• İQTİSADİYYAT

    11:53 11 aprel 2019

Komitə: Azərbaycanda daşınmaz əmlak obyektlərinə ünvan verilməsi elektron formada aparılır

Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsini əhatə edən xidmətlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və elektron formada göstərilir.

Komitədən ONA-ya verilən məlumata görə, daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbul edilməsi məsələləri bu istiqamətdə göstərilən xidmətlərə aiddir.

Qanunvericiliklə müəyyən edilmiş qaydalarda torpaq sahəsi ayrıldıqda, daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda habelə, obyekt müvafiq qaydada istismara qəbul edildikdə, daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda daşınmaz əmlaklara ünvan verilməsi aparılır. Eləcə də, daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda, ayrı-ayrı hissələrə bölündükdə və daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yaranan zaman ünvan verilməsi xidmətləri göstərilir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün müraciət edən mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Əmlak Xidmətləri Məkanına, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofislərində və ya elektron formada müraciət etməlidir.

Komitənin daşınmaz əmlaklara ünvan verilməsi xidmətindən onlayn istifadə etmək üçün Elektron Xidmətlər Portalındakı (e-emdk.gov.az) 7-ci bölməyə (Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi və ünvan reyestri məlumat bazasından arayışların, ünvan xəritələrindən çıxarışların, digər ünvan məlumatlarının verilməsi üçün müraciətin və sənədlərin qəbulu) daxil olmaq olar.

Xidmətdən istifadə etmək üçün ərizə (fiziki və hüquqi şəxs tərəfindən təqdim olunduqda), şəxsiyyəti təsdiq edən sənəd, daşınmaz əmlakın istifadədə, icarədə və ya mülkiyyətdə olmasını təsdiq edən sənəd, xidmət haqqının ödənilməsi barədə sənəd tələb olunur. Ərizə dövlət orqanları və bələdiyyələr tərəfindən təqdim olunduqda müşayət məktubu, nümayəndə tərəfindən təqdim olunduqda səlahiyyəti təsdiq edən etibarnamə və nümayəndənin şəxsiyyətini təsdiq edən sənəd də xidmətin həyata keçirilməsi zamanı tələb olunan sənədlərə aiddir.

Daşınmaz əmlak obyektinə ünvan verilməsi xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə “Azərbaycan Tarif (qiymət) Şurasının 31 iyul 2009-cu il tarixli 04 nömrəli qərarı” ilə müəyyən olunur. Ərizə daxil olduğu gündən 3 iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir. Bu barədə ərizəçiyə və ya onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR