanda dövlət başçısı başda olmaqla, dövlət və hökumət strukturları online idarəetməyə çox çevik adaptasiya oldular. Hətta Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının fövqəladə Zirvə görüşü videokonfrans vasitəsilə keçirildi.

Təhsil sistemindəki fasilə çox qısa müddətdə distant təhsillə əvəzləndi. Prezident İlham Əliyev əhaliyə, sahibkarlara iş və sosial qayğılardan narahat olmamaqla bağlı çağırış etdi, bu ehtiyacların qarşılanması üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrıldı.

Azərbaycan Prezidenti milli həmrəylik düsturu ilə çıxış etdi. Koronovirusla Mübarizəyə Dəstək Fondu, Prezidentin ölkə və türk dünyası ilə bağlı təşəbbüsləri başqa ölkələrdə təcrübəyə çevrildi.

Bütün baş verənlər, Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə, qazanılan nəticələr təkcə ÜST, müxtəlif ölkələr tərəfindən müsbət qarşılanıb təqdir edilmir, bu prosesi sadə azərbaycanlılar də izləyir. Bu elə bir prosesdir ki, azərbaycanlılar təkcə bunu izləmirlər, həm də yaşayırlar, görürlər, öz həyatlarında hiss edirlər. Və təbii ki, həm də dəyərləndirirlər. Əslində, bütün dünyada konkret məsələyə ən düzgün qiyməti sıravi vətəndaş verir. Dövlətin, dövlət başçısı İlham Əliyevin gördüyü işlərə də ən düzgün qiyməti Azərbaycan vətəndaşları verir və bu qiymətin nədən ibarət olduğunu sıravi insanların bu mübarizənin əsl müəllifi olan Prezident İlham Əliyevə ünvanladığı məktublardan aydın görmək olar. Həmin məktublardan bir neçəsinə diqqət edək:

Mingəçevirdən Bəhmən Paşayev ölkə başçısına ünvnladığı məktubunda yazır: "Möhtərəm cənab Prezident! Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyası vətənimiz Azərbaycandan da yan keçməyib. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və əhatəsinin məhdudlaşdırılması istiqamətində vacib addımlar atılıb. Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır. Cənab Prezident, əminik ki, “Biz birlikdə güclüyük!” çağırışınızla bu virusa tez bir zamanda qalib gələcək, bu bəladan az itki ilə qurtulacağıq. Bütün mingəçevirlilər Sizə güvənir, Sizinlə qürur duyur, şərəfli və məsuliyyətli işinizdə Sizə uğurlar diləyirlər".

Sadə vətəndaş problem və onun həlli yoluna tam dolğun qiymət verir. Belə ki, koronavirusla mübarizədə dünyanın bir çox ölkəsində tibbi ləvazimatlarla bağlı yaranan problemlər artıq ölkəmizdə öz müsbət həllini tapıb. Yeni açılan müəssisədə gündəlik istehsalın 200-250 min tibbi maskaya çatdığı bildirilir. Bu o deməkdir ki, artıq Azərbaycan tibbi ləvazimatları idxal edən yox, istehsal edən ölkəyə çevrilib.

Ən əsas məsələ odur ki, sadə vətəndaş ölkə başçısının yürütdüyü siyasi kursun fəlsəfəsini anlayır. Prezidentə dəstək verən insanlar bunu nə üçün etdiklərini əminliklə bilirlər. Gəncədən Mətləb Məhərrəmov bunları yazır: "Hörmətli cənab Prezident. Koronavirus pandemiyasının ölkəmizdə kütləvi yayılmasının qarşısını almaq üçün atdığınız addımlar öz nəticəsini verməkdədir. Bir neçə gündür bu virusla əlaqədar Azərbaycanda nikbin statistika müşahidə olunur. Xəstəliyə yoluxanlarla sağalanların sayının təqribən eyni olması ümidlərimizi və inamımızı daha da artırır. Sizin vaxtında gördüyünüz tədbirlərin real nəticələr verəcəyini əvvəlcədən gözləyirdik. İnanırıq ki, bu sahədə vəziyyət get-gedə daha da yaxşılaşacaq və xalqımızın canı bu bəladan birdəfəlik qurtaracaq. Cənab Prezident, Ulu Tanrı hər zaman yolunuza işıq salsın, Sizi bədnəzərdən qorusun".

İctimai rəyin öyrənilməsi və dəyərləndirilməsi baxımından məktublarda yer almış məqamlar olduqca maraqlıdır. Azərbaycan insanı gözəl anlayır ki, koronavirusla mübarizədə Azərbaycanın əldə etdiyi başlıca uğur məsuliyyət və nizam-intizamın yüksək səviyyədə olması, milli birlik nümayiş etdirilməsi və qabaqlayıcı addımların vaxtında atılmasıdır.

Digər bir məktubda, Salyandan Qabil Bağırov yazır: "Hörmətli Prezident. Koronovirus pandemiyası Azərbaycan sərhədlərini keçən kimi Sizin gördüyünüz qabaqlayıcı tədbirlər, xəstəliyin daha geniş ərazini əhatə etməməsi üçün verdiyiniz tapşırıqlar bu problemi nəzarətdə saxlamağa imkan verdi. Bu tədbirlər Sizin üçün xalqın sağlamlığının hər şeydən üstün olduğunu göstərir. Bununla da Siz bir daha hər bir azərbaycanlının Prezidenti olduğunuzu təsdiq etdiniz. Müxtəlif sosial təbəqələrdən olan insanlara kömək edilməsi, bu məqsəd uğrunda hamının səfərbər olması Sizin bu gərgin və məsuliyyətli günlərdə söylədiniz “Biz birlikdə güclüyük!” çağırışının sayəsində oldu".

Vurğulayaq ki, pandemiyaya qarşı mübarizə çərçivəsində Bakıda və bir neçə bölgədə modul tipli xəstəxanaların yaradılması nəzərdə tutulur və yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqla təchiz ediləcək. Digər tərəfdən, bir çox xarici ölkələrdə çalışan azərbaycanlı həkimlər dövlətin hesabına vətənə gətirilir. Məsələn, "REACT-C19 layihəsi çərçivəsində Türkiyədən gətirilən azərbaycanlı həkimlər Bakıda 4 xəstəxanada çalışacaqlar, daha sonra regionlara yollanacaqlar.

Həmçinin, Azərbaycanda iqtisadi sabitliyin təmin edilməsinə, məşğulluqla bağlı problemlərin həllinə, makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına ən azı 2.5 milyard manat ayrılacaq.

Dövlət başçısının koronavirus təhlükəsi ilə əlaqədar atdığı daha bir örnək addım isə yaşı 65-dən yuxarı olan məhkumların azadlığa buraxılması barədə əfv sərəncamı imzalaması oldu.

Beləliklə, Azərbaycan dünyanı vahiməyə salmış pandemiyaya qarşı savaşı demək olar ki, öz vəsaiti hesabına aparır. Azərbaycan yeni bir nümunə yaradır. Bütün bu işlər Prezident Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Vətəndaşlar da ölkə başçısının bu humanist və çevik siyasətini anlayır, təqdir edirlər.

APA Analitics

ONA

Teqlər:

SON XƏBƏRLƏR