Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir. “Vətən naminə Tavuş” hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Təkcə mayın 13-də İrəvanda etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb. Düzdür, onlar bir neçə saat sonra sərbəst buraxılıb, lakin bu “mərhəmət” heç də həmişə müşahidə olunmur. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb. Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb.
Jurnalistlərin hadisələri işıqlandırmasına, peşə fəaliyyətini yerinə yetirməsinə mane olan polisin qanunsuz əməlləri Ermənistan Jurnalistlər İttifaqının da etirazına səbəb olub. İttifaqın etiraz bəyanatında vətəndaşların kütləvi həbsi zamanı xüsusi təyinatlı polis dəstəsinin və post-patrul xidməti əməkdaşlarının polis zorakılığını qeydə alan 24news.am əməkdaşı Meri Manukyana zorakılıq göstərməsi, bu zaman onun huşunu itirməsi, yaxud başqa bir epizodda polis əməkdaşının pilləkənlərlə qalxan ABC Media-nın operatoru Mher Davtyanı qəsdən arxadan itələyərək yıxması, onun əlindən xəsarət almasına səbəb olması faktları sadalanır. İttifaq Ermənistan hakimiyyətinin iqtidaryönlü media nümayəndələrinə isə yumşaq, həlim münasibət göstərməsini, müxalifət jurnalistlərinə ikili standartlar və təzyiq metodu seçməsini tənqid edir. Media nümayəndələrinə sonuncu təzyiq faktı isə mediahub.am saytının əməkdaşı Nare Qevorkyanın polis maşını tərəfindən vurulmasıdır. Ayağından xəsarət alan jurnalist tibbi klinikalardan birinə yerləşdirilib.
Göründüyü kimi, Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunur.
Burda məsələ fırıldaqçı keşiş Baqratın təşkil etdiyi aksiyalar deyil, məhz Ermənistan polisinin davranışları, zorakılığı, aqressivliyi, həbsləridir.
Məsələnin ən maraqlı tərəfi isə "Human Rights Watch”, "Amnesty İnternational", "Fredoom House” kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının bunlara heç bir əsaslı reaksiya verməməsidir.
Ermənistanla paralel siyasi gərginliyin yaşandığı, kütləvi etirazlara meydan olan qonşu Gürcüstanla bağlı isə vəziyyət fərqlidir. Hakim “Gürcü Arzusu” partiyasının ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etməyə hesablanan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə qəbul etmək planlarına qarşı davam edən etiraz aksiyaları bütün adıçəkilən hüquq təşkilatları, Qərb ölkələrinin səfirləri və XİN əməkdaşları tərəfindən diqqətlə izlənilir.
Tbilisidəki etirazları mikroskop altında müşahidə edən Qərb aksiyalar zamanı qeydə alınan istənilən kiçik pozuntuları, güc tətbiqini dərhal qeydə alır, etiraz dolu bəyanatlar səsləndirir. Çünki “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini öz maraqlarına təhlükə görür. Buna görə ABŞ Dövlət Departamenti, Fransa və digər Avropa ölkələrinin XİN-i, Avropa Şurası və Avropa parlamenti ilə yanaşı, özlərini insan hüquqlarının qoruyucusu elan edən təşkilatlar etiraz aksiyalarında polis zorakılığını pisləyir, pozuntuları tirajlayır.
Misal üçün, İrəvanda baş verənlərə susan "Amnesty İnternational” təşkilatı Gürcüstan hakimiyyətindən “dinc nümayişçilərə qarşı qeyri-qanuni güc tətbiqini dayandırmasını və günahkarları məsuliyyətə cəlb etməsini” tələb edib. Özlərini hüquq müdafiəçisi kimi təqdim edən bu tip təşkilatların bəyanatları Qərb ölkələrinin XİN-i tərəfindən yayılan bəyanatlarla çox oxşar səslənir, eyni tezislərdən ibarət olur. ABŞ Dövlət Departamenti, Fransa XİN, Avropa İttifaqının açıqlamalarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi barədə tələb “Amnesty İnternational” və digər təşkilatlar tərəfindən də eynən təkrarlanır. Bu isə həmin təşkilatların müstəqilliyini sual altına qoyur, Qərbin xoşuna gəlməyən məsələlərin insan haqları sahəsindəki “problemlər” yolu ilə əsaslandırılaraq qarşı tərəfə yeridilməsindən xəbər verir.
Yəni, Ermənistan və Gürcüstandakı oxşar aksiyalarla bağlı ortaya qoyulan yanaşma Qərbin demokratiya anlayışının vahid, standart və bərabər prinsiplərdən ibarət olmadığını, sırf öz maraqlarına uyğun formada, təhrif edilmiş şəkildə həyata keçirildiyini göstərir.
Belə çıxır ki, nə qədər Paşinyan və onun başçılıq etdiyi hökumət qərbyönümlü siyasət yürüdür, Rusiyanın təsir orbitindən çıxmağa doğru gedir, nə Qərb hökumətləri, nə də onların təsiri altında olan QHT-lər Ermənistandakı aksiyalarda polis zorakılığına, həbslərə, qondarma ittihamlara, jurnalistlərə təzyiqlərə, siyasi opponentlərin saxlanılmasına, hətta ölümünə (2019-cu ildə Ermənistan Qartalları-Vahid Ermənistan partiyasının sədr müavini Mher Yeqizaryan həbsxanada aclıq aksiyası nəticəsində ölüb-red.) səs çıxaracaq. Ən azı son illər görünən tendensiya, Azərbaycan və Gürcüstanla Ermənistan arasında qoyulan fərq bunu deməyə əsas verir. Ermənistanda baş verənlər repressiyaların, jurnalistlərə təzyiqin kiçik bir hissəsi Azərbaycanda olsaydı, bunun Qərbdə doğuracağı siyasi sunami effektini təsəvvür etmək çətin deyil. Son günlər Tbilisi və İrəvanda gedən oxşar proseslərə fərqli yanaşma bunu bir daha sübut edir.
Gəlinən nəticə budur ki, Qərb üçün insan haqları, media azadlığı, sərbəst toplaşma hüququ ölkələr üzrə dəyişir. Hansı ölkə Qərb ölkələri, Qərb institutları ilə əməkdaşlıq edir, onların istədiyi kimi davranır – indiki halda Ermənistan kimi – orada bütün sadalanan haqları tapdalamaq, polis zorakılığına göz yummaq olar. Hansı ölkə Qərbin iradəsinin əksinə gedir, həmin ölkələrdə havada uçan milçəyin belə hüquqlarının qorunması qərbdəkilər üçün çox vacibdir.
Bu həqiqəti artıq hər kəs görür və anlayır. Odur ki, ABŞ, Fransa və digər ölkələrin, eləcə də adını hüquq müdafiə təşkilatları qoyan qurumların səsləndirdiyi bəyanatları heç kim ciddi qəbul etmir.
APA Analytics