Azərbaycan vətəndaşları vaxtı bitmək üzrə olan sənədlərlə bağlı məlumatı SMS və elektron poçt vasitəsi ilə ala biləcəklər. Bu barədə ONA-ya Elektron Hökumətin İnkişafı Mərkəzindən bildirilib.
Bu funksiya “myGov” layihəsi çərçivəsində istifadəyə veriləcək “Şəxsi kabinet”ə inteqrasiya olunacaq: "Layihəyə gələn aydan start veriləcək. “Şəxsi kabinet”də vətəndaşlar Fərdi İdentifikasiya Nömrəsi vasitəsilə onlara aid olan bütün məlumatları əldə edə biləcəklər".
Mərkəzdən onu da qeyd ediblər ki, hazırda təqdim olunan elektron xidmətlər konsepti tamamilə dəyişdirilir və indiki konsept daha çox DATA əsaslıdır.
“Yəni, əgər hazırda göstərilən xidmətlər reaktivdirsə, onlar gələcəkdə proaktiv olacaq. Məsələn, bu gün vətəndaş şəxsiyyət vəsiqəsinin müddəti bitməsi ilə bağlı dövlətə müraciət edir. Yeni konseptdə isə dövlət qurumu şəxsiyyət vəsiqəsinin vaxtı bitəcəyi barədə vətəndaşı məlumatlandıracaq. Belə ki, "myGov"da bildiriş sistemi olacaq və vaxtı bitmək üzrə olan sənədlərlə bağlı bildirişlər vətəndaşa SMS və elektron poçt vasitəsi göndəriləcək”, - deyə mərkəzdən qeyd olunub.