Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - [color=red]REPORTAJ[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:20 26 Dekabr 2020

Füzulidəki erməni komanda mərkəzi, 2 km uzunluğunda minalı ərazi, Füzulinin heykəlinin tapılmağı - REPORTAJ

Əvvəlki yazı 

 

APA-nın əməkdaşları Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfər edib. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayıb. Bu silsilədən növbəti reportajı təqdim edirik:

Ermənilərin döyüşləri idarə etdiyi komanda mərkəzləri

Füzulidə hər dağ, hər dərə, hər düz, hər təpə 44 günlük Vətən Müharibəsinin izlərini daşıyır. Buranın hər qarışı əsgərlərimizin qanı, canı bahasına alınıb. Yol boyu gördüyümüz Ermənistan Silahlı Qüvvələrinə məxsus səngərlər, blindajlar, istehkamlar, sıradan çıxmış, yanıb kömürə dönmüş tanklar, hərbi texnikalar, ağac kimi yerə sancılmış raket başlıqları buna əyani sübutdur. 

Ağdamdan fərqli olaraq Füzulidə (sonrakı gün Cəbrayılda) belə mənzərələri hər yerdə görmək mümkün. Erməni tanklarının, hərbi texnikalarının çoxu elə yol qırağında, bəziləri də təpələrin döşündə, düzlərin ortasında vurulub qalıb. Görəsən, bu tankların, hərbi texnikaların hansıları müharibə vaxtı kadrlarına böyük diqqət və maraqla baxdığımız dronlarla vurulub, hansılar artilleriya atəşi ilə? Bakıda Zəfər paradı zamanı nümayiş olunan erməni hərbi qənimətləri onların bir hissəsi idi. Hələ nə qədəri bu dağlarda, dərələrdə, düzlərdədir, daşınıb müvafiq qaydada “ləğv ediləcəyi” anı gözləyir. Elə indicə yanından keçdiyimiz hərbçilər də vurulub sıradan çıxarılmış erməni tanklarından birini bizim tanka qoşub dartaraq ərazidən aparırlar. Gərgin iş gedir.

Füzuli şəhərinə aparan yolun sol tərəfində isə şumlanmış sahə görürük. Əkin yerinə oxşasa da əslində “biçin” yeridir, ərazilər xüsusi maşınlarla minadan təmizlənərkən yeri bu cür “şumlayırlar”. 

Kənd Horadizin dağılıb xarabalığa çevrilmiş evlərini (hansı biri dağılmayıb ki!) də geridə qoyub qarşıdakı təpənin üstündə müharibə vaxtı ermənilərin komanda idarəetmə mərkəzi olmuş istehkama-blindaja qalxırıq. Füzulidə, Horadiz ətrafındakı döyüşlər zamanı erməni komandirlər döyüşləri buradan idarə edirlərmiş. Yarısı köstəbək yuvası kimi torpağın içində qazılmış, qabağı kubik daşları ilə hörülü blindajlardır. Tikililərdən birinin qabağında dəmir masa qoyulub, içərisi dağınıqdır, boş konserv qabları, su butulkaları, erməni hərbçilərinin paltarları... Tikilinin bir tərəfində boş mərmi yeşikləri üst-üstə düzülüb, yan-yörəsində dəmir çəlləklər.

- Bu nə üçündür? – Yerə atılmış plastik insan fiqurunu göstərib bələdçimizdən soruşuram.

- Ermənilər bunlara hərbi forma geyindirib səngərə düzürlərmiş, guya əsgərdir.  – Manekenə möhkəm bir təpik ilişdirir.

- Burada döyüşlər gedib?

- Əlbəttə.

Bir qədər irəlidə döyüşlərin izlərini aydın görmək mümkündür; yanmış tank, onun yanında düşüb qalmış xarab “pk” pulemyotu, palçığa batmış gilizlər, mərmilər, dolu güllələr... Bu erməni tankı bizim istiqamətləri vururmuş, muradına çatmadan məhv edilib.

***

Minaaxtaranların istirahəti

Yolumuzun üstündə bir bölük əsgər görürük. Mərmi yeşiyinin taxtalarından ocaq qalayıb ətrafına yığışıblar. Yaxınlaşıb hal-əhval tuturuq.

Çirkli çəkmələr, soyuqdan donmuş əllər, ayazın-şaxtanın qarsıdığı üzlər...

İstehkamçılardır, ərazini minadan təmizləyirlər. Aralıda müxtəlif minaaxtaran cihazlar, bronjiletlər üst-üstə yığılıb.

Təəssüf ki, əsgərləri çəkməyə icazə yoxdur, onun üçün də ümumi danışdırırıq, heç birinin adlarını yazmırıq. Özləri də razı deyillər.

Soruşuram:

- Nə sözünüz var, yaxınlarınıza, doğmalarınıza nə demək istəyirsiz?

Üzləri gülsə də heç biri dinmir. Elə bil utanırlar.

- Hansı rayondan gəlmisiz?

- Hər rayondan var. – İçlərindən biri cavab verir.

- Sən hansı rayondan gəlmisən? – Üzümü həmin əsgərə tuturam.

- Ağsudan.

- Neçə ayın əsgərisən?

- Doqquz.

- Necədi burda xidmət?

- Bomba kimi.

Gülüşürlər. Ocağın istisindən çox əsgərlərin gülüşü canımızı isidir.

- Erməniləri bu torpaqlardan qovmusuz. Mən də əsgər olmuşam, amma bizim dövrün əsgərlərinə erməniləri qovmaq nəsib olmadı. Bu sizin payınıza düşdü. Nə hiss yaşayırsız?

- Bundan yaxşı hiss var? – Hansısa əsgər dillənir.

- Ürəkli olun, kimin nə sözü varsa desin, - komandirləridir.

- Komandir, bəlkə siz danışasız? Nə iş görürsüz burda?

- Biz istehkamçı dəstəyik.

- Aha.

- Əraziləri minalardan təmizləyirik. – Susur. Deyəsən komandir də əsgərlərindən fərqlənmir, danışmağa meylli deyil.

- Günə nə qədər ərazi təmizləyirsiz?

- Bu gün artıq on hektar təmizləmişik, hələ axşama qədər də təmizləyəcəyik.

Sahəyə taxtalar basdırılıb, perimetr boyu qırmızı lent çəkilib.

- O qırmızı lenti niyə çəkirsiz?

- Bura ermənilərin əkin sahəsi olub. Lentdən bu yana qalan ərazi artıq təmizlənib, o tayda qalan hissə isə yox. 

- Bu əkin sahəsindən nə qədər mina çıxıb?

- Mina çıxmayıb. Yolun o üzündəki sahədən sursat çıxıb. Oranı artıq mina və sursatlardan təmiz təmizləmişik, şumlanıb, əkilib.

Deməli, işğaldan azad edilən ərazilərdə ilk taxıl səpini də həyata keçirilib. Bircə qalır gələn il bu vaxt bu torpaqların məhsulunu yemək.

- Mina çox çıxır? – Yenə soruşuram.

- Burda çıxmayıb, amma qabaqda əkin sahəsindən xeyli mina çıxmışdı. Füzuliyə tərəf gedirsinizsə görəcəksiniz, yolunuzun üstündədi.

- Minaları ermənilər gedəndə döşəyiblər, yoxsa əvvəldən basdırıblar?

- Yox, müharibədən əvvəl ermənilər buralara taxıl əkirdilər, əkin sahələri olub buralar. Sadəcə görəndə ki, uduzurlar hər tərəfə mina döşəyib çıxıblar. Gələndə gördünüz? Döngədə arxasında yedəyi olan yanmış maşın vardı. Onu bizimkilər vurublar. Bax o maşın yolun qırağı ilə iki kilometr uzunluğunda mina sahəsi döşəyib. – Doğrudur, gələndə qabağımıza elə bir maşın çıxmışdı. – İndi hamısını təmizləmişik. Biz təmizlədikcə də “Azərişıq”ın əməkdaşları işıq dirəkləri basdırırlar. Şuşaya işıq çəkiləcək. Bizdən qabaqdadı işçilər. Bəlkə gedəndə qabağınıza çıxdılar.

