Amerikada çıxan “Jewish Journal” nəşrində erməni əsirliyində olmuş azərbaycanlı qadın, “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin idarə heyətinin üzvü Dürdanə Ağayevanın məqaləsi dərc olunub.
ONA-nın nəşrə istinadən verdiyi xəbərə görə, məqalədə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bitişik rayonları işğal etməsi və BMT TŞ-nın qətnamələrinə məhəl qoymadan işğal siyasətini davam etdirməsindən, erməni qəsbkarların dinc azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti və mədəni abidələrimizə qarşı törətdiyi vandalizmdən bəhs edir.
“1990-cı ildən başlayan işğal siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və bitişik rayonları Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilib və BMT TŞ-nin qanunsuz hərbi işğalı pisləyən qətnamələrinə baxmayaraq qoşunlarını geri çəkməyib. Mən və ailəm də daxil olmaqla 800 mindən çox insan öz yurd-yuvalarından didərgin düşüb. Ermənilərin el-obamızı işğal edərək törətdiyi qırğınlardan qaçıb canımızı qurtarmaq istəyərkən mən və qardaşım əsir düşdük. Çarəsiz halda erməni işgəncə düşərgələrində qəddarlıq və təhqirə məruz qaldıq”, - deyə məqalədə qeyd edilib.
Məqalədə həmçinin erməni işğalında olan torpaqlarımızın mədəni irsinin məhv edilməsi məsələsinə də toxunulub: “Qarabağ Azərbaycanın poeziya, musiqi və mədəniyyət beşiyi hesab olunur. Ermənilərin işğal olunmuş ərazilərimizdə törətdiyi vandalizm nəticəsində 1891 ədəd maddi və mədəni sərvətimiz, o cümlədən 738 tarixi abidə, 83500 eksponatı olan 28 muzey, 4 şəkil qalereyası, 14 abidə kompleksi məhv edilib.”
Məqalədə dünya ictimaiyyətinin davam etməkdə olan erməni vəhşiliklərinə göz yummamalı olduğu qeyd olunub: “Mədəniyyət dünyaya məxsusdur, itirilən bütün mədəniyyət hamımızın itkisidir”.