Tanınmış tərcüməçi Hamlet Qoca bu gün səhər saatlarında vəfat edib.
Bu barədə ONA-ya mərhumun həyat yoldaşı Tünzalə Qocayeva məlumat verib. O bildirib ki, Hamlet Qoca uzun müddət qaraciyər sirrozundan əziyyət çəkib.
Hamlet Qoca “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.
Hamlet Qoca Mopassanın, Anri Truayanın hekayələrini, Jorj Simenonun “Malular ailəsi” romanını, Fransuaz Saqanın “Salam qüssə”, Ann Flippin “Bir göz qırpımı”, Mari Luiza Verin “Peretin nağılları”, Nikol Villelmanın “Samba və Kinaro”, Andre Moruanın “Fəslin çiçəkləri” (1970), N.Visselmanın “Samba və Kinaro” (1982), “Fransız hekayələri”, Ümmülbanunun “Qafqaz günləri” əsərlərini dilimizə fransız dilindən tərcümə edib. O, “Tam-tamlar ölkəsində” (1971), “Afrikada görüşlərim” (1986), “Üç Afrika səfəri” (1988), “Fransızlar yurdum haqqında” (1990) və s. kitablarının da müəllifidir.
Hamlet Qoca, həmçinin Azərbaycan-Fransa tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Bu səbəbdən də iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Fransanın yüksək “İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülüb.
Xatırladaq ki, Hamlet Qoca Xalq şairi Fikrət Qocanın qardaşıdır.
Allah rəhmət eləsin.