• TƏHLİL

    14:28 8 noyabr 2022

Zəfər formulu: Prezident-Xalq-Ordu birliyi - TƏHLİL

Azərbaycan tarixinin qızıl səhifəsi olan Zəfərimiz xalqımızın həm də şərəf simvoludur. Bu Zəfər bizi məğlub xalqdan qalib xalqa çevirdi, bütün dünyanın gözündə Azərbaycanın nüfuzunu yüksəklərə vqaldırdı. Peşəkar, nizami, dövrünün ən müasir silah və texnologiyalarına malik böyük ordusu olsa da, müharibələrdən məğlub ayrılan, torpağı uğrunda fədakarlıqla döyüşsə də, faciələrlə üzləşən xalqlar çox olub. Vətənpərvər, qətiyyətli, müdrik, uzaqgörən, anında rasional qərarlar qəbul etməyi bacaran, böyük sərkərdəlik qabiliyyəti ilə fərqlənən rəhbəri, lideri, Komandanı olan xalqlar isə zamanın ağır sınaqlarından uğurla çıxmağı bacarıb. Bu xalqları qələbəyə məhz belə liderlər aparıb. Hətta ordusu düşmən ordusu ilə müqayisədə say, silah və texnologiya baxımından müəyyən qədər geri qalsa da, xalqına, ordusuna arxalanan rəhbər müdrikliyi, qətiyyəti və sərkərdəlik qabiliyyəti ilə böyük zəfərlərin qazanılmasını təmin edib.

Yaxın tarixə baxsaq, dövrün ağır şərtləri çərçivəsində qardaş Türkiyəyə belə tarixi Zəfəri Mustafa Kamal Atatürk qazandırmağı bacarmışdısa, Azərbaycan xalqına bu Zəfəri Prezident, Ali Baş Komandan İlham Əliyev yaşatdı.

Heydər Əliyevin inamı

“Mən İlhama özüm kimi inanıram”, - deyə xalqına xitab edən Ulu Öndər Heydər Əliyev 2003-cü ildə İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəndə də Azərbaycan xalqı böyük potensiala malik gənc siyasi liderə öz dəstəyini və inamını ifadə etdi. 2003-cü ildə prezident seçkiləri İlham Əliyevin parlaq qələbəsi ilə tarixə düşdü.

Heydər Əliyevin İlham Əliyevin şəxsində seçimi bu inamı doğruldacaq bir liderin seçimi idi və xalqımız 2003-cü ildə həm də bu inama səs verdi. Bu, son nəticədə bugünkü Müzəffər və Qalib Azərbaycan dövlətinin gələcəyinə verilən dəstək idi.

Yeni güc mərkəzi

Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-2020-ci illərdə Azərbaycan nəinki həyata keçirilən sosial-iqtisadi layihələr sayəsində qüdrətli dövlətə çevrildi, həm də regional siyasət meydanında güc mərkəzi olmağı bacardı. Bakı dünyanın bir-birinə əks qütbündə dayanan aparıcı güc sahibi olan ölkələrin əsas təmas nöqtəsi halına gəldi. Bu aspektdə bir məqamı xüsusi qeyd etmək lazımdır. Sözsüz ki, qardaş Türkiyənin və Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana birmənalı siyasi və mənəvi dəstəyi, xüsusən ordu quruculuğu və müasir silah və texnologiyalarla təchizat sahəsində rolu çox böyükdür. Xalqımız bunu daim minnətdarlıq hissi ilə xatırlayacaq. Münasibətlərin belə yüksək səviyyədə olmasında iki ölkənin dövlət başçılarının rolu da müstəsnadır. Digər tərəfdən, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Vətən müharibəsi ərəfəsində güclü lobbisi sayəsində dünya siyasətinə yön verən, qabaqcıl silah texnologiyalarının istehsalı mərkəzlərindən birinə çevrilmiş İsraillə də münasibətlərin ən yüksək səviyyədə qurulmasına nail olmuşdu. Azərbaycan-Türkiyə, Azərbaycan-İsrail münasibətləri həmin dönəmlərdə İsrail-Türkiyə münasibətlərindəki müəyyən gərginliyin tədricən aradan qaldırılmasına müsbət mənada təsir göstərməyə, bu gərginliyin aradan qalxması üçün əlverişli bir zəmin yaratmaya bilməzdi. Təsadüfi deyildi ki, həmin vaxtlar İsrail və Türkiyə mediasında iki ölkənin münasibətlərinin normallaşmasında Azərbaycan Prezidentinin böyük rol oynaya biləcəyi barədə fikirlərə, analitik yazılara tez-tez rast gəlinirdi. Bu, özlüyündə ayrıca geniş bir mövzudur, ancaq fakt faktlığında qalırdı ki, Vətən müharibəsi ərəfəsində Azərbaycan qardaş Türkiyə və İsrailin dəstəyini alımışdı. İslam dünyasında xüsusi çəkiyə, nüfuza malik Pakistanın da birmənalı dəstəyini xüsusi qeyd etmək lazımdır. Eyni zamanda Vətən müharibəsi ərəfəsində artıq Prezident İlham Əliyevin 17 illik uğurlu diplomatik fəaliyyəti sayəsində Azərbaycana yönələ biləcək təzyiqlər də əhəmiyyətli dərəcədə neytrallaşdırılmışdı. Vətən müharibəsi dönəmində Rusiya, ABŞ və digər böyük güclərin davranışları da bunu deməyə əsas verirdi.

İnamlı Lider, inamlı Xalq

2016-cı ilin aprelində, daha sonra Günnüt əməliyyatı və Tovuz döyüşlərində Ordunun döyüş qabiliyyətini bir növ sınaqdan çıxaran Ali Baş Komandan 2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq Ordumuza əks-hücum əmri verməklə şərəfli, şərəfli olduğu qədər də riskli bir missiyanı öz üzərinə götürdü. Bu gün təkcə cənub qonşumuz İranın davranışlarına baxsaq, torpaqlarımızı azad etmək üçün tək Ermənistanla mübarizə aparmadığımız bir daha aydın olar. Əgər Fransa, Yunanıstan kimi dövlətlər diplomatik müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mübarizəsinin qarşısını almağa çalışırdısa, bu gün görürük ki, qonşuluğumuzda torpaqlarımızın işğaldan azad edilməsinin qarşısını almaq üçün istənilən fürsəti axtaranlar belə varmış. Ancaq Prezident İlham Əliyev böyük diplomatik məharət və inamla 44 günlük savaşda Ordumuzu və Xalqımızı böyük Qələbəyə aparmağı bacardı. Ən əsası bir Liderin inamı, qətiyyəti xəbis niyyətləri puç etdi.

44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatları, bu əməliyyatların ən möhtəşəmi sayılan Şuşa zəfərində inam amilinin önə çıxdığını söyləmək olar. Bu Zəfər Liderin, Ali Baş komandanın xalqına, bu xalqın vətənpərvər övladlarına, Orduya inamı, etibarı nəticəsində mümkün oldu. Bu Zəfər xalqın, millətin öz Liderinə, Ali Baş Komandanına, Sərkərdəsinə inamı nəticəsində əldə edildi.

Xalqına arxalanan Lider

Azərbaycanın Vətən müharibəsində qələbəsini şərtləndirən bir çox amilləri sadalamaq olar. Ancaq bunların başında xalqın öz rəhbərinə, liderinə, Ali Baş Komandanına sadiqliyi, xalqla dövlətin, xalqla Prezidentin həmrəyliyi gəlir. İnsanların Prezidentin bir çağırışı ilə hərbi komissarlıqlara axını göstərirdi ki, bu xalq Ali Baş Komandanın rəhbərliyi altında qələbəyə qədər gedəcəyinə əmindir. Məhz xalqın bu inamı, etibarı Ali Baş Komandanı daha qətiyyətli qərarlar verməyə ruhlandırdı. Prezident Əliyev xalqın bütünlüklə arxasında dayandığını, onunla həmrəy, həmfikir olduğunu gördü, hiss elədi. Məhz bu həmrəylik istər ön, istər arxa cəbhədə Qələbə üçün lazım olan bütün addımların atılmasına imkan yaratdı. Prezident olduğu 17 il ərzində xalqından daim dəstək görən İlham Əliyevin xalqına inamı, etibarı 2020-ci ilin payızında bir daha özünü təsdiqlədi. Vətən müharibəsində İlham Əliyev-xalq, xalq-ordu-hakimiyyət birliyi bütün dünyaya nümunə kimi ortaya çıxdı. Dostların sevinclə qarşıladığı, düşmənləri xar edən bu həmrəylik, qarşılıqlı sevgi dastana çevrildi.

Düşmən məhz bu birliyin, bu qətiyyətin qarşısında duruş gətirə bilmədi. Bu həmrəylik düşmənin müqavimətini qırmağa imkan yaratdı. Düşmən anladı ki, bu birliyin, bu inamın qarşısında müqavimət göstərmək yersizdir, yeganə yol qaçmaqdır, kapitulyasiyaya imza atmaqdır.

Xalqına güvənib Vətən müharibəsini Zəfərlə başa vuran Prezident Əliyev bu gün də xalqına arxalanıb işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparır.

Ali Baş Komandan və xalq bu gün də eyni inamla azad edilmiş torpaqları - Qarabağı, Şərqi Zəngəzuru cənnətə çevirməyə başlayıb, bu ərazilərdə dünyanı heyrətə salacaq böyük quruculuq, abadlıq işləri görür. Müharibədə Ermənistan və havadarları üzərində qələbə qazanmağın əsas şərtlərindən olan bu birliyin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasının uğurla başa çatdırılmasında yenə də əsas amil olacağı şübhəsizdir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR