• TƏHLİL

    13:31 13 dekabr 2022

Volkovun üçtərəfli bəyanata zidd fəaliyyəti: Sülhməramlılar Laçın yolunun bağlı qalmasında niyə maraqlıdır? - TƏHLİL

Təxminən bir sutkadan çoxdur ki, azərbaycanlı eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda etiraz aksiyası keçirirlər. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən azərbaycanlılar separatçıların, eləcə də üçüncü tərəflərin ekoloji terroru dayandırmasını tələb edirlər.

Ərazidə çadırlar quraraq aksiyanı gecə boyunca davam etdirən fəallar dünəndən Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini və onlarla görüşməsini tələb edirlər. Bu tələb yerinə yetirilsəydi, dinc aksiya çoxdan başa çatar, aksiya səbəbi ilə Laçın dəhlizində gecələmiş ermənilər də rahat öz işlərinin dalınca gedərdilər. Lakin general Volkov görüşməməkdə qətiyyətli görünür, əksinə, o, sülhməramlıları iriçaplı silahlarla, zirehli texnikalarla geyindirib-kecindirib dəstə-dəstə dinc aksiyaçıların üstünə göndərir.

Yaranmış gərginliyə, Laçın yolunun bloklanmasına baxmayaraq, rusiyalı general eko-fəallarla görüşməməkdə hələ də israr edir.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında imzaladığı üçtərəfli bəyanata əsasən, bölgəyə müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının əsas vəzifələrdən biri məsuliyyət zonasında yaranmış mürəkkəb vəziyyətlərin aradan qaldırılmasına yardım etmək, bölgədə davamlı sülh və əmin-amanlığın bərqərar olmasına töhfə verməkdir. Lakin general Volkovun Laçın yolunda dinc aksiyaçılarla görüşdən qaçması sülhməramlıların fəaliyyətinə dair əsaslı şübhələri daha da gücləndirir. Bu, onu göstərir ki, Andrey Volkov gərginliyin aradan qaldırılmasında maraqlı deyil, əksinə, aksiyanın davam etməsini, humanitar məqsədlər üçün ayrılmış Laçın dəhlizinin qapalı qalmasını, ermənilərlə azərbaycanlılar arasında anlaşmazlıqların davam etməsini istəyir.

Yaxın həftələrdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi planlaşdırılıb. Hazırkı (və ola bilsin planlaşdırılmış digər) gərginliklər fonunda baş tutacaq görüşün sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində effektivliyi nəzərəçarpacaq dərəcədə azala bilər. Bunda isə yalnız Azərbaycan və Ermənistan arasında hərtərəfli nizamlamadan narahat olan tərəflər maraqlı ola bilər.

General Volkovun əraziyə gəlməyərək, gərgin situasiyanı saxlamağa çalışması onun həmin üçüncü tərəflərin maraqlarına xidmət edən bu prosesin iştirakçısı olduğunu göstərir.

Ümumiyyətlə, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş sülhməramlılardan gözlənti separatçılar üçün qalxan rolu oynamaq deyildi. Onların vəzifəsi məsuliyyət daşıdıqları bölgədə hər kəsi, bütün mülki şəxsləri qorumaq, dincliyin, sabitliyin və sülhün saxlanılmasına töhfə verməkdir. Lakin xüsusilə də son günlər şahidi olduğumuz hadisələr bunun tam əskini göstərir. Son proseslər fonunda sülhməramlıların bölgədə separatçı fəaliyyətlərin hamisinə və qarantına çevrildiyi hiss olunur. Bu qərəz nəinki sülhə xidmət edir, hətta tərəflər arasında ədavəti dərinləşdirir, yaraların sağalmasına imkan vermir.

Nümunə üçün azərbaycanlı ekoloqlarının Rusiya sülhməramlılarının komandanı Volkovla əvvəlcədən əldə edilən razılaşma əsasında sülhməramlıların müvəqqəti nəzarətində yerləşən ərazilərdəki mədənlərə səfərini də göstərmək olar. Sülhməramlılar bu mülki monitorinqin həyata keçirilməsinin qarşısını alanlara faktiki olaraq heç bir şəkildə mane olmadılar, əksinə kənara çəkilərək, Azərbaycanın dövlət rəsmilərini yerli ermənilərlə üz-üzə qoydular və təxribat üçün açıq şərait yaratdılar. Əlbəttə, istəsəydilər, ermənilərin əvvəldən ssenariləşdirilmiş bu şousunun qarşısını almağı yaxşı bacarardılar. Onlardakı bu bacarığı monitorinqdən cəmi bir neçə gün əvvəl azərbaycanlı jurnalistlərin bölgədə peşə fəaliyyətlərini yerinə yetirmələrinin qarşısını almalarından bilirik. Ancaq baş verənlər belə qənaətə gəlməyə əsas verir ki, məhz Volkov özü əvvəlcədən öyrədilmiş erməni separatçılarının həmin əraziyə gələrək, monitorinqə mane olmasına şərait yaradıb, bu azmış kimi, Moskvanın Xankəndiyə xüsusi missiya ilə göndərdiyi Ruben Vardanyanın qanuni hakimiyyət nümayəndəsi kimi, dövrəyə girməsinə çalışıb. Lakin bu ssenarinin nəyə xidmət etdiyini yaxşı anlayan monitorinq qrupunun üzvləri heç bir legitimliyi olmayan cinayətkar biri ilə nəyisə müzakirə etməkdən təbii ki imtina ediblər. Belə görünür ki, Vardanyanla planlaşdırdığı ssenarisi boşa çıxan Volkov vəziyyətin gərginləşdirilməsi üçün yeni ideyalar üzərində işləyir.

Artıq uzun müddətdir ki, Rusiya sülhməramlı kontingentinin komandanlığının ölkəmizə qarşı bu cür qərəzli mövqeyi açıq müstəviyə keçib və bu fonda general Volkov iddia edir ki, sülhməramlılara qarşı kampaniya aparılır.

Əslində, onun aksiyaçılarla görüşdən qətiyyətlə imtina etməsi deməyə əsas verir ki, sülhməramlı kontingentin fəaliyyətinə kölgə salan başlıca amil general Volkovun özüdür. Generalın bu yolla bölgədə gərginliyin saxlanılmasına töhfə verməyə çalışması sübut edir ki, o, hazırkı gərginlikdə maraqlıdır və ya maraqlı tərəflərin planının, bu prosesin iştirakçısıdır. Bu, bir daha, göstərir ki, Rusiya sülhməramlıları nə öz vəzifələrini yerinə yetirməkdə, nə də bölgədə gərginliyin aradan qaldırılmasına töhfə verməkdə maraqlıdır və onlar öz vəzifələrinin ziddinə fəaliyyət göstərirlər.

Ehtimal ki, Volkov hələ dünən aksiya keçirilən əraziyə gələrək eko-fəallarla, QHT nümayəndələri ilə görüşsəydi, aksiya başa çatardı və vəziyyət bu qədər gərgin hal almazdı. Lakin o, əraziyə gəlməməkdə hələ də qərarlıdır və görünür, şəxsən Laçın dəhlizi üzərində gərginliyin qalmasında, yolun bloklanmasında maraqlıdır.

Təəssüf ki, sülhməramlıların hazırkı fəaliyyəti (oxu - fəaliyyətsizliyi) Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhün əldə edilməsinin qarşısını almağa, Qarabağ ermənilərinin vətəndaşı olduqları Azərbaycana inteqrasiyasına, xalqlar arasında ədavətin saxlanılmasına xidmət edir. Bu isə onlara olan ümidləri, gözləntiləri sarsıdır, Rusiyanın imicinə zərbə vurur, ölkələr arasında etimadı azaldır.

Və ən nəhayət, Qarabağda yaşayan erməni əhali anlamalıdır ki, onların blokadaya düşməsində, normal həyata dönmələrinin qarşısının alınmasında Azərbaycan, Laçın yolunda dinc aksiya keçirən eko-fəallar deyil, məhz Rusiya sülhməramlıları və onların komandanı general Volkov günahkardır.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR