Müzəffər Azərbaycan Ordusunun uğurlu anti-terror əməliyyatı cəmiyyətdə o dərəcədə yüksək əhval ruhiyyə yaradıb ki, bəzi insanlar əldə olunulan strateji və taktiki qələbənin mahiyyətinə belə yetərincə önəm vermirlər.
Qarabağda yeni tarix yazılır və ölkə vətəndaşından tələb olunan, sadəcə, səbir və təmkin nümayiş etdirməkdir.
Ölkə başçısı İlham Əliyev Prezident seçkilərində inamlı qələbə qazanan zaman xalqa vəd vermişdi-işğal altında olan torpaqlarımızı azad edəcəyik, qaçqınlar öz yurdlarına dönə biləcək.
Hətta rəqibləri belə etiraf edirlər ki, Prezident İlham Əliyev indiyədək verdiyi hər bir vədi yerinə yetirib. Odur ki, dövlət başçısının torpaqlarımızın azad olunacağına dair vədinə əməl edəcəyinə kimsənin şübhəsi yox idi. Prezident Əliyev bunu bacardı və Azərbaycanın anti - terror əməliyyatı davam edir. Hazırda dövlət başçısı hazırda bu vədini əzmlə yerinə yetirir. Əgər bu gün Prezident Əliyev “mən bilirəm nəyi nə vaxt eləmək lazımdır” bəyanatını verirsə, deməli, Azərbaycan daha böyük uğurların astanasındadır və buna nail olmaq üçün milli birliyi qorumaq son dərəcə vacibdir.
Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlər davam edir.
Lakin bəzi məqamlarda buna maneə sayıla biləcək proseslər baş verir. Unutmamalıyıq ki, hər şeyin öz vaxtı var və son vaxtlar cəmiyyətdə müşahidə olunan səbirsizlik əhvalı yaymaq ümumi işə ancaq mane olur.
Bir nüans da diqqətdən qaçmamalıdır ki, cəbhədə döyüşlə yanaşı, Azərbaycan, ölkənin rəhbəri diplomatiya sahəsində vuruşur. Cəbhədə əldə olunan uğurlar artan beynəlxalq təzyiqlər fonunda baş verdiyini yaddan çıxarmaq olmaz.
Azərbaycan çox qısa bir zamanda uzun bir yol keçə bildi. Düşmənin 4 il ərzində işğal etdiyi və 27 il möhkəmləndiyi ərazilərin yarısı cəmi 1 aya işğaldan azad edildi. Bu, hərb tarixinə yazılacaq uğurdur. Bu gün cəmiyyətdə qısa vaxta daha çox ərazi gözləntisi var, bu, anlaşılandır. İnsanlarımız qələbəyə susayıblar və qısa zamanda böyük qələbə xəbərləri almaq istəyirlər. Lakin bəzi insanlar sanki müharibənin getdiyinin fərqində deyillər, baş verənləri idman yarışı kimi izləyirlər. Azad edilən hər bir məntəqə igid əsgərlərin qəhrəmanlığı və qanı bahasına baş verir. 27 ildə cəbhə xəttində möhkəmlənən terrorist ölkə müqavimət göstərir. Döyüşlərin getdiyi ərazilər təbii istehkamlardan ibarətdir və Ordumuz məhz belə şəraitdə böyük qələbələrə imza atır.
Bu gün qələbədən ruhlanan insanımız daha böyük uğurların intizarındadır. Ali Baş Komandan, cənab İlham Əliyevin də dediyi kimi, bu uğurlara çox qalmayıb. Lakin 1 ay ərzində əldə etdiyimiz uğurları da unutmamalıyıq. Bir qədər əvvəl Azərbaycan insanı azərbaycanlı idmançının və ya komandanın erməni rəqibi üstələməsini böyük qələbə kimi bayram edirdi. Bu gün böyük bir ərazinin azad edilməsinin miqyasını kiçildə bilmərik. Daha böyük qələbələr də olacaq, lakin bu, bir günə olmur. Söhbət yüzlərlə insanımızın həyatından gedirsə, tələsmək olmaz. Bu gün cənab İlham Əliyevin, bir Ali Baş Komandan kimi məqsədi yalnız torpaqları azad etmək yox, həm də cəbhədəki əsgər və zabitlərimizi qorumaqdır. Ona görə də hansısa məntəqəni bir günə, lakin böyük itkilər hesabına deyil, təmkinlə, taktiki gedişlərlə, mərhələli şəkildə və az itki ilə azad etmək yolu seçilir. Bu taktika qələbənin daha az itki ilə başa çatmasına hesablanıb. Prezident Əliyevin hər bir hərbiçimizin taleyindən narahat olduğu göz qabağındadır, qələbəyə vətəndaşını qorumaqla nail olmaq istəyir.
Azərbaycandan fərqli olaraq, Ermənistan vətəndaşları Paşinyan hakimiyyətinin intriqalarının girovuna çevrilib. Paşinyan qadın və uşaqları döyüşlərə qatılmağa vadar edərək, öz hakimiyyətini qorumaq istəyir. Onun üçün xalqı maraqsızdır, onu yalnız hakimiyyətdə qalmaq, kreslosu maraqlandırır.
Bu gün azad edilən hər bir şəhər, hər kənd, hər məhəllə əsgərlərimizin qanı hesabına azad olunur, oğullarımız şəhid olur. Onların bu qəhrəmanlığına hörmətlə, ehtiramla yanaşılmalıdır. Müzəffər Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin, Ali Baş Komandanın səylərinə, zəhmətinə dəyər verməli, əldə olunan böyük uğurları düzgün qiymətləndirməliyik.
İndiki zamanda əsgərimizə dayaq olmalı, onları daha böyük qələbələrə ruhlandırmalıyıq.
Əslində, cəmi bir aya azad olunmuş 4 rayon və kəndlər strateji baxımdan gələcək çox böyük uğurların əsasını qoyur, lakin bu ərazilər, əsasən, cənubda - düzəngah ərazidə yerləşir. Artıq döyüşlər dağlıq ərazilərə keçib. Dağlıq ərazilərdə döyüş aparmaq isə elə də asan deyil. Bununla belə, Azərbaycan Ordusu bunun da öhdəsindən layiqincə gəlir və artıq düşməni diz çökdürür. Sadəcə olaraq, dağ və səhra şəraitində döyüşlərin intensivliyi fərqlidir və hər kəs bunu nəzərə almalıdır. Tələsmək, səbirsizlik nümayiş etdirmək ümumi işimizə zərbə vura bilər.
Bir məqamı da diqqətdən qaçırmamalıyıq ki, düşmənlə müharibə yalnız cəbhədə yox, informasiya sahəsində də davam edir. Düşmənin yaydığı xəbərlər tirajlamaq olmaz. Hansısa məntəqənin itirilməsi və ya tutulması haqda düşmənin yaydığı xəbərlərin arxasında gizli məqsəd, taktiki gözlənti ola bilər. Buna görə də düşmənin yaydığı informasiyalara yox, yalnız rəsmi təsdiqlənmiş məlumatlara önəm verilməlidir. Unutmayaq ki, informasiya məkanına atılmış adi bir informasiya əsgərlərimiz və zabitlərimizin həyatına təhlükə yarada bilər. Sosial şəbəkə istifadəçiləri bunu anlayışla qarşılamalı, bütün addımlarını qələbə naminə, qələbə qazanmağa yardım üçün atmalıdırlar. Azərbaycan artıq qalibdir və terrorçu ölkəni tam təslim olmağa vadar etmək üçün hərbi vəziyyətin tələblərinə əməl etməyə borcluyuq.
Bizi olduqca böyük qələbələr gözləyir. Gəlin, səbirsizlik nümayiş etdirməklə bu xəbərləri eşidəcəyimiz günü yubatmayaq.
APA Analytics