Strasburqda Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği çərçivəsində ərsəyə gətirdiyi “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının təqdimat mərasimi keçirilib.
ONA-nın məlumatına görə, Strasburqun mərkəzi “Kleber” Kitab Evində baş tutan tədbirdə tanınmış elm, siyasət, ədəbiyyat adamları, Avropa institutları, o cümlədən Avropa Məhkəməsinin əməkdaşları, jurnalistlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Fransada fəaliyyət göstərən “Kapaz” Nəşriyyat Evi tərəfindən tərcümə və nəşr edilmiş kitabda XIX-XXI əsr Azərbaycan yazıçılarının hekayələri yer alır.
Tədbiri giriş sözü ilə moderator, professor Tyeri Edmond açaraq, sözü ilk əvvəl Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılova verib. Səfir Azərbaycan Dövlət Tərcümə Mərkəzi və “Kapaz” Nəşriyyat Evinin sıx əməkdaşlığının məhsulu olan “Azərbaycan Ədəbiyyatı Antologiyası” kitabının Fransada nəşrini təqdir edib və bu kitabın xalqımızın zəngin mədəniyyətinə açılan bir pəncərə rolu oynadığını bildirib.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsud ədəbiyyatın ali missiyasından danışıb, ayrı-ayrı irqləri və millətləri təmsil edən dünya xalqlarının, əslində eyni ağrıların və sevgilərin daşıyıcısı olduğundan, tarix boyu bədii ədəbiyyatın bu qədim və əzəli doğmalığı dünya fikir müstəvisində yaşatdığından söz açıb. A. Məsud Azərbaycan dövlətinin, eləcə də Heydər Əliyev Fondunun milli ədəbiyyatımızın dünyada tanıdılması işinə yetirdiyi qayğı və diqqəti vurğulayıb.
Strasburq Universitetinin Türk Araşdırmaları Departamentinin direktoru, professor Stefan dö Tapia Azərbaycanın yerləşdiyi coğrafi ərazi, keçdiyi tarixi yol, daşıyıcısı olduğu mədəniyyət və mənsub olduğu dil qrupu haqqında məlumat verib.
Strasburq Universitetinin Dillər fakültəsinin dekanı, professor Jan-Pol Meyer kitaba daxil edilmiş əsərlərlə bağlı fikir və dəyərləndirmələrini bölüşüb, diqqəti kitabda yer almış hekayələrin əsas mövzularına çəkərək, Mir Cəlalın “Dissertasiya” hekayəsindən bir parçanı səsləndirib.
Tanınmış fransız yazıçı Mişel Kop xüsusilə onu təsirləndirmiş hekayələr və onların süjetləri haqqında danışaraq, A. Məsudun “Dovşanın ölümü” hekayəsini auditoriya üçün oxuyub.
Daha sonra Fransada fəaliyyət göstərən “Kapaz” Nəşriyyat Evi adından çıxış edən Nicat Kazımov, Dilbadi Qasımov, Jan Emmanuel Medina, nəşriyyatın rəhbəri Albert Vak nəşriyyat evinin fəaliyyəti haqqında məlumat veriblər. Tədbirin sonunda çıxışçılar iştirakçıların suallarını cavablandırıblar və qonaqlara furşet təqdim olunub.
Qeyd edək ki, yaxın zamanlarda “XIX əsrdən bu günədək Azərbaycan ədəbiyyatının antologiyası” kitabını Fransanın əksər bölgələrində yerləşən kitabxanalardan və habelə internet üzərindən əldə etmək mümkün olacaq.