APA-nın əməkdaşlarının Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfərləri davam edir. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayır. Bu silsilədən növbəti reportajı təqdim edirik:
28 illik işğalın xaraba qoyduğu kəndlər-şəhərlər
Yolumuz 28 ildən sonra erməni işğalından azad olmuş Laçın rayonunadır.
Horadiz şəhərində hərbi və mülki polislər sənədlərimizi yoxladıqdan sonra işğaldan azad olan ərazilərə keçməyimizə icazə verilir.
Cəbrayıl rayonundan keçib, ordan Zəngilanın ərazisinə və Qubadlıya getməliyik. Hər üç rayonun bütün yaşayış məntəqələri ermənilərin 27-28 illik işğalı zamanı xarabalığa çevrilib. Bu səbəbdən də kəndlərin hamısı bir-birinə oxşayır. Kəndlərin adı yazılan lövhələri oxumasaq, bilmək olmur hansı rayonun hansı kəndindəyik.
Əslində, xatirələrim mənə nəyisə xatırlatmaq istəyir, amma heç nə mənə tanış gəlmir. Çünki sonuncu dəfə 28 il əvvəl Şuşadan çıxanda bu yoldan gəlib keçmişdim. Həmin vaxt Şuşa şəhəri gecə səhərə kimi “Alazan” raketləri ilə atəşə tutulmuşdu, ona görə də qərar verilmişdi ki, şəhərdə olan bütün tələbələr - Şuşa Pedaqoji Texnikumu, Kənd Təsərrüfatı Texnikumu və Azərbaycan Pedaqoji İnstitutunun Şuşa Filialının tələbələri şəhərdən çıxarılsın. O vaxt bizim institutdan çox az tələbə qalmışdı. Avtovağzala gəldim, rayonlara çıxacaq bir maşın belə yox idi və məni Pedaqoji Texnikumun tələbələri görüb, onları daşıyan PAZ avtobusa mindirdilər. 8 saatlıq bu yolu ac-susuz və ayaq üstə gəldim. İndi bu yolla geri qayıdıram. Dağıntılar o qədər çoxdur ki, ha baxıram, heç nə tanış gəlmir.
Texnikum tələbəsinin hədiyyəsi
Qubadlının Laçına tərəf son kəndinə - Xəndək kəndinə gəlib çatdıq. Qaranlıq düşüb, gecəni bu xkənddə qalacağımızı deyirlər. Səbəb isə həftənin birinci günü olmasıdır. Məlum olur ki, Laçına getmək üçün həftənin ikinci günü olmalıdır. Çünki Laçın dəhlizindən həftənin tək günləri ermənilər, cüt günləri azərbaycanlılar istifadə edir. Soyuq adamın iliyinə işləyir. Qrupumuzda olan jurnalist həmkarlarım ocaq qalamaq üçün hərəkətə keçir, kimisi rezin təkər, kimisi odun parçası tapıb ocaq qalayır.
Kənddə ancaq Azərbaycan Ordusunun hərbçiləridir. Onlardan da qalmağa yer istəməyin heç yeri yoxdur. Əsgərlərimiz xarabalığa çevrilmiş kəndlərdə çətin vəziyyətdə hərbi xidmət aparır. Bununla belə, heç kim giley-güzar eləmir bu durumdan. Çünki Laçına ilk dəfə ayaq basan mülkü şəxslərdən biri olacağıq. Kimin nəyi varsa, ortaya töküb yedikdən sonra hərə öz maşınında yatmağa çəkilir. Yatmaq istəyirəm, amma gözümə yuxu getmir. 28 il əvvəl gəlib-keçdiyim bu yol kino lenti kimi gözümün önündən keçir. Yadıma düşür ki, son yolçuluğumda texnikumun bir tələbəsi mənə bir kitab hədiyyə etmişdi. Kitabın adı da yadımdadır - “El çələngi”. Elə ordaca evə zəng vurub, “Mənim “El çələngi” adlı kitabım vardı, hanı o” sualıma cavabı yəqin təxmin etdiniz: “Gecənin bu vaxtı neyniyirsən o kitabı?”
