• TƏHLİL

    15:35 21 oktyabr 2020

Xudafərinin tarixi-siyasi aspektləri və Prezident İlham Əliyevin strateji zəfəri - TƏHLİL

Azərbaycan tarix yazmaqdadır. Bu gün xalqımız tarixi dövründə ən əlamətdar günlərini yaşayır. Sentyabrın 27-də hərbi əməliyyatların başlamasından sonra ordumuzun Cəbrayıl, Füzuli, Suqovuşan, Murov, Zəngilan və bir sıra digər yaşayış məntəqələrini işğaldan azad etməsi tarix dərsliklərində və kitablarında qızıl hərflərlə yazılacaq mühüm hadisələrdi.

Bu kontekstdə Xudafərin və Qız qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının işğaldan azad edilməsi yolunda hələ illər əvvəl Prezident İlham Əliyevin ortaya qoyduğu strateji düşüncə onun nə dərəcədə görkəmli dövlət adamı olduğunu bir daha sübut edir.

Ermənistan ordusunun 1993-cü ildə işğal etdiyi Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünün üzərində 27 il sonra Azərbaycan bayrağı ucaldıldı. Oktyabrın 18-i Qarabağda parlaq qələbəyə imza atan müzəffər ordumuz bu tarixi abidəni və strateji hidroqovşaqları əsl sahibinə, Azərbaycana qaytardı.

“Xudafərin” və “Qız qalası”nın azad edilməsi, həm də, ona görə sevindirici oldu ki, xalqımız bir daha Prezidentin nə dərəcədə düşünülmüş zəkaya sahib olduğunu görmüş oldu. Belə ki, hələ 23 fevral 2016-cı il tarixində Tehranda Azərbaycan və İran hökumətləri arasında “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” saziş imzalanmışdı.

Bir müddət əvvəl, dəqiq desək, bu ilin may ayında bəzi KİV və müxalifət dairələri sazişin reallaşması nəticəsində inşa edilən körpülərin işğalçı rejimin İranla etibarlı və rahat kommunikasiya imkanlarının yaranmasına xidmət edəcəyini bildirərək, ikitərəfli anlaşmanı qınayırdılar. Bu kommunikasiyaların açılmasının işğal olunmuş ərazilərdə separatçıların güclənməsinə və qanunsuz rejimin İranla siyasi əlaqələrinin dərinləşməsinə xidmət edəcəyi bildirilirdi. Bu razılaşmanın mahiyyətini və strateji əhəmiyyətini dərk etməyənlər, onda bunu az qala, “İran-Ermənistan əməkdaşlığı”na şərait yaradılması kimi qələmə verir, hakimiyyətə qarşı ittihamlar irəli sürürdülər.

Lakin “Xudafərin” və “Qız qalası”nın azad edilməsi Azərbaycan dövlətinin, hələ 4 il əvvəl necə böyük strateji qələbə qazandığını göstərmiş oldu.

Məsələnin mahiyyətinə varmayan, saziş haqqında dayaz məlumata malik olanlar hələ o zaman ikitərəfli müqavilənin hüquqi aspektlərinə diqqət etməli idilər. Elə sazişin bəndlərinə diqqət yetirsək, 2016-cı ilin fevralında imzalanmış sazişin preambulasında göstərilir ki, tərəflər BMT TŞ-nın məlum 4 qətnaməsinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə alaraq müqaviləni imzalayıblar. Bu isə, o deməkdir ki, imzalanmış saziş Azərbaycanın ərazi bütövlüyünə əsaslanan beynəlxalq sənəddir.

Artıq bu gün aydın olmaqdadır ki, Prezident İlham Əliyev İran və Azərbaycan arasında hələ 2016-cı ildə bu sazişə nail olmaqla hansı perspektivlər haqqında düşünürdü. Bu günlərdə Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad edilməsi nəticəsində Azərbaycan tərəfi “Xudafərin” və “Qız qalası” kimi mühüm strateji hidroqovşaqların istifadəyə verilməsinə yaxın vaxtlarda nail olacaq. İranla hələ 2016-cı ildə imzalanan saziş bir çoxunun işğal altındakı torpaqlarımızın azad olunacaqlarını təsəvvür etmədiyi bir dövrə təsadüf etmişdi, bunu unutmayaq.

Bu enerji planını həyata keçirmək üçün Azərbaycan Respublikası və İran İslam Respublikasının rəsmiləri və enerji mütəxəssislərindən ibarət birgə texniki komissiya yaradılmışdı. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi məqsədilə addımlar atılmışdı.

Xudafərinin işğaldan azad olunması Prezident İlham Əliyevin nə qədər uzaqgörən siyasətçi olduğunu bir daha göstərdi. 4 il öncə imzalanan saziş işğalçı Ermənistanın Araz çayı üzərindəki qanunsuz fəaliyyətinin qarşısını aldı. Məsələyə bu günün reallığından, yəni həmin ərazilərin işğaldan azad olunması prizmasından baxdıqda, aydın görmək olur ki, bu addımla həm də qarşıdan gələn dövrdə həmin bölgənin sosial-iqtisadi inkişafına böyük təkan verəcək mühüm bir layihə həyata keçirildi.

Bu hadisə Prezident İlham Əliyevin həqiqətən də böyük siyasətçi, strateq olduğunu, hər bir məsələni zərgər dəqiqliyi ilə hesabladığını nümayiş etdirdi.

Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Bu hadisə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə imzalanan müqavilənin tarixi əhəmiyyətini də göstərdi.

Hazırda, Xudafərin” hidroqovşağının tikintisi demək olar ki, tamamlanıb, “Qız qalası” hidroqovşağının bəndində isə, işlər yekunlaşmaq üzrədir.

1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi.

Beləliklə, Prezident İlham Əliyev bir daha nə dərəcədə dərin strateji düşüncəyə malik olduğunu göstərmiş oldu. Nadir şahdan sonra ilk dəfə Azərbaycanın qələbələr qazanması, 1828-ci ildən indiyə qədər regionda mövcud olan geosiyasi düzənin dağıdılması və yeni geosiyasi xəritənin Prezidentimizin başçılığı altında qurulmasının şahidiyik. Prezident İlham Əliyev Ermənistanın işğalını aradan qaldırmaqla, dünyanın və regionun güc mərkəzlərinin Azərbaycanla hesablaşmasını təmin etməklə yeni tarix yazmaqdadır.

Zaur Məmmədov

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun sədri

ONA

Teqlər:

SON XƏBƏRLƏR