• TƏHLİL

    16:26 4 dekabr 2021

Şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi yönündə növbəti addım - TƏHLİL

Müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir. Belə ki, Azərbaycan hökuməti şəhid ailələri, müharibə əlilləri və bu kateqoriyadan olan digər şəxslərin sosial durumunun yaxşılaşdırılması üzrə ardıcıl tədbirlər həyata keçirir. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq Azərbaycanda yeni vergi güzəştlərinin tətbiqi nəzərdə tutulub. Bu, Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qanun artıq parlamentdə qəbul olunub.

Söhbət bu kateqoriyadan olan şəxslərə vergi güzəştinin iki dəfə artırılmasından gedir. Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olan hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur. Vergi Məcəlləsinə birinci oxunuşda təklif edilən dəyişikliklər artıq ikinci oxunuşda nəzərə alınıb. Qanun layihəsində mənfəət vergisi bəyannaməsinin kameral yoxlanılması ilə bağlı müddət 90 iş günündən 60 iş gününə endirilib. Qanun layihəsində şəhid ailələrinə və müharibə əlillərinə göstərilən maddi yardımların gəlir vergisindən azad olunan məbləği 10 min manatdan 20 min manata artırılması təklif edilib. Layihədə Vətən müharibəsində şəhid olan və yaralanan şəxslərin banklara olan borcların silinməsi, əldə olunan gəlirlərin vergidən azad olunması maddəsi də əksini tapıb. Bununla yanaşı, “yaralanan şəxslər”in “müharibə iştirakçıları” termini ilə əvəz edilməsi də Milli Məclis tərəfindən qəbul olunub ki, bu da imtiyazların əhatə dairəsini kifayət qədər genişləndirəcək. Vergi güzəştlərinin birinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə də şamil edilməsi ikinci oxunuşda qəbul olunub.

Qeyd edək ki, 2022-ci ilin büdcə layihəsində sosial yönümlü xərclərin həcmi 13,5% artırılaraq 13,851 mlrd. manata çatdırılıb. Təkcə sosial müdafiə və sosial təminat xərcləri 3,566 mlrd. manat nəzərdə tutulub.

Birinci Qarabağ müharibəsi zamanı xəsarət alan, lakin sığorta məbləğini almayan hərbi qulluqçulara və onların varislərinə sığorta məbləğinin ödənilməsi üzrə qəbul olunan öhdəliklərin mərhələli şəkildə qarşılanması üçün 2022-ci ilin dövlət büdcəsinin xərclərində 67 mln. manat vəsait nəzərdə tutulub.

İkinci Qarabağ müharibəsi qəhrəmanlarının sosial müdafiəsi üçün sosial təminat sistemində yeni təqaüd növü kimi 2 min manat məbləğində Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təsis olunub.

Bundan başqa, bu günədək dövlət sosial dəstək paketi çərçivəsində 6 mindən çox şəhid ailəsi üzvlərinin, qazinin məşğulluğu həll edilib. Eyni zamanda, Ölkə başçısı tərəfindən 8 dekabr 2020-ci il tarixində təsis edilən “YAŞAT” Fondu tərəfindən indiyədək 48,49 mln. manatdan çox ödənişlər həyata keçirilib. Ödənişlərin 64,8%-i müraciət edənlərin məişət şəraitinin yaxşılaşdırılmasına (31,8 mln. manat), 22,7%-i tibbi xərclərin ödənilməsinə (11,13 mln. manat), 11,2%-i borc öhdəliklərinin qarşılanmasına (5,51 mln. manat), 1,3%-i isə təhsil peşə və s. (0,63 mln. manat) istiqamətlərə yönəlib.

Həmçinin, Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərin, erməni terrorundan zərər çəkənlərin sosial dəstəyi təmin olunur. Belə ki, 33 min şəxs artıq bu tədbirlərlə əhatə olunub. Şəhid ailələri və müharibə əlillərinə bu il üzrə 3 min mənzil və fərdi evin verilməsi işləri aparılır. Artıq 1 900 mənzil bu kateqoriyadan olan vətəndaşlara təqdim olunub. İndiyədək isə 11,1 min şəhid ailəsi və müharibə əlilinə mənzillər və fərdi evlər verilib. Dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evlərin verilməsini nəzərdə tutur.

Onu da qeyd etmək lazımdır ki, cari ilin yanvar-noyabr aylarında Vətən müharibəsinin 2 200 qazisinə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı aparılıb və hazırda da bu işlər davam etdirilir. Son üç ildə həmin ödənişlərdə orta hesabla 2 dəfə artım qeydə alınıb.

Bununla yanaşı, şəhid ailələrin də bir sıra imtiyaz və sosial təminat hüquqları təmin olunur. Bu imtiyazlara müxtəlif maliyyə yardımları, psixoloji dəstək, sanatoriya-kurort müalicəsi, işlə təminatı və s. daxildir. Belə ki, həlak olan hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişi, dəfn mərasiminin təşkili üçün 3 min manat maliyyə yardımı, şəhid ailələrinə aylıq 500 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilir. Şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə aylıq pensiya ödənilir, olmadıqda isə hər ailə üzvü aylıq 80 manat məbləğində müavinət alır. Şəhid əsgərdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ olan ailə üzvləri zəruri sənədlərlə müvafiq dövlət qurumuna birbaşa müraciəti əsasında təyinat aparılır.

Əlavə olaraq şəhid ailəsi üzvlərinə post-müharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir, şəhid ailəsi üzvləri tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilir, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunur.

Həmçinin, şəhid ailəsi üzvlərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir. Bundan əlavə, şəhid ailəsi üzvləri haqqı ödənilən ictimai işlərə, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilir, müəssisələrdə iş yerlərinə işlərə qəbulu və əməkhaqqının 100%-dək maliyyələşdirilməsi təmin olunur.

Statistik rəqəmlərə nəzər yetirdikdə, həm Vətən müharibəsindən əvvəl, həm də sonrakı dövrdə şəhid ailələrinin, qazilərin daim dövlətin diqqətində olduğunu, onların sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitlərinin yaxşılaşdırılması üçün zəruri olan bütün addımların atıldığı göz önündədir və bu qayğı dövlət siyasətinin əsas prioriteti kimi qiymətləndirilir.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR