Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Ermənistan MEA Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyanın iddialarına cavab verib.
APA-nın məlumatına görə, direktor qeyd edib ki, Aşot Melkonyan tutduğu vəzifəyə və statusuna uyğun olaraq, problemə elmi yanaşmaq əvəzinə, 44 günlük Vətən müharibəsində qalib Azərbaycan qarşısında kapitulyasiya edən Ermənistanın ifrat dərəcədə siyasiləmiş dairələrinin tarix sahəsindəki vəkili kimi çıxış edir: “İnformasiyadan aydın olur ki, o, dünya və regionun tarixinin obyektiv mənzərəsini göstərmək əvəzinə onu ermənicəsinə siyasiləşdirir, siyasi məsələdə isə diletant səviyyəsinə enir. “Armenpress”in Kəlbəcəri Karvaçar, Sünik (Zəngəzur), Sevan (Göyçə) və Vardenisi (Basarkeçər) Ermənistanın suveren ərazisi kimi təqdim etməsi də eyni dərəcədə siyasiləşdirilib və tamamilə qeyri-elmidir.
İlk əvvəl, Azərbaycan Prezidenti İlham Əliyevin tarixi onamastikaya dair baxışlarının mahiyyəti üzərində dayanmaq istəyirəm. Bu sahədəki baxışlar Prezidentin, ümumiyyətlə tarixi baxışlarının tərkib hissəsidir. Onun tarix sahəsində professionallığı və tarixi faktlardan ən mürəkkəb siyasi məsələlərin həllində istifadə sahəsindəki məharəti nəinki, regional, eləcə də beynəlxalq miqyaslı tədbirlərdə təsdiq olunub. Bunun üçün, Münxen təhlükəsizlik konfransında Prezident İlham Əliyevin Ermənistanın baş naziri ilə debatını yada salmaq kifayətdir (https://president.az/articles/35813). Baş nazirin təkzibedilməz tarixi sənəd və materiallar əsasında fakt qarşısında qoyulduğu yaxşı məlumdur. Bunun müqabilində baş nazirin nəinki, Qarabağ, ümumiyyətlə Ermənistan tarixi haqqında belə kifayət qədər məlumata malik olmadığı aydın oldu. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan, eləcə də region və dünya tarixi haqqında fikirləri əsaslıdır. Azərbaycanın tarixi onamastikası haqqında baxışları elmidir, Ermənistan tərəfindən dəyişdirilmiş Azərbaycan yer adlarının bərpası haqqında fikirləri isə dövlətçilik təcrübəsinin tərkib hissəsidir. 44 günlük müharibənin gedişində mühüm hərbi-siyasi və s. məsələlərlə birgə, toponimikaya dair praktik addımları təsadüfi hesab etmək olmaz. Belə ki, müharibənin gedişində Tərtər rayonunun Madagiz kəndi Suqovuşan, Xocavənd rayonunun Vəng kəndi Çinarlı adlandırılmış və bu siyasət müharibədən sonra da davam etdirilib”.
K. Şükürov bildirib ki, erməni tarixçi tərəfindən Azərbaycan adı və ölkənin keçdiyi tarixi inkişaf konsepsiyası da ciddi şəkildə təhrif edilir: “Azərbaycan və azərbaycanlılar haqqında məsələyə biz, erməni tarixçilərinin də geniş istinad etdiyi akademik Bartoldun tənqidinə həsr etdiyimiz “Akademik Bartoldun səhvi və Stalin mifi, yaxud Azərbaycan və azərbaycanlılar haqqında” məqaləmizdə (https://apa.az/az/xeber/siyasi/xeber_akademik_bartoldun_sehvi_ve_stalin_mifi_-451565) cavab vermişik. Azərbaycanın tarixi coğrafiyası ilə Azərbaycan adlı dövlətin meydana gəlməsinin qarışdırılması anti-Azərbaycan mövqeyində olan bəzi tədqiqatçıların tətbiq etdiyi üsullardandır ki, bu da qeyri-elmi yanaşmadır. Burada da biz bunun şahidi oluruq. 1918-ci ildə Azərbaycan adının qəbul edilməsi, Cümhuriyyətin tarixi haqqı idi və belə də oldu.