Artıq səhər açılıb, amma dağlar bizə hələ günəşi görməyə imkan vermir. Yoğun səsli hərbçinin çağırışına hamı avtomobildən düşür. “Hazırlaşın, yola düşürük” komandası hamının üzünü güldürür. Dağlardan süzülüb gələn buz kimi soyuq suyu üzümüzə vurub özümüzə gəlirik. Görüşə gedən gənclər kimi üst-başımızı səliqəyə salıb, avtomobilimizə minib, karvana qoşuluruq. Maşın karvanımızın sayı gecə artıb. 10-dan artıq hərbi maşında Laçın rayonunun kəndlərində hərbi xidmət aparmaq üçün gedən hərbçilər də qoşulub bu karvana.
Rus sülhməramlısından təlimat
Yola düşürük. Qubadlının Xəndək kəndindən çıxıb, Laçının Güləbirdinə daxil oluruq.
Ürəyim şıltaqlıq edir, həyəcan məni öldürür desəm, yeri var. Yüksəkliyə qalxdıqca günəşi də görürəm. Bu qədər gözəl olduğunu elə bil indi anlayıram. Rusiya sülhməramlı qoşunlarının hərbi postuna çatırıq. Qrup rəhbəri yaxınlaşıb, keçəcək avtomobillər haqqında məlumat verir. Rus zabit 26-dan artıq maşının keçməyəcəyini deyir.
Zabit sürücüləri çağırıb, təlimatlandırır: “Dəhliz boyu avtomobili saxlaya bilməzsən”, “Şəkil çəkə bilməzsən”, “Ermənilərlə qarşılaşanda, əl hərəkəti edə bilməzsən”, “Mübahisəli vəziyyət yaranarsa, susaraq bizim gəlməyimizi gözləməlisən” və s. Avtomobillər sayılır və sülhməramlıların 3 zirehli avtomobilinin biri öndə, biri ortada, biri isə ən axırda bizi dəhlizdən keçirmək üçün yola düşürük.
Dəhlizlə Laçın şəhərinə...
Hündürlüyə qalxdıqca dağların quzey istiqamətlərində yollar buz bağlayıb. Biz isə bunun heç fərqinə baxmırıq. Ancaq acgöz kimi dağlara, meşələrə baxırıq. Baxırıq, amma doymuruq. “Kaş icazə verəydilər, avtomobildən düşüb, bu qarlı dağların havasını içimizə çəkəydik” deyirik. Heç olmasa, bir şəkil çəkdirə biləydik… 1991-ci ilin dekabrında bu yoldan keçəndə avtobusu saxlayıb, qoz ağacının dibindəki - su içdiyim bulağı axtarır gözüm. Amma nə qoz ağacı var, nə bulaq. Ermənilər yol kənarında olan bütün qoz ağacların kəsib. Kəsilən ağacların kötüklərinə baxanda meşələrin son günlərdə qırıldığını anlamaq çətin deyil.
Laçın şəhərinə daxil oluruq. Qarşımıza çıxan erməni maşınlarını sülhməramlıların zirehli texnikaları xəbərdarlıq edərək, yoldan kənara çıxarır, bizim yolumuzu açır. Ermənilərin birinin üzünə baxıram, üzünü yana çevirib, siqaret yandırır. Ermənilərin üzündəki qorxu açıq-aydın sezilir. Mən isə gülümsəyirəm, çünki qalib dövlətin, qalib xalqın nümayəndəsi olmağın qüruru ilə baxıram onların gözünə.
Avtomobillərimizin sürəti 30-40-ı keçmir. Laçın şəhərinin içindən keçdikcə 1992-ci ildə yandırılan və ya sökülüb daşınan evləri görürəm. Salamat qalan evlərin qapı-pəncərəsini isə son günlərdə sökülüb aparıblar. Bir də hər 50-100 metrdən bir yol kənarında erməni xaçları qoyulub.
Sülhməramlı zabitlərin yol kənarında saxlatdığı maşında oturan 4 ermənidən biri, əlini çıxarıb, bizə əl işarəsi etmək istəyir. Digər erməni onun əlinə vurub, pəncərədən içəri salır. Mən bu mənzərəyə ürəkdən gülürəm, onlar isə görməmək üçün üzlərini yana tutur.
Təbiət də ermənilərin soyqırımına məruz qalıb
Dəhliz başa çatır, artıq Azərbaycan Ordusunun nəzarətində olan kəndlərə giririk. Laçın rayonunun Malıbəy kəndində maşından düşüb, dağların təmiz havasını ciyərlərimizə çəkirik. Hər şeyi unutmuşuq, aclığı da, susuzluğu da, soyuğu da... Ancaq başı qarlı dağlara, qayalara baxırıq. Baxdıqca xarabalığa çevrilən kəndlər gözümüzdə cənnət kimi görünür. Gördüyümüz erməni vandallığı isə gözümüzə görünmür.
Malıbəy kəndində taxta elektrik dirəklərinin mişarla kəsilməsi, dəmir dirəklərin sökülməsi, elektrik naqillərinin açılması, su borularının yerin altından çıxarılıb aparılması gözümüzə görünmür. Açığı, bu hadisələr artıq bizi təəccübləndirmir.
Füzuli, Ağdam, Tərtər, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının işğaldan azad olan yaşayış məntəqələrində bundan daha ağır mənzərələr görmüşük. Əsas odur, dağlarımız yerindədir, yenə də ucadır…
Qrup rəhbərimiz xəbər verir ki, işlərinizi yekunlaşdırdıqdan sonra Qarıqışlaq kəndinə gəlin, orda yerləşən hərbi hissədə olacağıq.
- Oldu – deyib - gülümsəyirəm.
- Niyə gülürsən? – qrup rəhbəri soruşur.
- İnana bilmirəm.
- Nəyə?
- Laçında azad gəzməyimə.
- İnan və etiqad elə - deyib, indi də qrup rəhbərimiz gülümsəyir.
Başlayırıq ərazini gözdən keçirməyə. Operatorumuz Ziya soruşur ki, nədən başlayaq?
“Bir bilsəm” deyib, yenə gülümsəyirəm.
Artıq axşam düşür, bir az da cəld hərəkət eləməliyik.
Əvvəlcə, ermənilərin təbiətə qarşı törətdiyi soyqırımından başlayırıq. Kəsilən ağaclara baxanda, üzümüzdəki təbəssümün yerini yenə üzüntü alır. Doğranan təkcə dağlarda, meşələrdə olan ağaclar deyilmiş. Minkənd çayının xüsusilə sağ sahilboyu uzanan bütün meşə zolağı doğranıb daşınıb. Son günlər kəsildiyi də açıq-aşkar görünür.
Kosalar kəndində dağların ətəyindəki monastırı görürəm. Burda evlərin sökülməsi, ağacların kəsilməsi nəticəsində baxanda uzaqlıqda olan - 3-4 kənd sonra salamat qalmış bir tikili varsa, onu görmək mümkündür. Maşına oturub monastıra tərəf yol alırıq. Laçın rayonunun Kosalar kəndindəki “Ağoğlan” monastırına...
“Ağoğlan” monastırı
Məlumatlara görə, “Ağoğlan” monastırının tarixi haqqında yazılmış daş kitabələr müxtəlif illərdə oğurlandığından abidə haqqında yalnız müxtəlif əfsanələr qalıb.
“Ağoğlan” monastırı (və ya “Sisərnəvəng”) Ağoğlan çayının sahilində Laçın şəhərinə yaxın ərazidə, Kosalar kəndində yerləşən, V-VI əsrlərə aid bazilikadır.
Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib. Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb. Monastırın Azərbaycan dilli ədəbiyyatda istifadə edilən adı – “Ağoğlan” monastırı - abidə yaxınlığından keçən kiçik dağ çayının adı ilə əlaqəlidir.
Abidə inşaat kitabəsinə malik deyil. Monastırın ilkin mərhələdə sadə düzbucaqlı formaya malik apsidasız bazilika olduğu ehtimal olunur.
Memarlıq doktoru, professor Gülçöhrə Məmmədova öz araşdırmalarında qeyd edir ki, 844-cü ildə Sisərnəvəg (Ağoğlan) kifayət qədər geniş və məşhur monastır idi ki, onun xidmətçisi bəxşiş sənədində şahid göstərilirdi. Məbədin memarlıq xüsusiyyətləri isə, sözsüz ki, onun inşa tarixinin daha qədim dövrə aid olmasından danışmağa imkan verir. Tədqiqatçının fikrincə, 1613-cü ildə monastırı əhatə edən qala divarları möhkəmləndirilib və tağlı əsas giriş qapısı inşa edilib. Bu haqda məlumatın əks olunduğu kitabə 1989-1992-ci illər arasında Laçın rayonunun Azərbaycan nəzarətində olduğu müddətdə yoxa çıxıb. Əsas kilsə binası və zəng qülləsi 1779-cu ildə təmir edilib. Bu haqda məlumat verən kilsə kitabəsi isə 1967-ci ildə yoxa çıxıb.
XIX əsrdə monastır kilsəsi yaxınlıqdakı Zeyvə kəndinin erməni sakinləri tərəfindən istifadə edilməyə başlanılıb və Müqəddəs Stefan kilsəsi adlandırılıb. Zeyvənin erməni sakinləri 1905-ci ildə erməni-müsəlman qırğınları zamanı kəndi tərk edib və bir daha geri qayıtmayıb. SSRİ dövründə kilsə tarixi abidə kimi mühafizəyə götürülüb.
1999-2000-ci illərdə monastır erməni diasporunun maliyyə dəstəyi ilə əsaslı təmir edilib və 2001-ci ildə açılışı olub. Hər il kilsədə Müqəddəs Georginin şərəfinə bayram keçirilirmiş.
Laçın rayonu 28 il işğal altında qaldığı müddətdə isə ermənilər bu monastırı da özününküləşdirməyə çalışıb. Monastırın divarlarında tarixi-dini abidənin guya ermənilərə məxsus olduğunu əks etdirən daş kitabələr yerləşdirilib. Halbuki kilsənin yerləşdiyi diyar tarix boyu Oğuz və Qıpçaq türklərinin ana yurdu olub. Monastırın tikilmə tarixi də ermənilərin bu iddialarını alt-üst edir. Ermənilər son günlər ərazini tərk edəndə isə yenə monastırda quraşdırılan şamdanları və bəzi tarixi materialları yox ediblər.
Dağılmış qəbiristanlıq
Monastırdan çıxıb üz tuturuq Qarıqışlaq kəndinə. Artıq hava qaralır. Kənardan daşlıq sahəyə oxşayan əraziyə giririk. Əraziyə səpilən daşlara diqqətlə baxanda məzarlıqda olduğumuz məlum olur. Qədim qəbiristanlıqdakı bütün məzarlar demək olar ki, dağıdılıb, sinə və baş daşları aparılıb. Qəbiristanlığın kənarlarındakı ağaclar kəsilərək ərazi düzəngaha çevrilib. Kənddəki məscidi tapmaq istəyirəm.
Zabitlərimiz icazə vermir. “Biz də yeni gəlmişik, “sürpriz” minalar quraşdırmış ola bilər bu səbəbdən sizin həyatınız üçün təhlükəlidir, olmaz!” deyib bizi geri qaytarırlar.
Yaxın kəndlərdə və ya özlərinin gedə bildiyi, yəni təhlükəsiz hesab etdiyi yerlərdə nələr var, onu öyrənməyə çalışıram. Əslində, indi gecdir, gedə bilməyəcəyimi bilirəm, sabaha hazırlıq görürəm.
Açığını deyim ki, bu anadək ac olduğumuzu belə unutmuşduq. Halbuki son yeməyimizi ötən gecə Qubadlıda yemişdik.
Bu yerdə hərbçiyə gələn zəng lap ürəyimizcə olur - Komandir jurnalistləri əsgər yeməyinə dəvət edir. Bu da hərbçi qonaqpərvərliyi. Yollanırıq hərbi hissəyə. Sabah ola xeyir ola…
(ardı var)
Davamında oxuyacaqsınız: Yaxın kəndlərdəki qədim mağaralar, “İstisu”, “Turşsu”, hotel kimi istifadə olunan qədim Həmzə Sultan sarayı...