- Döyüşlərdə iştirak etmişdiz? – Üzümü yenə əsgərlərə tuturam.

Dinən yoxdur.

- Aralarında döyüşlərdə iştirak edənlər də var. Amma bunlar “sapyor”durlar. Qabaqda gedib keçid açırlar, arxalarıyca ordu girir. – Komandirləridir.

- İtkiləriniz çox olub?

- Bir müddətdən artıq hərbi xidmət qulluqçumuz şəhid olub, iki yaralımız var.

***

“Dədəlinin kruqu”nda dalğalanan bayrağımız

Əsgərləri, dağılmış kəndləri, məhv olmuş evləri geridə qoyub gəlib çıxırıq “Dədəlinin kruqu” deyilən yerə. Burada polis postu qurulub. Postdan o yana Füzuli şəhəri başlayır. Maşını saxlayıb polislərdən yolu, gedəcəyimiz kəndlərin yerini soruşuruq.

- Meşənin içindən gəlirdiz e, ora İşıqlıdır. – Postda qabağımıza çıxan polis deyir. O kənddi də, hə E.? – Geri dönüb qabağı açıq dəmir daldalanacağın içindəki polis yoldaşına səslənir.

- Hə, oradı, - daldalanacaqdan səs gəlir. İçəridə polis və əsgərlər dayanıb. Dəmir sobada yemək isidirlər.

- Orda adamın üstünə ölü cücə zad atırlar, - bayaqkı polisdir.

- Niyə? – Təəccüblənirəm.

- Şərləyirlər də camaatı. - Daldalanacaq tərəfə boylanıb gülür. Allah bilir hansı polis yoldaşına ilişir.

- Bura dediniz “Dədəlinin kruqu”dur də?

- Hə, yuxarı isə “Aybatanlının kruqu”dur. Ordan dönürsən, şəhər başlayır. Bu yol isə avtovağzala aparırdı.

- Qardaş, gəlin çörək yeyin. - Yenə içəridəki polis dillənir.

- Yox, yeyin, nuş olsun, - cavab verirəm.

- Siz Füzulinin özünə girmisiz?

- Hə, o qədər.

- Şəhərin mərkəzində Füzulinin heykəli olub. Görməmisiz?

- Yox.

Telefonda Füzulinin heykəlini göstərirəm:

- Belə bir heykəl olmalı idi. Deyilənə görə mərkəz tərəflərdə, parkın ortasındaymış.

- Biz Füzulidə heykəl görməmişik. Burda şərəfsizlərin heykəli vardı, onu aşırdıq, yerinə bayrağımızı vurduq. – “Dədəlinin kruqu”nu göstərir. Dairənin ortasında bayraq dalğalanır.

- Bəs Qarğabazar kəndi hardadır? Orada Şah Abbas məscidi olmalıdır.

- Bax, əks istiqamətdə 4 kilometr gedirsən, orda yolun solunda, aşağıda kənd var. O, Qarğabazar kəndidir. Sadəcə minadan ehtiyatlı olun.

- Füzuli şəhərinin mərkəzində də hamam, məscid olmalı idi. Qalıb?

- Yeri qalıb e, sadəcə hamısı uçub də.

- Burda döyüşlər getmişdi?

- Füzulinin hər bir nöqtəsində döyüş gedib. Bax, burdan irəlidə onların hərbi hissələri vardı. Prezidentimiz demiş, getdi, gorbagor oldu hamısı. İndi orda Füzuli Şəhər Polis idarəsi, Fövqəladə Hallar Nazirliyinin şöbəsi yerləşir.

Postdakı polislərlə sağollaşıb gəlib çatırıq əvvəllər ermənilərin hərbi hissəsi olan yerə.

Burada hər daş, hər detal ermənilərin can hövlüylə qaçmaqlarından danışır. Hərbi hissənin inzibati binasının böyründə, yerdəki xaç formasında işarənin üstündə ermənilərin aprel döyüşlərində verdikləri itkinin xatirəsinə abidə varmış. Hazırda o abidə yoxdur. Əsgərlərimiz bura daxil olan kimi abidəni götürüblər. Binanın qarşısında isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaldırdığı bayraq dalğalanır.

Hərbi hissənin içindən keçib Füzuli şəhərinə giririk.

Prezidentin çıxışında dediyi kimi, Füzuli şəhərində bircə dənə də dağıdılmamış tikili tapmaq mümkün deyil. Vaxtilə müasir infrastruktura malik şəhərdən heç bir əsər-əlamət yoxdu. Ağdamda yenə aralıdan baxanda evlərin, binaların daşını-divarını görmək olur, Füzuli şəhəri isə tamamilə kol-kosun, şax-şəvəlin, ağac-uğacın içində itib-batıb, inzibati binaların, yaşayış evlərinin xarabalıqları, küçələr, yollar meşəliyin, cəngəlliyin arasında əriyib, yox olub. Azıx kimi ən qədim insan məskənlərindən birinə sahib olan Füzuli rayonunun mərkəzi son aya qədər sözün hər iki mənasında tülkü-çaqqal (!) yuvası olub.

Füzuli şəhərinin tarixi

Halbuki iri yaşayış məskənlərindən sayılan Füzulinin əsası 1827-ci ildə qoyulub. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunaraq Qaryagin adlandırılıb. Rayon mərkəzi Qaryagin qəsəbəsi olmaqla, Qozluçay, Köndələnçay, Araz boyu və Füzuli-Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə edib. 1959-cu ildə Məhəmməd Füzulinin 400 illik yubileyi münasibətilə rayonun adı dəyişdirilərək, Füzuli rayonu adlandırılıb.

Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar. Qarğabazar kəndində, Şah Abbas karvansarasından yuxarı, qayanın üstündə Qiyas əd-Din məscidi yerləşib. Bizim növbəti dayanacaqlarımızdan biri də məhz Qarğabazar kəndi olacaq. Lakin hələlik şəhərin özündə işimiz bitməyib.

Füzulinin heykəlini tapmağım və ya “Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!”

Səfərə çıxmazdan qabaq öyrənmişdik ki, vaxtilə şəhərin mərkəzindəki parkda Füzulinin heykəli ucalıbmış. Doğrusu, uşaqlıqdan ailədə dahi şairə sevgiylə böyüdülən biri kimi gedib heykəli tapmaq, son vəziyyətini öyrənmək özümə də maraqlı idi. Amma bunu necə edəcəkdim? Mən heç, köklü-köməcli füzulili də bu işin öhdəsindən çətin gələrdi.

Səfər yoldaşlarım Tarix-Diyarşünaslıq Muzeyinin (səhv etmirəmsə) binasından geriyə qalan yaraşıqlı bir divarın önündə çəkiliş aparırlar. Bildiyim qədəri ilə Füzuli şəhərində bayrağımız ilk dəfə bura sancılmışdı. Onlardan aralanıb əsas yol ilə eniş aşağı gəzinirəm, deyirəm bəlkə gözümə nəsə dəyə. Hələ ki, yalnız dağılmış evlər, böyürtkən kolları, akasiya, murdarça ağaclarıdır. Məndən sağ tərəfdəki hissə başdan-başa yaşıllıqdır, tikili qalıqları gözə dəymir. Fikirləşirəm ki, əgər bir zamanlar şəhərin mərkəzi olmuş bu hissədə tikili yoxdursa, deməli elə park da hardasa buralardaymış. Və birdən təxminən 50 metr aralıda uçub-dağılmış postamentə (?) gözüm sataşır. Təkbaşına yaxınlaşmağa ürək eləmirəm (mina!). Bələdçimiz olan polisi səsləyirəm. Bələdçi gəlir, ətrafı gözdən keçirir, təhlükəsizlik olduğunu müəyyən etdikdən sonra yaxınlaşıb postamentin ətrafını tədqiq edirik.