Erməni akademik daha bir ciddi səhvə yol verərək, Azərbaycan tarixi əsasında erməni tarixi yaratmağa çalışır. Burada erməni tarixçiliyinin Qafqaz Albaniyası haqqında yanlış konsepsiyasından, guya Kür və Araz çayları arasındakı tarixi Azərbaycan torpaqlarının Şərqi Ermənistan olmasından da irəli gedilir, faktiki olaraq bütün Şimali Azərbaycan Şərqi Ermənistan elan edilir və buradakı tarixi irs erməniləşdirilir.
Erməni akademikin Azərbaycanın əhalisi, tarixi inkişaf mərhələlərinin varisliyi və s. haqqındakı fikirlərinin cəfəng xarakteri bir tərəfə, adi tarixi faktı da dəqiq müəyyən edə bilmir. Buğanın IX əsrdə Osmanlı imperiyasında öldürülməsi qeyd edilir. Görünür, türk xofu bu tarixçini o dərəcədə basır ki, Ərəb xilafəti əvəzinə Osmanlı imperiyası deyir. Halbuki, Osmanlı imperiyasının 1299-cu ildə meydana gəldiyini bilməyən az adam tapılar”.
K. Şükürovun sözlərinə görə, erməni tarixşünaslığında yaradılmış miflərdən biri, yəni Cənubi Qafqazdakı erməni toponimiyasının türkləşdirilməsi məsələsi burada da irəli sürülür: “Tarixi faktlar ilə sübut edilib ki, erməni ünsürü bu regionun yerli əhalisi deyil, gəlmədir. Belə olduğu halda, erməni toponimlərinin dəyişdirilməsi haqqındakı fikir də doğru deyil. Erməni tarixçinin toponimlərin meydana gəlməsi haqqında fikri isə heç bir məntiqə sığmır və onun bəhs etdiyi predmet haqqında bəsit elmi təsəvvürə malik olduğunu nümayiş etdirir. Yazıda qeyd olunur ki, tarixçi həmçinin, göstərilən dövrdə toponimlərin onların aşağı intellektual səviyyəsinə uyğun olaraq, köçərilər üçün tipik primitiv stildə türkləşməsini təsvir edib. Buna da nümunə kimi göstərilir ki, su bulanıqdırsa Qarasu adlandırılır və s. Əslində, bu toponimlərin meydana gəlməsinin qanunauyğunluqlarından biridir. Bu tarixçinin heç olmasa, yunanların İtaliyanı necə adlandırmasından (buzovlar ölkəsi) da xəbəri yoxdur
Erməni tarixçinin məsələnin siyasi tərəfi haqqındakı fikirləri də elmi tərəfi kimi tam yanlış səciyyə daşıyır, Zəngəzur dəhlizi və s. pantürkizm proqramının reallaşdırılması ilə əlaqələndirilir. Zəngəzur dəhlizinin Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrdəki böyük rolu olacağı faktdır. Bununla eyni zamanda, onu yalnız bu iki dövlət ilə əlaqələndirmək, pantürkizm ilə bağlamaq müasir geosiyasi tendensiyadan xəbərsizlik əlamətidir. Bu dəhlizin Ermənistan ilə birlikdə, Rusiya və İran üçün də əlverişsiz olması qeyd edilir. İranın bölgədəki siyasəti məlumdur. Ermənistan və Rusiyanın mövqeyinə gəldikdə, bunun üçün 10 noyabr bəyanatının 9-cu bəndini nəzərdən keçirmək kifayətdir. Orada göstərilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri açılır. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Prezident İlham Əliyev “CNN Türk” müsahibəsində Zəngəzur dəhlizindən bəhs edərkən onun beynəlxalq əhəmiyyətinə toxunaraq demişdir: “Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər”.
Vaxtilə Ermənistana verilən Azərbaycanın tarixi qərbi Zəngəzur torpaqlarının erməni pazı adlandırılması və missiyası haqqındakı fikrin mahiyyəti də elmi düşüncə əvəzinə, bir erməni millətçisinin titulunu deyil, real intellektual səviyyəsini, yaxud faşist münasibətini əks etdirir.
Sonda Prezident İlham Əliyevin Kəlbəcərə səfəri zamanı dediyi bir fikri xüsusi təkrar etmək istəyirəm: “Zaman dəyişir, erməni faşizmi dəyişmir və dəyişməyəcək”.