• TƏHLİL

    14:49 5 mart 2021

“Xocalı qatili” Koçaryan yenidən hakimiyyət iddiasına düşüb - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın Rusiya KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransı bu ölkədəki revanşist qüvvələrin növbəti təxribatı kimi dəyərləndirilə bilər.

“Xocalı qatili” çıxışında vurğulayıb ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq. O, fikirlərini gücləndirmək üçün tarixdən misal çəkib: “İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi”.

R. Koçaryan Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş cani, uşaq qatilidir. Ona elə Ermənistanın özündə də münasibət müsbət deyil. Müxalifətə qarşı repressiyalar həyata keçirən bu avantürist siyasətçi yenidən “Qarabağ” şüarı ilə hakimiyyətə qayıtmaq istəyir. Koçaryan anlayır ki, nə özünün, nə də “Qarabağ klanı”nın Ermənistanda heç bir nüfuzu yoxdur. Bu səbəbdən də hakimiyyətə qayıtmağın yalnız qiyam və çevriliş yolunu tanıyır. O, bunu gizlətmir də. Koçaryan mətbuat konfransında açıq bəyan edib ki, hərbi çevrilişdən qorxaq lazım deyil. Bu kreslo hərisi hakimiyyətə qayıtmaq üçün öz xalqının qanını növbəti dəfə tökməyə hazır olduğunu göstərir.

Açıqlamalarında, bəyanatlarında özünü Ermənistanın, erməni xalqının xilaskarı kimi təqdim edən R. Koçaryan ordunun yenidən qurulmasından da danışır. Lakin bu “uşaq qatili” unudur ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın edib və kiçik bir təxribat baş verərsə, erməni ordusunun son qalıqları da tam məhv ola bilər.

R. Koçaryan Birinci Qarabağ savaşındakı “qələbəsi” ilə də artıq fəxr edə bilməz. Azərbaycan Ordusu onun və Serj Sarkisyanın “uğurlarını” 44 gün ərzində darmadağın edib. Artıq onun “uğur kisəsi” tam boşdur. Kaçaryanın qürrələndiyi “təhlükəsizlik zolağı” da mövcud deyil. Azərbaycan Ordusu Şuşa, Laçın, Kəlbəcər və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı işğaldan azad etməklə, Koçaryan-Sarkisyan cütlüyünü diz çökdürüb. Bu cütlüyün nail olduğu yeganə uğur “təhlükəsizlik zolağı” idi, artıq o da yoxdur. “Xocalı qatilləri” nəyin uğrunda mübarizə aparmışdısa, ondan da məhrum olublar.

Robert Koçaryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi isə sərsəmlikdir. Ermənistan Almaniya deyil, dilənçi vəziyyətində olan ölkədir və onun revanş cəhdi sonunu gətirə bilər. Ermənistanın revanş üçün heç bir resursu mövcud deyil. Koçaryan çevriliş nəticəsində hakimiyyətə gəlsə belə, 10 noyabr razılaşmasını poza bilməz. Rusiya Prezidenti Putinin təbiri ilə desək, bu, Ermənistan üçün intihar olar. Koçaryan onu da unutmasın ki, artıq ötən əsrin 90-cı illəri deyil, Azərbaycan Türkiyə ilə, dünyanın aparıcı ölkələri ilə sıx əməkdaşlıq edir.

Ermənistanda baş verənlərin analizi belə qənaətə gəlməyə əsas verir ki, “Qarabağ klanı”nın seçkilər yolu ilə hakimiyyətə gəlmək perspektivi də mövcud deyil.

Bu gün Ermənistan çoxsaylı problemlərlə üz-üzədir. Ermənistan cəmiyyəti “Qarabağ klanı”nın girovluğundan azad olmaq istəyir. Azərbaycanın Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi artıq yoxdur və Dağlıq Qarabağın "statusu” məsələsi də gündəmdən birdəfəlik çıxıb. Bu baxımdan, Koçaryanın demaqoqcasına verdiyi gurultulu bəyanatlara da önəm verən yoxdur.

Ümumiyyətlə, Koçaryan Paşinyanı devirmək üçün yetərli gücə malik deyil. Odur ki, Baş Qərargahın, hərbçilərin gücünə arxalandığını gizlətmir. Moskva da artıq Köçəryanı ciddi siyasi fiqur kimi qəbul etmir. Onun son Moskva səfərinin iflasa uğraması da buna bir sübutdur. Koçaryan düşünürdü ki, etirazlarla Paşinyanı hakimiyyətdən devirəcək, lakin bu, alınmadı. Odur ki, o, hərbi çevriliş iddiası ilə çıxış edir. Erməni xalqına isə hakimiyyət oyunları deyil, sosial-iqtisadi təminatlarının bərpası lazımdır. Bu baxımdan, Robert Koçaryanın hər addımı onun özünü və təmsil etdiyi “Qarabağ klanı”nı tam iflasa uğrada bilər.

APA Analytics

ONA

Teqlər:

SON XƏBƏRLƏR