Postamentin yan-yörəsi daş-beton parçaları ilə doludur. Üstəlik neçə ilin otu, torpağı üstünü basıb. Postamentin arxasına dolanıram ki, görüm nə var? Nə olsa yaxşıdır! Heykəlin (Hansı heykəlin? Hələ bilmirəm.) ayaq hissəsi. Tez daşı-kəsəyi təmizləyib, heykəlin gövdə hissəsini də tapıram. Düzü inanmağım gəlmir, deyirəm yəni ilk cəhddən Füzulinin heykəlini tapmışam? Zəlzələ dağıntılarından zərərçəkmiş çıxarırmış kimi fiqurun böyür-başını asta-asta daş-kəsəkdən arıtlayıram, daş parçalarını tullayanda da diqqət edirəm (yenə mina!), bu dəfə heykəlin qolu görünür. Sonra tapdığım heykəl qalıqları ilə məndə olan şəklini müqayisə edirəm. Hə! Deyəsən Füzulinin heykəlini tapmışam axı. Açığı inana bilmirəm. Bəlkə də o məni tapıb, mən onu yox. O istəyib mənim onu tapmağımı! Yoxsa, əlimlə qoyubmuşam kimi necə gedib üstünə çıxmışam! Naxışıma bələdəm, bu yaşıma qədər hələ heç bir işim belə asan alınmayıb (burda smaylikin yeri görünür).

Bəlkə başqa heykəldir, heç Füzulinin deyil? O dəqiqə çəkiliş qrupumuzu çağırıram. Gəlirlər, baxırlar və onlar da heykəlin Füzuliyə məxsus olduğunu təsdiqləyirlər.

Bir halda ki, bu viranəliyin içindən Füzulinin heykəlini tapmışıq, yəqin tarixçəsini bilmək də hamımıza maraqlı olar. O zaman gəlin sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqovu eşidək.

Onun fikrincə dahi Azərbaycan şairinin Füzuli şəhərindəki heykəli 1970-ci ildə ucaldılıb: “Heykəlin müəllifi Xalq rəssamı, heykəltəraş Cəlal Qaryağdıdır. Düzdür, mən bu barədə məlumata yalnız Cəmilə Novruzovanın “Azərbaycan Sovet heykəltəraşlığı” kitabında rast gəlmişəm. Orda da bir cümlə ilə heykəlin müəllifi qeyd olunub, ölçüləri, materialı haqqında əlavə məlumat verilmir. Başqa heç bir mənbədə bu heykəl barədə yazılmayıb”.

S.Sadıqov mövcud abidə ilə Cəlal Qaryağdının müəllifi olduğu digər abidələr - Karl Marksın, Nəriman Nərimanovun heykəlləri -arasında üslub oxşarlığına da diqqət çəkir: “Bundan başqa 70-ci illərdə Cəlal məşhur heykəltəraşlarımızdan sayılırdı, bir çox bölgələrdə, xüsusən Qarabağda onun müəllifi olduğu abidələr quraşdırılırdı. Bütün bunlar onu deməyə əsas verir ki, Füzuli şəhərindəki heykəlin müəllifi Cəlal Qaryağdıdır”.

Belə görünür, dahi şairin Füzuli şəhərində qalıqlarını tapdığımız heykəli adi bir abidə yox, ustad sənətkarın tişəsindən çıxmış sənət nümunəsidir.

***

Füzulinin heykəlini tapmağımızın şirin təəssüratları ilə şəhərdən ayrılırıq. Yolumuz Qoçəhmədli kəndinədir. Oradakı XVIII və XIX əsrlərə aid məscidləri, Sarı baba ocağını çəkmək niyyətindəyik.

Amma...

(ardı var)

Davamında oxuya bilərsiniz: Qoçəhmədlidə maşınımızın qabağını nə kəsdi? Qarğabazar kəndindəki 4 əsrlik abidələrin indiki halı. Qiyas əd-Din məscidinin qabağındakı gizli quyu. Qarğabazar kəndinin mərkəzindəki müəmmalı abidələr.

 

Foto - İlkin Nəbiyev © APA GROUP

 

Mirmehdi Ağaoğlu

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR